Bir neçə ildir, IX və XI siniflərdə
mərkəzləşdirilmiş buraxılış imtahanları
keçirilir. Təhsil sahəsində ölkəmizdə aparılan
islahatların tərkib hissəsi kimi keçirilən
mərkəzləşdirilmiş buraxılış imtahanları zamanın
tələbidir və onun getdikcə daha da təkmilləşməsi,
məzmun və formaca yeniləşməsi, təhsilin
inkişafına müsbət təsiri zaman-zaman üzə çıxır.
Xüsusi olaraq qeyd etmək istəyirəm ki,
eksperiment kimi bu prosesin Sumqayıtın təhsil
sistemində öncədən tətbiqi şəhərimizə etimadın
nəticəsidir. Təbii ki, hər bir yenilik müəyyən
çətinliklər, problemlər yaradır, tənqid
həvəskarlarını yeni "ideyalarla" silahlandırır,
problemin həlli yollarında müxtəlif ideyaları
çarpazlaşdırır. Mərkəzləşdirilmiş qaydada
keçirilən buraxılış imtahanları da həmin
yollardan keçərək bu günə gəlib çıxıb.
Mərkəzləşdirilmiş qaydada buraxılış
imtahanlarının mütərəqqi cəhətləri çoxdur və
onun dünya təcrübəsinə daha da uyğunlaşdırılması
istiqamətində görülən işlər göz qabağındadır. Bu
məqalədə biz daha çox mərkəzləşdirilmiş qaydada
keçirilən buraxılış imtahanlarının davamlı
təhsildə əhəmiyyətindən danışmaq istəyirik.
Mərkəzləşdirilmiş qaydada aparılan imtahanları
hər şeydən əvvəl öyrənənlər üçün həm bilik, həm
texniki sənədləşdirmə cəhətdən qəbul
imtahanlarına ilkin hazırlıq mərhələsi saymaq
olar. Bu imtahanlar öyrənənləri illərlə hər
birimizin rastlaşdığı subyektiv münasibətin
qeyri-obyektiv nəticələrindən xilas edir,
imtahan verən hər bir şagirdin real biliyinin
nəticələrini ortaya qoymağa şərait yaradır. Ən
əsası da odur ki, istər IX, istərsə də XI sinif
şagirdlərini dəfələrlə müxtəlif fənlərdən
keçirilən imtahanların psixoloji stresindən
xilas edir.
İlk zamanlarda müəyyən qısqanclıqla qarşılanan
mərkəzləşdirilmiş buraxılış imtahanları artıq
bir neçə ildir respublikanın bütün məktəblərini
əhatə edir; getdikcə təkmilləşir və nəticə
etibarı ilə özünü doğruldur.
Vahid qiymətləndirmə vasitələrindən istifadə bu
sahədə uzun illər mövcud olan boşluğu,
sistemsizliyi aradan qaldırdı. Test
tapşırıqlarından istifadə şagirdin ayrı-ayrı
fənlər üzrə aldığı bilikləri nə dərəcədə
mənimsəməsini yoxlamaq üçün çox əlverişli
vasitədir.
Bizim 27 nömrəli tam orta məktəbdə də 2005-2006-cı
tədris ilindən mərkəzləşdirilmiş buraxılış
imtahanları aparılmışdır. Məktəbimiz həmin ildən
başlayaraq imtahan mərkəzi kimi bu prosesdə
yaxından iştirak etmişdir. Xüsusi olaraq qeyd
etmək istəyirəm ki, şagird nailiyyətlərinin
qiymətləndirilməsinin məhz mərkəzləşdirilmiş
qaydada aparılması prinsipinə ictimaiyyətin,
valideynlərin və müəllimlərin əksəriyyətinin
fikri müsbətdir və imtahanların bu şəkildə
keçirilməsi çox yüksək qiymətləndirilir. Yeni
texnologiyalara cavab verən qiymətləndirmə
vasitələrində müxtəliflik, rəngarənglik daha
çoxdur, şagirdin məntiqi təfəkkürünü inkişaf
etdirir, qısa vaxt kəsiyində öyrənənlərin bilik
və bacarıqlarını üzə çıxarır. Müşahidələr
göstərir ki, yeni qiymətləndirmə vasitələrinə
şagirdlərin də münasibəti çox yaxşıdır; vaxt
itkisinin qarşısını alır, şagird müxtəlif
günlərdə deyil, 1 gündə 8 fəndən imtahan verərək
psixoloji gərginlikdən, maddi, mənəvi
əzablardan azad olur. Son illərdə istifadə
olunan qiymətləndirmə vasitələrinin məzmununda
və texnologiyasında beynəlxalq qiymətləndirmə
təcrübəsindən yararlanmaq özünü açıq-aydın
göstərir. Şübhə etmirik ki, bu müsbət
tendensiya Azərbaycanın müxtəlif beynəlxalq
qiymətləndirmə proqramlarında iştirakının
təhsilə verdiyi müsbət nəticəsidir.
