Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

30 Dekabr 2011 - ¹51

 

Dünya təhsili

 

Belçika Krallığının təhsil sistemi

 
 

Belçika Krallığı

 
   
Ərazisi: 

30528 km2

Əhalisi: 10,8 milyon nəfər
Paytaxtı: Brüssel şəhəri
Dövlət dili: Holland, fransız və alman dilləri
Pul vahidi:  Avro
 

Təhsil sistemi 

Şimal-qərbi Avropada yerləşən və federal dövlət quruluşuna malik Belçika Krallığında əsasən üç dildə-holland, fransız və alman dillərində təhsil verilir. İnzibati baxımdan 3 regiona bölünən ölkədə təhsilin idarə olunması regional təhsil nazirlikləri tərəfindən həyata keçirilir.

Belçikada 2-6 yaşlı uşaqlar məktəbəqədər təhsil müəssisələrinə cəlb olunur. 6 yaşından 18 yaşına qədər bütün uşaqlar üçün təhsil icbari xarakter daşıyır.

6-12 yaşlı uşaqlar ibtidai təhsil, 12-18 yaşlı uşaqlar orta təhsil pilləsində oxuyurlar. Ali təhsilə isə universitetlərdə, politexnik və texniki peşə təhsili məktəblərində yiyələnmək olar.

Ölkə 2004-cü ildə Boloniya prosesinə qoşulduqdan sonra ali məktəblərdə verilən ixtisasların Avropa İttifaqı məkanında tanınması daha da asanlaşıb. Boloniya prosesinə qoşulmazdan əvvəl ölkədə 3 il davam edən qısamüddətli ixtisas proqramları mövcud olub. Elmi  dərəcə almaq üçün 2 il müddətinə universitetdə təhsil almaq tələb olunurdu. Bakalavr və magistr dərəcəsi arasında mövcud olan təhsil pilləsini başa vuranlara lisenziyalı diplom verilirdi.

Federal idarəetmə qurumlarının ali məktəbləri təşkil etmək və diplomların tanınması ilə məşğul olmaq səlahiyyəti var.

Belçikanın ali məktəbləri arasında Antverpen Universiteti, Brüssel Hoqeskul Müstəqil Katolik Universiteti, Gent Universiteti,  Hassel Universiteti, Brüssel Müstəqil Universiteti, Lyöven Katolik Universiteti, Limburq Beynəlxalq Universiteti, Lyoj Universiteti daha nüfuzludurlar.

Magistr dərəcəsinə yiyələndikdən sonra istedadlı tələbələr doktoranturaya qəbul oluna bilərlər. Bu təhsil pilləsində müstəqil elmi tədqiqat işi aparmaq əsas  şərtlərdəndir.

 Belçika üç müxtəlif dildə (holland, fransız və alman dillərində) danışan  regionlardan ibarət olduğuna görə, həmin bölgələrin təhsil sistemləri də müxtəlifdir. Odur ki, təhsil siyasətini 3 regional Təhsil  Nazirliyi yerinə yetirir. 

Məktəbəqədər təhsil 

Qeyd etdiyimiz kimi, Belçikada 2-6 yaşlı uşaqların təlim-tərbiyəsi üçün bağçalar fəaliyyət göstərir. Məktəbəqədər təhsil müəssisələrinin əsas məqsədi  təlimyönümlü oyun vasitəsilə uşaqların idrakının, onların özlərini ifadə etmə və ünsiyyət qurma bacarıqlarının, yaradıcılıq təfəkkürlərinin inkişaf etdirilməsindən ibarətdir.

Məktəbəqədər təhsil müəssisələrində rəsmi qaydada dərs keçilmir və qiymətləndirilmə aparılmır. Məktəbəqədər təhsil icbari xarakter daşımasa da, ölkə üzrə 2-6 yaşlı uşaqların  90 faizindən çoxu müvafiq təhsil müəssisələrinə cəlb olunur.

Bir sıra məktəbəqədər təhsil müəssisələri ibtidai məktəblərlə birgə fəaliyyət göstərir. Belə tədris ocaqlarında məktəbəqədər təhsil müəssisələri və ibtidai məktəblər eyni binalarda yerləşir.

