Ölkəmizdə
informatika və İKT-nin elmi-nəzəri əsaslarının,
müxtəlif problemlərinin, onların həlli
yollarının araşdırılması, inkişaf perspektivləri
və meyillərinin müəyyən edilməsi, o cümlədən
informatika elminin inkişafında dəyərli
töhfələrini verən AMEA İnformasiya
Texnologiyaları İnstitutunda İT ixtisasları üzrə
peşəkar mütəxəssis hazırlığı məsələlərinə xüsusi
önəm verilir. Gənc nəslin yeni cəmiyyətin
tələblərinə uyğun olaraq formalaşması, yeni
biliklərin əldə edilməsi, bir sözlə, milli kadr
hazırlığı siyasətinin uğurla həyata keçirilməsi
istiqamətində məqsədyönlü işlər aparılır.
İnstitutda İT dünyasının aparıcı qüvvələrindən
hesab olunan gənc proqramçılar ordusunun
yetişdirilməsi məsələlərinə də xüsusi diqqət
yetirilir. Proqramlaşdırma, proqramlaşdırma
dilləri ilə bağlı tədrisin aparılması, ölkədə
proqram istehsalı, milli İKT məhsullarının
hazırlanması, proqram mühəndislərinin
yetişdirilməsi, ümumiyyətlə proqram sənayesinin
inkişaf etdirilməsi sahəsində kompleks işlərin
həyata keçirilməsi, bu işlərə dəstək verilməsi
institutun başlıca hədəflərindəndir. Bu məqsədlə
İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya
Mərkəzinin nəzdində İnfoMAS İctimai Birliyi (İnformasiya
Texnologiyaları Mütəxəssisləri Assosiasiyası)
ilə birgə bu sahənin inkişafı məqsədlərinə
xidmət edən "Gənc Proqramçılar Məktəbi"
yaradılıb. Mərkəzin rəhbəri Bakı Dövlət
Universitetinin dosenti, fizika-riyaziyyat
elmləri namizədi, Təhsil Nazirliyi Elmi-Metodik
Şurasının "İnformatika və kompüter texnologiyası"
bölməsinin sədri, beynəlxalq informatika
olimpiadalarında Azərbaycan komandasının rəhbəri
Ramin Mahmudzadədir.
Qeyd etmək lazımdır ki, Ramin Mahmudzadə hələ
1970-ci illərin əvvəlində məktəblilər üçün ilk
proqramlaşdırma sinifləri yaradıb (Bakı şəhəri
164 və 134 nömrəli orta məktəblərdə). 80-ci
illərdə isə indiki Bakı Dövlət Universitetində "Gənc
Proqramçılar Məktəbi" yaradıb və 5 il həmin
məktəbin işinə rəhbərlik edib.
Alim və yüksək ixtisaslı proqramçıların
rəhbərliyi ilə proqramlaşdırma üzrə yeni
biliklərin tədrisi, bilik və savadın
təkmilləşdirilməsi, informatika elminə maraq və
həvəs göstərən gənclərlə, həmfikirlərlə birgə
öyrənmək və yaradıcı işlə məşğul olmaq,
mütəxəssislərlə real interaktiv ünsiyyətin
qurulması, o cümlədən Azərbaycanın beynəlxalq
müsabiqələrdə layiqli təmsil olunması üçün
peşəkar proqramçıların yetişdirilməsi "Gənc
Proqramçılar Məktəbi"nin əsas hədəflərindəndir.
"Gənc Proqramçılar Məktəbi"nə qəbul V-VIII
siniflərdən başlayır. Lakin yuxarı sinif
şagirdləri və tələbələrin də müraciət etməsinə
məhdudiyyət qoyulmayıb.
Bu gün əmək bazarında böyük tələbatın olduğu və
daha çox dəyər verilən proqramçılıq peşəsinin
incəliklərinə bələd olmaq üçün bu sahənin
mənimsənilməsinə kiçik yaşlarından başlamaq
lazımdır. Adətən valideyn və uşaqlar peşə seçimi
haqqında yuxarı siniflərdə düşünməyə başlayırlar.
Proqramçılıq peşəsi ilə tanışlıq, alqoritmik
təfəkkürün inkişaf etdirilməsinə 12-13
yaşlarından başlamaq daha məqsədəuyğundur.
Mütəxəssislər proqramçılığın təkcə İT sahəsində
deyil, istənilən sferada səmərəli nəticələrin,
uğurun əldə edilməsində mühüm rol oynadığını
bildirirlər. Belə ki, bu sahədə əldə edilən
bilik və bacarıq düzgün və operativ qərarların
qəbulu baxımından mühüm əhəmiyyət kəsb edir.
Məktəbdə şagirdlərin hazırlığı üçün hər cür
şərait yaradılıb. Dərs otaqları qabaqcıl
informasiya texnologiyaları, e-lövhə və s.
zəruri texniki avadanlıqlarla təchiz olunub, o
cümlədən İnternetə yüksək sürətli çıxış
imkanları təmin olunub.
Əsas devizi "Proqramlaşdırmanı öyrənmək üçün
proqramlaşdırmaq lazımdır" olan məktəbə qəbul
isə seçim əsasında aparılır. Gələcəyin
proqramçısı, ilk növbədə, məntiqi və riyazi
təfəkkür qabiliyyətinə malik olmalıdır ki, ilkin
mərhələdə də məhz bu bacarıqlar yoxlanılır.
İlkin qruplara qəbul olunmaq üçün informatika və
proqramlaşdırma sahəsində biliklər tələb olunmur.
Tədris kursu çərçivəsində şagirdlərə proqram
təminatlarını evdə quraşdırmaq üçün əlavə
materiallar da verilir. Məlumat üçün bildirək ki,
hazırda məktəbdə C++, Java, Piton
proqramlaşdırma dillərinin tədrisi üçün qrup
yığılır.
Ülviyyə RZAYEVA |
|