Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

30 Dekabr 2011 - ¹51

 

Yeni il təbrikləri

 

Başa çatmaqda olan 2011-ci il ölkəmizin və xalqımızın həyatında bir sıra əlamətdar hadisələrlə yadda qalmışdır. Əsası Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş balanslaşdırılmış müdrik daxili və xarici siyasət, nəhəng quruculuq işləri onun siyasi varisi, müasir təfəkkürlü siyasətçi və dövlət xadimi, ölkəmizin Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Möhtərəm Prezidentimizin rəhbərliyi altında ölkə həyatının bütün sahələrində düşünülmüş və planlı şəkildə aparılan islahatlar, müxtəlif sahələr üzrə həyata keçirilən çoxsaylı dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələri nəticəsində Azərbaycan nəinki bölgədə, habelə bütün dünyada özünün dinamik inkişaf edən güclü və demokratik ölkə imicini, iqtisadi artım tempinə görə lider mövqeyini qoruyub saxlamış və daha da inkişaf etdirmişdir.

Bu il dövlət müstəqilliyinin bərpasının 20 illiyi yüksək səviyyədə qeyd edilmiş, zaman baxımından o qədər də böyük olmayan bu müddət ərzində qazanılmış böyük uğurlara, müstəqillik yollarında atılmış inamlı addımlara bir daha nəzər salınmışdır. Azərbaycan ölkə vətəndaşlarının əzmkarlığı, yüksək intellektual qabiliyyəti və qurub-yaratmaq həvəsi sayəsində əldə olunmuş möhtəşəm nailiyyətlərini, dövlətimizin ölkənin daha da möhkəmləndirilməsi və vətəndaşların rifah halının yüksəldilməsinə yönəlmiş siyasətində iqtisadi kapitalın insan kapitalına çevrilməsinin prioritet istiqamət təşkil etdiyini bir daha bütün dünyaya nümayiş etdirmişdir.

2011-ci ildə keçirilmiş nüfuzlu beynəlxalq mədəniyyət yarışması olan "Eurovision-2011"də ölkəmizi təmsil edən nümayəndələrin qələbəsi Azərbaycanın dünyada tanınmasına, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə əvəzsiz töhfə vermişdir.

2011-ci ildə xalqımız üçün böyük əhəmiyyətə malik hadisələrdən biri də ölkəmizin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi olmuşdur. Ölkəmizin beynəlxalq aləmdəki yüksək nüfuzunu nümayiş etdirən bu hadisə, həm də dünya birliyinin Azərbaycana olan hörmət və inamını bir daha sübuta yetirir. İnanırıq ki, bu ilin sonlarında möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması haqqında imzalanmış sərəncam qloballaşan dünyada ölkəmizin qazandığı nailiyyətlərin daha da möhkəmləndirilməsi və davamlı inkişafının təmin olunmasında mühüm rol oynayacaqdır.

2011-ci il, sözsüz ki, ölkəmizin təhsil tarixinə də uğurlu il kimi düşəcək. Çünki məhz yola salmağa hazırlaşdığımız 2011-ci ildə təhsil quruculuğu sahəsində aparılan işlər müvəffəqiyyətlə davam etdirilmiş, bir sıra sanballı uğurlara imza atılmışdır. Xüsusən məktəb infrastrukturunun yeniləşdirilməsi sahəsində tədbirlər ardıcıl surətdə aparılmış, il ərzində Bakı şəhərində 70-ə yaxın məktəb əsaslı təmir edilmiş və yeni korpuslar tikilmiş, bölgələrdə 60-a yaxın məktəb təmir edilmişdir. Bütövlükdə isə son illər Azərbaycanda 2161 yeni məktəb binası tikilmiş, əsaslı təmir olunmuş və müasir avadanlıqlarla təchiz edilmişdir ki, bu da təhsil tariximizdə ən əlamətdar hadisələrdəndir.

Məktəb infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun müstəsna xidmətlərini xüsusilə qeyd etmək lazımdır. Fond 2005-ci ildən başlayaraq bu istiqamətdəki fəaliyyətini bu il də davam etdirmişdir. Fondun təşəbbüsü ilə il ərzində xeyli yeni məktəb, bağça binası tikilmiş, yenidən qurulmuş və təmir edilmişdir.