Əhalinin savadlılıq səviyyəsinin yüksəldilməsi məsələsinə ciddi önəm verilən Belçikada xüsusi məktəblər də fəaliyyət göstərir. Belə təhsil müəssisələrində əsasən, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar təhsil alırlar. 

İbtidai təhsil 

Belçikada ibtidai təhsil 6 il davam edir. Bu təhsil mərhələsini başa vuran şagirdlərə ibtidai təhsil haqqında sertifikat təqdim edilir.

İbtidai təhsilə əsasən 6 yaşlı uşaqlar cəlb edilsə də, müəyyən hallarda 5 yaşlı uşaqlar hazırlıqlı hesab edildikdə, I sinfə qəbul edilirlər. İbtidai təhsil hamı üçün ödənişsiz əsaslarla həyata keçirilir.

İbtidai məktəbdə müxtəlif fənlər və dillər öyrədilir. Belçikada hələ ibtidai məktəblərdə dil bacarıqlarına daha çox diqqət yetirilir. Məsələn, I və II sinifdən almanların üstünlük təşkil etdiyi ibtidai məktəblərdə fransız dili, holland məktəblərində fransız dili, fransız məktəblərində isə holland dilinin tədrisinə xüsusi önəm verilir. İbtidai təhsil 3 mərhələdən ibarətdir. İlkin mərhələ I-II, ikinci mərhələ III-IV, üçüncü mərhələ isə V-VI sinifləri əhatə edir. 

İbtidai siniflərdə uşaqlara ev tapşırıqları verilir ki, bu da valideynlərin uşaqların təhsili ilə daha yaxından məşğul olmasına xidmət edir. V sinifdə oxuyan uşaqların hamısı fransız dilini ikinci xarici dil kimi öyrənməyə başlayırlar.

12 yaşda ibtidai təhsili başa vuran şagirdlər orta təhsil mərhələsinə qədəm qoyurlar. İbtidai təhsil mərhələsində əsasən oxu, yazı və riyazi bacarıqlara daha çox diqqət yetirilir. Həmçinin biologiya, musiqi, din, tarix kimi fənlər də tədris olunur. Oxu, yazı və əsas riyazi bacarıqlar kimi fənlərin tədrisi səhər saatlarında aparılır. Günorta saatlarında isə biologiya, musiqi, din, tarix fənlərindən və uşaqların müstəqil işləmələri üçün "özün həll et" adlı tapşırıqlar verilir. 

Orta təhsil 

Belçikada 12-18 yaşlı uşaqlar icbari orta təhsilə cəlb olunur. Şagirdlərə ümumi, texniki peşə, incəsənət və peşə təhsili istiqamətləri üzrə orta təhsil verilir. Orta təhsil ödənişsiz əsaslarla aparılır.  Şagirdlər texniki peşə təmayüllü orta məktəblərdə təhsillərini 16 yaşında başa vura bilərlər.

Milli icmaların üstünlük təşkil etdiyi ərazilərdəki məktəblərdə orta təhsilin ilk illərindən müvafiq olaraq fransız, holland və yaxud da alman dili tədris olunur. Həmin məktəblərdən asılı olaraq holland, fransız və ya ingilis dili xarici dil kimi keçilir.

Orta təhsil dövründə şagirdlərin mütəmadi qiymətləndirilməsi aparılır və məzunlara attestat təqdim edilir. Müəyyən hallarda dərsliklərin alınması valideynlər tərəfindən maliyyələşdirilir.

Texniki peşə təmayüllü məktəblərdə təhsil alan şagirdlər universitet və kolleclərə qəbul olunmaq imkanına malikdirlər. Həmin orta məktəblərdə oxuyan şagirdlər təhsillərini 16 yaşında bitirərlərsə, iş həyatına başlaya bilərlər.

Hər tədris ilinin sonunda şagirdlərin yekun qiymətləndirilməsi aparılır. Belçikanın orta təhsil pilləsində əsas fənlər icbari xarakter daşıyır, digər fənlər isə könüllülük əsasında seçilir.

NATO və Avropa İttifaqının 27 üzvündən biri olan Belçikada Avropa İttifaqının müxtəlif qurumlarında, NATO-nun strukturuna aid təşkilatlarda işləyənlərin və diplomatlarının uşaqları üçün xüsusi məktəblər fəaliyyət göstərir. 