Buraxılış imtahanlarında istifadə olunan
qiymətləndirmə vasitələri aşağı siniflərdə
qiymətləndirmə aparmaq üçün şablon, nümunə
rolunu oynayır. Yeni qiymətləndirmə
vasitələrinin yeni formasından məktəbimizdə
diaqnostik, formativ, summativ qiymətləndirmədə
ayrı-ayrı fənlərin tədris vəziyyətini yoxlamaq
üçün də geniş istifadə edirik, nəticə də çox
yaxşıdır. Məsələ ondadır ki, cəmiyyətdə yeni
qiymətləndirmə formalarına, mərkəzləşdirilmiş
imtahanlara münasibət müsbət istiqamətdə
getdikcə dəyişir. Müəllimlərin işi daha səmərəli,
məzmunlu olmuşdur. Artıq hər bir öyrədən proqram
materiallarına uyğun test tapşırıqları tərtib
etməyi, ondan səmərəli şəkildə proqram
materiallarını mənimsəmə mövqeyindən istifadə
etməyi özünə borc bilir.
Vaxtı ilə test tapşırıqları haqqında heç bir
məlumatı olmayan müəllimlər yeni qiymətləndirmə
vasitələrinin tətbiqindən sonra artıq dərs
prosesində, gündəlik fəaliyyətində, hər hansı
bir mövzunu keçəndə məzmun standartlarına uyğun
test tapşırıqlarından istifadə edir və yerindəcə
yoxlayırlar. Mərkəzləşdirilmiş buraxılış
imtahanlarına hazırlıq məqsədi ilə IX və XI
siniflərə aid test bankı həm şagirdlərə, həm də
fənn müəllimlərinə faydalı vəsait kimi çox
köməklik göstərir. Biz bu test bankından da
faydalanaraq yuxarı, xüsusən, buraxılış
siniflərində tədris ilində bir neçə dəfə
buraxılış və yoxlama imtahanlarına hazırlıq
məqsədi ilə test yoxlamaları aparırıq. Bu
hazırlığın və test yoxlamalarının nəticəsidir ki,
məzunlarımızın 98-99%-i buraxılış imtahanlarını
uğurla başa vurur.
Bir təklifimiz yəqin ki, təhsil ictimaiyyəti
tərəfindən müsbət qarşılanar: Yaxşı olardı ki,
ildə bir dəfə buraxılış olmayan siniflərdə də
Təhsil Nazirliyi yoxlama imtahanları keçirsin.
Mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış
imtahanlarına məktəbimiz öz fəaliyyətində
məqsədyönlü şəkildə bəhrələnir. Məktəbimizdə
zəngin test tapşırıqları bankı yaradılıb və
ondan səmərəli şəkildə istifadə edilir.
Buraxılış imtahanlarının mərkəzləşdirilmiş
qaydada yeni qiymətləndirmə vasitələri ilə
aparılması şagirdlərin məsuliyyətini xeyli
artırıb, tədrisin keyfiyyətini yüksəldib. Son
illər məktəbimizin nəticələri yüksələn xətlə
inkişaf edir. Ali məktəbə qəbul nəticələri ildən-ilə
artır. Hər il onlarla şagirdimiz 500-700 arası
bal toplayır. Bütün bunların nəticəsidir ki,
Sumqayıt şəhər 27 nömrəli tam orta məktəb
2010-2011-ci tədris ilində keçirilmiş "Ən yaxşı
ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi
olmuşdur.
Ə.MƏMMƏDOV,
Sumqayıt şəhər 27 nömrəli tam orta məktəbin
direktoru |
|