Dekabrın
22-də Azərbaycan Müəllimlər İnstitutunda "Şöhrət"
ordenli muğam ustası Mənsum İbrahimovla görüş
keçirildi. Tədbir Mənsum İbrahimovun həyat və
yaradıcılığını əks etdirən filmin nümayişi ilə
başlandı.
AMİ-nin rektoru, millət vəkili, professor
A.Naxçıvanlı tədbir iştirakçılarını salamlayaraq
bildirdi ki, Azərbaycan muğamlarını zaman-zaman
yaşadanlar, onu bu günümüzə qədər gətirənlər
böyük hörmətə, şərəf və şöhrətə layiqdirlər. Son
illər məhz Heydər Əliyev Fondunun prezidenti,
millət vəkili, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
ardıcıl və məqsədyönlü fəaliyyəti nəticəsində
Azərbaycan muğamı dünya musiqi xəzinəsinin
incisinə çevrilmişdir. Heydər Əliyev Fondunun
2005-ci ildə həyata keçirdiyi "Azərbaycan
muğamları" layihəsi çərçivəsində 24 virtuoz
muğam ustadının ifaları toplanmış "Qarabağ
xanəndələri" albomu böyük maraqla qarşılanan
dəyərli bir iş olmuşdur. Bu musiqi albomunda yer
almış Qarabağ torpağının yetirməsi Mənsum
İbrahimov bu gün bizim qonağımızdır.
Vurğulandı ki, Mənsum İbrahimovun özünəməxsus
ifa tərzi var. Biz üzünü görmədən də səsindən,
avazından onu tanıyırıq. Çünki artıq onun
mənəviyyatı
muğamlaşıb. Muğam onun taleyidir, dünyaya
baxışıdır. Müğənninin "Rast"ına, "Şur"una, "Qarabağ
şikəstəsi"nə dönə-dönə qulaq asmaqdan doymuruq.
Mənsum İbrahimov gözəl xanəndə olmaqla yanaşı,
həm də opera teatrının solistidir. O, təkcə
Məcnunu yox, "Aşıq Qərib"də Qəribi və "Gəlin
qayası"nda Camalı da yüksək səviyyədə oynayır.
Mənsum İbrahimovun səsi çoxdan ölkəmizin
sərhədlərini aşmışdır. O, xarici ölkələrdə muğam,
xalq və bəstəkar mahnıları ilə yanaşı, "Leyli və
Məcnun" operasının da təbliğində, sevilməsində
böyük xidmətlər göstərmişdir. O, bu gün həm də
sayılıb-seçilən pedaqoqlardan biridir, istedadlı
tələbələri var.
Qeyd edildi ki, Mənsum İbrahimovun əməyi həmişə
dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.
O, 1998-ci ildə "Azərbaycan Respublikasının
əməkdar artisti", 2005-ci ildə "Xalq artisti"
fəxri adlarına layiq görülüb. Prezident
mükafatçısıdır. 2010-cu ildə isə Azərbaycan
Respublikası Prezidenti tərəfindən "Şöhrət"
ordeni ilə təltif olunub.
Görüşdə Mənsum İbrahimov səmimi qarşılanmaya
görə institutun rəhbərliyinə və tədbir
iştirakçılarına minnətdarlığını bildirdi. O, özü
də pedaqoq olduğuna görə Müəllimlər İnstitutunda
olmağının onun üçün xüsusi bir məna kəsb
etdiyini vurğuladı.
Mənsum İbrahimov könül oxşayan mahnılarından və
muğamlarından ifa etdi və eyni zamanda
tələbələrin çoxsaylı suallarını cavablandırdı.
Tədbirdə muğam ustası ilə yanaşı onun
tələbələrindən əməkdar artist Təyyar Bayramov,
Arzu Əliyeva, Günay İmamverdiyeva da öz
məlahətli səsləri ilə çıxış etdilər. |
|