Təhsildə məzmun islahatları davam etdirilmiş, ibtidai təhsil pilləsinin sonuncu - IV sinfində yeni fənn kurikulumlarının tətbiqinə başlanmış, beləliklə təhsilin bu pilləsində məzmun islahatları başa çatmışdır. V-XI siniflər üçünsə eyni məzmunlu sənədlərin hazırlanması istiqamətində son illər aparılan gərgin iş yekunlaşmış, nəticədə həmin siniflər üzrə fənn proqramları (kurikulumlar) hazırlanıb müzakirədən keçirilərək 2011-ci ilin iyununda təsdiq edilmişdir.

Bu il 102 adda 3463170 nüsxə dərslik, metodik vəsait çap olunmuşdur. Tam orta təhsilin təmayüllər üzrə təşkili istiqamətində mühüm addımlar atılmış, Təhsil Nazirliyinin 4 iyul 2011-ci il tarixli 1199 nömrəli əmri ilə bu məqsədlə paytaxtdakı 6 təhsil ocağı pilot müəssisə kimi seçilmiş, onlarda təhsilin təmayüllər üzrə təşkilinə başlanmışdır.

Müstəqil ölkəmizin 20 illik təhsil tarixində ilk dəfə olaraq 2011-ci ildə təhsildə xüsusi nailiyyətlər qazanan tam orta təhsil üzrə məzunlar qızıl və gümüş medallarla təltif olunmuş, 53 şagird qızıl və gümüş medallara layiq görülmüşdür.

Şagirdlərin biliyinin yoxlanılması, ölkədə informatika fənninin tədrisi vəziyyətinin öyrənilməsi, şagirdlərin İKT üzrə bacarıqlarının müəyyən edilməsi və gələcəkdə müqayisəli təhlillər üçün bazanın yaradılması məqsədi ilə 2011-ci ildə ölkə üzrə 200 orta məktəbin IX siniflərində Azərbaycan dili, riyaziyyat və informatika fənləri üzrə Milli Qiymətləndirmə tədqiqatı həyata keçirilmiş və onun nəticələri təhlil olunmuşdur.

Kadr təminatı sahəsində də aparılan işlər davam etdirilmiş, 2010-cu ildən başlayaraq həyata keçirilən və həmin ildə ancaq paytaxt məktəblərini əhatə edən müəllimlərin işə yeni qaydada - mərkəzləşdirilmiş şəkildə üç mərhələli müsabiqə yolu ilə qəbulu mexanizmi daha da təkmilləşdirilmiş və bütün ölkə üzrə tətbiq olunmuşdur. Nəticədə 2011-ci ildə ölkənin ümumi təhsil məktəblərindəki 2177 vakant yerə 1230 nəfərdən çox müəllim işə qəbul olunmuşdur.

Hər il olduğu kimi bu il də Azərbaycan təhsili, çoxminli təhsil işçiləri dövlətin davamlı qayğısı ilə əhatə olunmuş, təhsil işçilərinin sosial rifahının yüksəldilməsi istiqamətində zəruri addımlar atılmışdır. Möhtərəm Prezidentimizin sərəncamları ilə xeyli sayda təhsil işçisi yüksək dövlət təltiflərinə və fəxri adlara layiq görülmüş, artıq dördüncü ildir ki, keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin 50, "Ən yaxşı müəllim" müsabiqəsinin isə 100 qalibinə müvafiq olaraq 10 min və 5 min manat məbləğində birdəfəlik pul mükafatı verilmişdir. Möhtərəm Prezidentimizin bu günlərdə imzaladığı sərəncamla isə təhsil sahəsində çalışanların əməkhaqqı dekabrın 1-dən orta hesabla 10 faiz artırılmışdır.

Ölkəmizdə informasiya cəmiyyətinin qurulmasının və biliklərə əsaslanan iqtisadiyyata keçidin yeni təhsil modelinə tələbatı nəzərə alınaraq möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən 2011-ci il iyulun 11-də "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması haqqında" sərəncam imzalanmışdır. İnanırıq ki, hazırlanmaqda olan yeni proqram sənədi inkişafın innovasiya mərhələsinə keçilməsini, rəqabətə davamlı milli iqtisadiyyatın formalaşdırılması və inkişaf dinamikasının sürətləndirilməsini, başlıca olaraq insan kapitalı ilə bağlı bir çox məsələlərin həllini tapmasını, o cümlədən Azərbaycan təhsilinin dünya standartlarına cavab verməsini təmin edəcəkdir.