Ali təhsil 

Belçikada ali təhsilin Boloniya prosesinin prinsiplərinə uyğunlaşdırılması məqsədilə aparılan islahatlar bu sahədə ciddi dəyişikliklərə səbəb olub. Ölkənin 2003-cü ildə qəbul olunmuş Ali Təhsil Aktına əsasən ali təhsilin dərəcələri müəyyənləşdirilib. 2004-2005-ci tədris ilindən etibarən ali təhsildə bakalavriat, magistratura və doktorantura pillələri tətbiq edilməyə başlayıb.

Bakalavr dərəcəsinə yiyələnmək üçün 180 Avropa Kredit Transferi (AKT) əldə etmək tələb olunur. Magistr dərəcəsi üçün isə ən azından 60 AKT qazanmaq lazımdır. Bu tələbləri ödəyən məzunların diplomları Avropa ali təhsil məkanının 46 ölkəsində tanınır.

Ali təhsilin kifayət qədər inkişaf etdiyi Belçikanın ən böyük ali məktəbi Levren Universiteti hesab olunur. Bu universitet 14 fakültədən ibarətdir. Təhsil müəssisəsində humanitar fənlər, təbiət elmləri, texnologiya, bio-elm və tibb ixtisasları üzrə mütəxəssislər hazırlanır. Tədris proqramlarının holland və ingilis dillərində aparıldığı universitetdə 26000-dən çox tələbə təhsil alır. Onların 2300 nəfəri dünyanın 100 müxtəlif ölkəsindən olan əcnəbi tələbələrdir. Zəngin maddi-texniki bazası olan ali məktəbin dünya şöhrətli kitabxanasında dörd milyondan çox kitab və 15000-ə yaxın dövri nəşr var.

Belçikada universitetlərlə yanaşı, universitet kolleci də fəaliyyət göstərir. Universitet və universitet kollecində eyni ixtisaslar üzrə tədris proqramları fərqlidir. Yalnız universitetlərdə doktorluq dərəcəsi verilir. Universitet kollecində  isə müəyyən peşə istiqaməti üzrə bakalavr proqramı təklif edilir.

Universitetlər və universitet kollecləri bir-biri ilə yaxından əməkdaşlıq edirlər. Bu əməkdaşlıq elmi tədqiqat sahəsində  daha çox özünü büruzə verir.

Ölkənin ali təhsil müəssisələrinin fəaliyyəti əsasən hökumət tərəfindən tənzimlənir və onların inkişafı üçün lazım olan tədbirlər həyata keçirilir. Odur ki, ali təhsil müəssisələri daha çox təşkilati müstəqilliyə malikdirlər. Bu müstəqillik  maliyyə məsələlərində də özünü göstərir. 

Texniki peşə təhsili 

Belçikada texniki peşə təhsili ümumi təhsil sisteminin tərkibində yer alıb. Qeyd olunduğu kimi, texniki peşə təmayüllü məktəblərdə təhsil alan şagirdlər universitet və kolleclərə qəbul oluna, həmçinin müxtəlif sahələrdə çalışa bilərlər.

İlk texniki və peşə təhsili müəssisələri 1867-ci ildə yaradılıb. 1953-cü ildən sonra isə yeni təhsil sistemi formalaşmağa başladı. Ayrıca fəaliyyət göstərən iki sistemin inteqrasiyasının nəticəsi kimi yaranan orta təhsil və peşə təhsili məktəb şagirdlərinin qarşısında yeni perspektivlər açıb. Bununla da şagirdlərin orta məktəbdən texniki məktəbə, texniki məktəbdən isə peşə təhsilinə keçməsi rəsmiləşdirildi.

1971-ci ildə texniki peşə təhsili sahəsində hökumətlərarası əməkdaşlığa imkan yaradan Elmi Texniki və Tədqiqat Şurası (COST) yaradıldı. Bu qurum peşə bacarıqlarının və Avropa səviyyəsində maliyyələşən tədqiqat işlərinin əlaqələndirilməsinə imkan yaradır. 

Yaşlıların təhsili 

Belçikada yaşlıların təhsilinin üç növü var: sosial stimullaşdırma təhsili, müstəqil öyrənmə və ya distant təhsil, həmçinin yaşlıların əsas təhsili.

