| 
								
								 Bu 
								günlərdə Bakıdakı Muzey Mərkəzində N.Tusi adına 
								gimnaziyanın 20 illik yubileyi keçirilib. 
								Tədbirdə gimnaziyanın müəllim-şagird kollektivi, 
								Təhsil Nazirliyinin, Almaniyanın, Rusiyanın, 
								Böyük Britaniyanın ölkəmizdəki səfirliklərinin 
								nümayəndələri, valideynlər və digər qonaqlar 
								iştirak ediblər. 
								
								Tədbiri giriş sözü ilə açan gimnaziyanın 
								direktoru Südabə Manafova son illər 
								respublikamızda aparılan təhsil islahatlarından 
								söz açıb. Ölkə Prezidenti cənab İlham Əliyevin 
								təhsilə göstərdiyi diqqət və qayğıdan danışan 
								direktor təhsilimizin dünya təhsil sisteminə 
								sürətlə inteqrasiya etdiyini bildirib. Tədris 
								ocağının yaranma tarixi və fəaliyyəti haqqında 
								iştirakçılara məlumat verən S.Manafova  qeyd 
								edib ki, gimnaziya Azərbaycan və rus bölmələri 
								üzrə 1991-ci ildən fəaliyyətə başlayıb. Məktəbdə 
								ingilis və alman dilləri tədris olunur. 20 il 
								ərzində məktəbin 19 qəbulu və 8 buraxılışı olub. 
								Gimnaziyanı bitirən məzunlar həmişə ən yaxşı 
								göstəricilərlə istər Azərbaycanda, istərsə də 
								xarici ölkələrdəki universitetlərə  qəbul olmuş 
								və öz müvəffəqiyyətli təhsilləri ilə 
								gimnaziyanın adını ucaltmışlar. Hazırda 
								məzunların 30 faizi müxtəlif xarici ölkələrdə 
								təhsil alır. Gimnaziyada tədris olunan 
								fortepiano, rəqs, üzgüçülük və kompüter dərsləri 
								haqqında danışan direktor şagirdlərin hərtərəfli 
								inkişafına hər cür şərait yaradıldığını nəzərə 
								çatdırıb. Qeyd edib ki, məktəbin şagirdləri  əl 
								işləri ilə də seçilirlər. Belə ki, gimnaziya 
								şagirdlərinin əl işləri mütəmadi olaraq 
								sərgilənir. 
								
								Digər çıxış edənlər gimnaziyanın 20 illik 
								fəaliyyətini yüksək qiymətləndirərək pedaqoji 
								kollektivə gələcək işlərində uğurlar 
								arzulayıblar.  
								
								Sonra şagirdlər bir-birindən maraqlı nömrələrlə  
								çıxış ediblər. Azərbaycan, rus, ingilis, alman 
								dillərində mahnılar oxunub, səhnəciklər 
								göstərilib, rəqslər ifa edilib. 
								
								Şagirdlərin  klassik şairlərdən qəzəllər 
								söyləməsi, M.F.Axundzadənin "Müsyö Jordan və 
								Dərviş Məstəli şah" komediyasından bir neçə 
								pərdənin səhnələşdirilməsi, dahi bəstəkarımız 
								Ü.Hacıbəylinin məşhur "Arşın mal alan"  musiqili 
								komediyasından ingilis dilində səhnəciklər 
								göstərməsi xüsusi maraqla izlənilib.  
								
								Həmçinin şagirdlər fortepianoda klassik musiqi 
								parçaları ifa ediblər. Sonda iştirakçılar 
								şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış 
								olublar.  
								
								Niyazi RƏHİMOV |