BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK)
tələbələr arasında tədris göstəriciləri,
nümunəvi nizam-intizam, universitetin ictimai
həyatında fəallığı ilə fərqlənən, yoldaşları
arasında xüsusi nüfuza malik olan tələbələrin
müəyyən edilməsi məqsədi ilə təşkil olunan "İlin
ən yaxşı tələbəsi" adlı seçki müsabiqəsinin
qaliblərinin mükafatlandırılma mərasimini
keçirib.
Mərasimi giriş sözü ilə açan Bakı Dövlət
Universitetinin rektoru, akademik Abel
Məhərrəmov belə müsabiqələrin keçirilməsinin
əhəmiyyətindən bəhs edib. Sonra akademik
A.Məhərrəmov "İlin ən yaxşı tələbəsi" adını
qazanmış tələbələri təbrik edib, onları bu fəxri
ada daim sadiq qalmağa və daha böyük
nailiyyətlər əldə etməyə səsləyib.
Tədbirdə Tələbə Həmkarlar İttifaqı Komitəsinin
sədri Daşqın Qənbərov və Tələbə Gənclər
Təşkilatının sədri Məmmədbağır Məmmədov çıxış
edərək 2011-ci ildə həyata keçirilən tədbirlər
və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan
layihələr haqqında məlumat veriblər.
Sonda müsabiqədə qalib olmuş tələbələrə
diplomlar təqdim edilib.
Tədbir bədii hissə ilə yekunlaşıb.
BDU-nun Mətbuat və informasiya şöbəsi |