Sosial stimullaşdırma nəticəsində alınan təhsil zamanı dinləyicilərə rəsmi sertifikat və ya diplom verilir. Yaşlıların təhsil imkanlarından yararlanan hər kəs lazımi bilikləri əldə edir, əlavə təhsil alır və ya hər hansı bir xarici dili öyrənir.

Sosial stimullaşdırma məqsədilə təhsil verən məktəblər əmək bazarında yaşlıların iş tapma imkanlarını öyrənir, günün tələblərinə uyğun biliklərin tədrisinə üstünlük verir.

Müstəqil öyrənmə təhsilində distant təlim üsulundan da istifadə edilir. Bu təlim üsuluna artan maraq gələcəkdə distant təlimin daha da inkişaf etdiriləcəyini söyləməyə imkan verir.

Yaşlıların əsas təhsilindən də sosial inteqrasiyanın bir növü kimi geniş surətdə istifadə olunur. Bu, hər kəs üçün bərabər təhsil imkanlarının yaradılması və işçi qüvvəsinin bacarıqlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. 

Elmi tədqiqatlar 

Belçika hökuməti elm və innovasiya siyasətinin həyata keçirilməsinə xüsusi diqqət yetirir. 1991-ci ildən etibarən elm və innovasiya siyasəti Belçikanın regional hökumətlərinin fəaliyyətində də aparıcı yer tutur.

2002-ci ildə "Elm və innovasiya" proqramı qəbul olunub. Bununla da elmi tədqiqatlar daha geniş vüsət alıb, bu sahəyə maraq artıb.

Ölkədə fəaliyyət göstərən strateji tədqiqat mərkəzləri müxtəlif istiqamətlərdə tədqiqatların aparılmasını təmin edirlər. Hökumət tərəfindən həmin tədqiqat mərkəzlərinə hər il 25-40 milyon avro yardım olunur.

1928-ci ildə yaradılmış Elmi Tədqiqat Fondu (FNRS) əsasən fransız dilində danışan icma nümayəndələrinin tədqiqat işlərinə təkan verir. Bu təşkilatın dörd  birləşmiş şurası var: Tibbi Tədqiqat, Nüvə Elmi, Kollektiv Əsas Tədqiqat və Aqro-Sənaye Tədqiqatları şuraları.

Onu da qeyd edək ki, tədqiqat təşkilatları əsasən fərdi tədqiqatçılara dəstək verir. Bu qurumlar ixtisaslı elmi işçilər və tədqiqat menecerləri, doktorluq işi müdafiə edən tələbələr üçün qrantlar verir. Qrant üçün ərizə təqdim edən iddiaçılar ekspertlərin rəyi əsasında seçilirlər. İddiaçıların qiymətləndirilməsi milli və əcnəbi elm adamlarından ibarət olan 32 elmi komitə tərəfindən aparılır.

Müxtəlif tədqiqat şuralarının olmasına baxmayaraq, tədqiqat işlərinin böyük əksəriyyəti universitetlərdə aparılır. 

Beynəlxalq əməkdaşlıq 

Belçikada fəaliyyət göstərən çoxsaylı beynəlxalq ali məktəblərdə tədris müxtəlif kurikulumlar əsasında aparılır. Onların əksəriyyəti özəl məktəblər olduğu üçün ödənişlidir. Bu məktəblərin əksəriyyətinin nəzdində məktəbəqədər və ibtidai təhsil müəssisələri də fəaliyyət göstərir.

Təhsil sahəsində beynəlxalq əlaqələrə xüsusi önəm verən Belçika bir çox ölkələrlə ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişafını daim diqqət mərkəzində saxlayır. İlbəil tələbə və müəllim mübadiləsi istiqamətində, elmi əməkdaşlıq sahəsində digər ölkələrlə əlaqələr genişlənir, xüsusilə yüksək intellekt sahiblərinə əlverişli şərait yaradılır. Bütün bunlar ölkənin elmi, sosial-iqtisadi inkişaf dinamikasına olduqca müsbət təsir göstərir, təhsil sahəsinin müasir tələblər səviyyəsinə yüksəlməsini stimullaşdırır. 

Bəşarət MƏMMƏDOV,

Dilrubə BAYRAMOVA 

Yazının hazırlanmasında Belçika Krallığının üç regional  Təhsil Nazirliyinin rəsmi materiallarından istifadə olunub.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov