| 
								
								 Məlum 
								olduğu kimi, 2012-2013-cü tədris ilindən 
								etibarən respublikanın ümumi təhsil 
								müəssisələrinin V siniflərində işləyəcək 
								müəllimlər yeni fənn kurikulumları tətbiq 
								edəcəklər. Ümumi təhsil sistemində həyata 
								keçirilən məzmun islahatları, yəni yeni fənn 
								kurikulumlarının qiymətləndirmə sisteminin 
								tətbiqi bu sahədə çalışan müəllimlərin bilik 
								səviyyəsinin daha da artırılması ən aktual 
								mövzulardan birinə çevrilmişdir. Bununla bağlı 
								hazırda ölkəmizin təhsil sistemində böyük işlər 
								görülür. Yaranmasından az müddət keçməsinə 
								baxmayaraq bir çox uğurlar əldə edən Mingəçevir 
								şəhər Texniki-humanitar liseyində bu günlərdə 
								keçirilən "dəyirmi masa"da da kurikulum 
								sahəsində görülən işlərdən, bu yeniliklərin 
								şagird və valideynlərə necə çatdırılmasından 
								bəhs edilmişdir. 
								
								Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, 
								respublika Kurikulum Mərkəzinin əməkdaşları, 
								qonşu rayonların məktəb rəhbərləri, habelə 
								Mingəçevir şəhərinin ibtidai sinif müəllimləri 
								iştirak edirdilər.  
								
								Tədbir başlamazdan əvvəl iştirakçılar ayrı-ayrı 
								müəllimlərin dərslərində iştirak etdilər, fənn 
								kabinetlərində oldular, şagirdləri sorğu-suala 
								tutdular. Yeni təlim texnologiyaları sahəsində 
								görülən işlərlə tanışlıq qonaqlarda xoş 
								təəssürat yaratdı. 
								
								Tədbir akt zalında başladı. "Dəyirmi masa"nı 
								açan məktəbin direktoru, respublikanın əməkdar 
								müəllimi Sahib Məmmədov təhsildə aparılan 
								islahatlardan, görülən işlərdən danışaraq 
								bildirdi ki, ölkə başçısı cənab İlham Əliyevin 
								apardığı məqsədyönlü siyasət, təhsilimizə olan 
								diqqət və qayğısı bizi daha yaxşı işləməyə, 
								qarşımıza qoyulan vəzifələri layiqincə yerinə 
								yetirməyə ruhlandırır.  
								
								Bildiyiniz kimi, Azərbaycanın ümumtəhsil 
								məktəblərində həyata keçirilən yeni 
								kurikulumların tətbiqindən 4 il keçir. Bu tədris 
								ilində ibtidai təhsil pilləsi üzrə bu mühüm işə 
								yekun vurulur. Bunun üçün tərəfimizdən xüsusi 
								hazırlıq işləri aparılmış, əldə edilən 
								nəticələrin qiymətləndirilməsi üçün tələb olunan 
								əsas istiqamətlər müəyyənləşdirilmişdir. Milli 
								standartlar əsasında qiymətləndirmə vasitələri 
								hazırlanmışdır. Əldə olunan nəticələr 
								ümumiləşdirilərək müəllim və valideynlərlə 
								birlikdə geniş təhlil olunacaqdır.  
								
								Məktəbin direktor müavini, əməkdar müəllim 
								Rayifə Mürşüdova qiymətləndirmə məsələləri üzrə 
								görülən işlərdən, direktor müavini Sevda 
								İsmayılova "İnformasiya və kommunikasiya 
								texnologiyaları tətbiqi məsələsi"ndən, ibtidai 
								sinif müəllimi Mahiyyə Məmmədli "Fənn 
								kurikulumunun reallaşdırılması təcrübəsi"ndən 
								danışdılar. 
								
								Sonra söz qonaqlara verildi. Bakı Şəhəri üzrə 
								Təhsil İdarəsi Metodik Mərkəzinin direktor 
								müavini Sitarə Məmmədova, respublika Kurikulum 
								Mərkəzinin əməkdaşı Orxan Soltanlı, Mingəçevir 
								Şəhər Təhsil İdarəsinin rəis müavini Leysan 
								Yusifov maraqlı təkliflərlə çıxış etdilər. Onlar 
								bu sahədə liseydə görülən işlər, aparılan 
								islahatlar barədə müşavirə iştirakçılarını 
								məlumatlandırdılar, müəllimləri maraqlandıran və 
								narahat edən məsələlərə aydınlıq gətirdilər.
								 
								
								Sonda liseyin direktoru Sahib Məmmədov müşavirə 
								iştirakçılarına tədbirə qatıldıqlarına görə 
								dərin təşəkkürünü bildirdi.   
								
								
								M.NOVRUZOV |