15-26 dekabr tarixlərində Gəncə şəhərində,
Şəmkir, Ağstafa, Qazax, Samux, Goranboy və
Göygöl rayonlarında təlimlər keçirilib. Təhsil
Nazirliyi tərəfindən "Ümumi təhsildə kurikulum
islahatı və onun idarə olunması" layihəsi
çərçivəsində həyata keçirilən "Fənn
kurikulumlarının tətbiqi sahəsində təhsil
işçilərinə peşəkar səviyyəli metodik köməkliyin
təmin olunmasına xidmət edən təlimçilər qrupunun
hazırlanması üçün öyrədici treninqlər" Dünya
Bankının dəstəyi ilə keçirilib.
Təlimlərə Təhsil Nazirliyinin, Təhsil
Problemləri İnstitutunun, Azərbaycan Müəllimlər
İnstitutunun və Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin mütəxəssisləri cəlb olunublar.
10 gün davam edən təlimlər müasir təhsillə bağlı
yanaşmalar, fənn kurikulumlarının strukturu və
məzmunu, müasir kurikulumlar və yeni təlim
strategiyaları, ümumi təhsil sistemində yeni
qiymətləndirmə mexanizmlərinin tətbiqi, yeni
dərsliklərlə və əlavə resurslarla işin
xüsusiyyətləri, dərslərin təhlil edilməsi
mexanizmi, məzmun islahatlarının həyata
keçirilməsində hər təhsil işçisinin məsuliyyət
və vəzifələri bölmələrini əhatə edib. Hər
bölmənin sonunda iştirakçılar ənənəvi və müasir
təlimin xüsusiyyətlərinin təhlilini aparıb,
ümumi və fərqli cəhətləri araşdıraraq fəal
təlimin üstünlüklərini müəyyənləşdiriblər.
Seminarda illik fəaliyyət planının hazırlanması,
kurikulum islahatının tələblərinə uyğun və
nəticəyönümlülük xüsusiyyətlərinin real təlim-tərbiyə
prosesində reallaşdırılması məsələləri müzakirə
olunub. Bu baxımdan məktəb rəhbərlərinin
qarşısına qoyulan tələblər müəyyən edilib,
seminar iştirakçılarının əldə etdikləri bilik və
bacarıqlar qiymətləndirilib.
Elxan CƏFƏROV,
Təhsil Problemləri İnstitutu İlkin Peşə
Təhsilinin İnkişaf Mərkəzinin koordinatoru,
aparıcı elmi işçi |
|