Qarşıdan gələn bayramlar - 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bütün xalqımızı, çoxminli təhsil işçilərini  ürəkdən  təbrik  edir, onlara  yeni  ildə  daha  böyük uğurlar və xoş günlər arzulayıram.

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri,
əməkdar elm xadimi, professor


31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bütün dünya azərbaycanlılarını təbrik edir, ən xoş arzularımı çatdırıram.

Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə keçirilən bu əlamətdar tarix ölkəmizin dünya dövlətləri arasında söz sahibinə çevrilməsinə, dünya azərbaycanlıları arasında milli birliyin daha da güclənməsi və təşkilatlanmasına böyük təkan vermişdir. Soydaşlarımızın qarşısında duran vəzifələri dəqiq və aydın müəyyənləşdirən ulu öndərimiz demişdir: "Dünya Azərbaycanlılarının ancaq bir müstəqil dövləti var. Bu, Azərbaycan Respublikasıdır. Biz hamımız onun ətrafında birləşməliyik".

Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diaspor quruculuğu işinə böyük əhəmiyyət verməsi, bu prosesə hərtərəfli yardım göstərməsi nəticəsində xaricdəki həmvətənlərimizin birlik, həmrəylik telləri daha da güclənmiş, onlar müstəqil dövlətimizin təbliği işinə öz layiqli töhfələrini verməkdədirlər. Möhtərəm Prezidentimizin dediyi kimi, "Vətənimizin hüdudlarından kənarda yaşayan soydaşlarımız arasında azərbaycançılıq ideyalarının və milli təəssübkeşlik duyğularının günü-gündən güclənməsi olduqca fərəhləndirici haldır. İndi xaricdəki həmvətənlərimiz məskunlaşdıqları ölkələrin ictimai-siyasi, mədəni və işgüzar həyatında getdikcə öz mövqelərini genişləndirir, Azərbaycanın dünyada tanıdılmasına, mədəniyyətimizin təbliğinə sanballı töhfələr verirlər".

Ötən ildə  respublikamız bütün sahələrdə böyük uğurlar əldə etmiş, iqtisadi inkişaf dinamikasına görə dünyanın aparıcı dövlətlərindən birinə çevrilmiş, beynəlxalq nüfuzu yüksəlmiş, elmdə, təhsildə, idmanda, mədəniyyətdə möhtəşəm nailiyyətlərə imza atmışdır. Bu uğurlar sırasında Avropanın ən böyük mədəniyyət yarışmasında qələbə və BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü statusunun qazanılması və s. kimi nailiyyətlər vardır. Şübhəsiz ki, bütün bunlar hər bir azərbaycanlı vətəni ilə bağlı qürur hissi doğurur.

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bütün xalqımızı və dünya azərbaycanlılarını bir daha ürəkdən təbrik edir, cansağlığı və səadət arzulayıram.

Abel MƏHƏRRƏMOV,
BDU-nun rektoru,
akademik,
Milli Məclisin deputatı
 


Artıq il ayrıcındayıq: 2011-ci il sona yetir, 2012-ci il öz qədəmlərini qoymaqdadır. Ötən il Azərbaycan xalqının taleyində dərin izlər buraxaraq, yaddaqalan və əlamətdar günlərlə tarixə qovuşur. Ötən il həyatımızın bütün sahələri kimi elm və təhsil sahəsində də böyük uğur və nailiyyətlərin qazanılması ilə tarixə çevrilməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi mütərəqqi və şüurlu siyasət respublikamızın bütün ali təhsil ocaqları kimi, AzTU-nun həyatına da ciddi müsbət təsir göstərmişdir. Belə ki, 2011-ci il universitetimizin kollektivinin yaddaşında istər təhsil və tədrisin yüksəldilməsi, istər maddi-texniki bazanın gücləndirilməsi, istər müasir təlim texnologiyalarının uğurlu tətbiqi, istərsə də beynəlxalq əlaqələrin genişləndirilməsi baxımından uğurlu və əlamətdar bir dövr kimi qalacaqdır.

2011-ci il bizim üçün bir də ona görə əlamətdar oldu ki, Azərbaycanın nüfuzlu ali təhsil ocaqlarından olan, milli kadr hazırlığına, cəmiyyətin elmi-intellektual ruhda inkişafına əvəzsiz töhfələr verən Azərbaycan Texniki Universitetinin 60 illik yubileyi təntənə ilə qeyd olundu. Azərbaycan Respublikasının Prezidenti sənab İlham Əliyevin sərəncamı ilə universitetimizin bir qrup əməkdaşı orden və medallarla, eləcə də yüksək fəxri adlarla təltif olundu. Bunun üçün möhtərəm Prezidentimizə bütün kollektivimiz adından təşəkkür edirik.

Qürur doğuran haldır ki, respublikada texniki elmlərin inkişafında mühüm xidmətləri olmuş görkəmli alim və ziyalıların, tanınmış mütəxəssislərin, dövlət xadimlərinin bütöv bir nəsli bu universitetin məzunlarıdır. Odur ki, on minlərlə insanın taleyində böyük rol oynamış, ayrı-ayrı dövlət qurumları, nəqliyyat, ağır sənaye, energetika müəssisələri üçün layiqli mütəxəssislər hazırlamış AzTU-nun 60 illik yubileyi cəmiyyətdə əlamətdar hadisələrdən biri kimi qarşılandı.

Bu gün ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan, milli ənənələrə və ümumbəşəri dəyərlərə, dünya standartlarına cavab verən təhsil sisteminin formalaşdırılması istiqamətində həyata keçirilən siyasət əzmlə davam etdirilir. Azərbaycanda təhsilin, elmin inkişafı üçün geniş maddi-intellektual resurslar mövcuddur və bundan səmərəli istifadə ölkə rəhbərinin müəyyənləşdirdiyi başlıca prioritetlərdən biridir. Respublikamızın iqtisadi inkişaf tempi, habelə yüksək təhsil, bilik almaqla yaxşı mütəxəssis kimi yetişməyin vacibliyi fikrinin ictimai şüurda getdikcə möhkəmlənməsi milli təhsil sisteminin gələcəyi ilə bağlı kifayət qədər ürəkaçan mənzərə yaradır.

Azərbaycan Prezidenti tərəfindən elm və təhsilə göstərilən yüksək diqqət və qayğı, ümumilikdə bütün sahələrdə qazanılan böyük nailiyyətlər respublikanın nüfuzlu ali təhsil ocağı olan Azərbaycan Texniki Universitetinin professor-müəllim və tələbə heyətini sevindirir və biz bu uğurları rəğbətlə qarşılayırıq. AzTU eyni zamanda elm və təhsil işçiləri qarşısında müəyyənləşdirilən strateji vəzifələrin gerçəkləşdirilməsində sözünü deyir. İnanırıq ki, dövlət başçısının AzTU-ya qayğısı sayəsində 60 yaşlı universitet daha da inkişaf edəcək, dünyanın yüksək reytinqli ali təhsil ocaqları ilə bir sırada dayanacaq, cəmiyyət üçün layiqli kadrların hazırlanması prosesinə bundan sonra da öz töhfəsini verəcəkdir.

AzTU-nun çoxsaylı professor-müəllim heyəti ürəkdən inanır ki, Azərbaycan xalqını firavan gələcəyə aparan bu siyasətin davamlılığı qarşıdakı illərdə də təmin olunacaq, müstəqil respublikamız Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf tempini sürətləndirərək dünyanın qabaqcıl dövlətləri sırasında layiqli yerini tutacaqdır.

Sonda mən, ölkə Prezidenti möhtərəm İlham Əliyev cənabları başda olmaqla bütün xalqımızı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə universitetimizin bütün professor-müəllim heyəti və tələbələri adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir, bütün ailələrə sevinc, xoşbəxtlik, səadət, xalqımıza əmin-amanlıq, firavanlıq diləyirəm. Arzu edirəm ki, Yeni ildə həm təhsil işçilərinin, bütövlükdə Azərbaycan xalqının ən ülvi, ən səmimi, ən böyük arzuları reallığa çevrilsin.  

Havar MƏMMƏDOV,
AzTU-nun rektoru,
texnika elmləri doktoru, professor
 


"İl-ildən gözəl gəlir" - deyimi artıq həyatımızın leytmotivinə çevrilib. Bu leytmotivi əsaslandıran ən tutarlı faktlardan biri ölkə başçısı cənab İlham Əliyevin ölkəmizdə təhsilin, elmin, intellektual sahələrin inkişafına göstərdiyi dövlət  qayğısıdır. Respublika Prezidentinin apardığı məqsədyönlü daxili və xarici siyasət təhsilimizin və elmimizin bu gününə və gələcəyinə böyük nikbinliklə yanaşmağa zəmin yaradır. Prezidentimiz öz çıxışlarında Azərbaycanın seçdiyi yolun düzgün istiqamətini müəyyənləşdirərək deyir: "İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salaraq görürük ki, o ölkələr inkişaf edir ki, orada elmi-texniki tərəqqi sürətlə inkişaf edir, orada təhsilə, elmə, intellektual məhsulların yaradılmasına böyük investisiyalar qoyulur. Azərbaycan bu yolu seçibdir. Biz gələcəyə çox böyük ümidlərlə baxırıq. Çünki bilirik ki, Azərbaycanın gələcəyi bugünkündən də gözəl olacaqdır".

Söylənilən bu məntiqi fikirlərin fonunda görülən genişmiqyaslı işlərin nəticəsidir ki, 2011-ci il oktyabrın 24-ü günü tarix salnaməmizə müstəqil Azərbaycan Respublikasının BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul edilməsi günü kimi daxil oldu. Bu Azərbaycan Prezidentinin, Azərbaycan xalqının, Azərbaycan diplomatiyasının, onun daxili və xarici siyasətinin tarixi qələbəsidir. Möhtəşəm qələbədən dünya azərbaycanlılarının hər birinə pay düşür.

2011-ci il artıq ölkəmizin həyatında, o cümlədən Azərbaycan Tibb Universitetinin həyatında əlamətdar hadisələrlə zəngin olan bir ilə çevrilərək tarixdə təsbitlənir. 2010-cu ildə açılışı olan ATU-nun Tədris Terapevtik klinikası 2011-ci ildə geniş fəaliyyətə başladı. Bu klinika ölkəmizdə tibb təhsilinin, tibb elminin inkişafına güclü təkan verən bənzərsiz maddi-texniki bazaya çevrildi. Klinikada tibb təhsilinin tədrisi ilə yanaşı, tibb elminin hərtərəfli inkişafına və müalicə-profilaktika işlərinin yüksək səviyyədə aparılmasına da xüsusi diqqət yetirilir. Ən müasir avadanlıqlarla təchiz edilmiş dərs otaqları, mühazirə zalları, 400 çarpayılıq palatalar kompüterləşdirilib və dünya standartları səviyyəsində fəaliyyətini davam etdirir.

Azərbaycan Tibb Universiteti uzan illər idi ki, diplomdansonrakı təhsildə, yəni tibbin dar sahələri üzrə yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasında rezidentura sisteminə keçidə səy göstərirdi. Nəhayət, universitetimizin bu arzusu da 2011-ci ildə yerinə yetirilən layihələr sırasına daxil oldu.

Cari ilin sentyabr ayında rezidenturaya ilk qəbul aparıldı. Beləliklə, ATU-nu bitirmiş 300 nəfərə yaxın gənc məzun imtahan müsabiqəsindən keçərək müxtəlif ixtisaslar üzrə rezidenturaya qəbul olundu. Artıq ATU-da rezidentura sistemində məşğələlər başlayıb və rezidentlər böyük həvəslə diplomdansonrakı təhsillərini davam etdirirlər.

Yola saldığımız 2011-ci ildə universitetimiz üçün mühüm hadisələrdən biri də ötən tədris ilində ATU-nun bütün fakültələrində Boloniya prosesinin əsas tələblərindən biri olan kredit sisteminə keçidin başa çatmasıdır.

ATU-nun professor-müəllim heyəti 2011-ci ildə Azərbaycanda və bir sıra xarici ölkələrdə keçirilən beynəlxalq elmi-praktik konfrans və konqreslərdə iştirak edərək elmi məruzələrlə çıxışlar etmiş, beynəlxalq aləmdə Azərbaycanı ləyaqətlə təmsil etmişlər.

Azərbaycan Prezidenti cənab İlham Əliyevi, qədirbilən xalqımızı və müxtəlif səbəblərdən dünyanın hər yerinə səpələnərək vətəndən uzaqlarda yaşayan 50 milyondan artıq dünya azərbaycanlılarını 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni təqvim ili olan 2012-ci ilin mübarək qədəmli gəlişi münasibətilə Azərbaycan Tibb Universitetinin professor-müəllim heyəti və tələbələri adından, eləcə də öz adımdan ürəkdən təbrik edir, hamıya möhkəm cansağlığı, səadət, aydın səma diləyir, torpaqlarımızın işğaldan azad olunması naminə görülən işlərdə böyük uğurlar arzulayıram.

Əhliman ƏMİRASLANOV,
ATU-nun rektoru,
akademik, SSRİ Dövlət mükafatı laureatı,
 Milli Məclisin deputatı


2011-ci il bütövlükdə dövlətimiz üçün uğurlu il olduğu kimi, təhsil sistemimiz, o cümlədən Bakı Slavyan Universiteti üçün də nailiyyətlər ili olmuşdur. Bu dövrdə universitetimizin kollektivi ölkəmizdə aparılan möhtəşəm islahatlara öz töhfəsini verməyə çalışmışdır. Dövlətimiz, Prezidentimiz tərəfindən təhsil sistemi qarşısında qoyulan vəzifələrin icrası, o cümlədən cənab Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində  islahatlar üzrə Dövlət Proqramı"nın müddəalarına uyğun olaraq müxtəlif istiqamətlərdə fəaliyyət göstərilmişdir.

Kadr hazırlığının və elmi tədqiqatların keyfiyyətini yüksəltmək məqsədilə maddi-texniki bazanın gücləndirilməsi, informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi sahəsində iş davam etdirilmişdir. Tədrisin texniki vasitələri laboratoriyası ilə yanaşı, universitet saytında Açıq Təhsil Resursları yaradılmışdır. Hazırda ştrix-kodlaşma texnologiyasından istifadə etməklə kitabxananın tam elektron kataloqu və elektron dərsliklər hazırlanır.  Kafedralar, ETL-lər, kitabxana, oxu zalları, tədris-mədəniyyət mərkəzləri müasir informasiya texnologiyaları ilə təchiz olunmuş və sürətli İnternet xəttinə qoşularaq tələbələrin və müəllimlərin istifadəsinə verilmişdir.

Kadr hazırlığı strukturunun Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının perspektiv tələblərinə və regionların inkişafına dair Dövlət Proqramına uyğunlaşdırılması məqsədilə qəbul planına yenidən baxılmış, 2010-2011-ci tədris ilində "Turizm və otelçilik" adlı yeni ixtisas açılmışdır. 

Bununla yanaşı, yeni fakültə - Jurnalistika fakültəsi, bu fakültə nəzdində jurnalistika nəzəriyyəsi və təcrübəsi, Yeni media və kommunikasiya texnologiyaları kimi yeni kafedralar, "Təhsildə innovasiyalar və yeni təlim texnologiyaları" mərkəzi, Fotolaboratoriya - Muzey yaradılmışdır.

Ötən tədris ilindən BSU Humanitar liseyi və 15 nömrəli məktəbin bazasında yaradılmış BSU Məktəb-lisey kompleksi - ali təhsil sistemimizdə ilk bu tip qurum fəaliyyətə başlamış, 2011-ci ildə MLK-da kafedra sistemi tətbiq olunmuşdur.

Bu il də əsas məsələlərdən biri tələbələrin mənəvi tərbiyəsi, vətəndaş kimi formalaşması, ictimaiyyətin universitet həyatına cəlb edilməsi olmuşdur. Bu məqsədlə "Heydər Əliyev məktəbi" tələbə teleradio studiyasının imkanlarından və materiallarından təlim-tərbiyədə geniş istifadə olunmuşdur. Bütün il ərzində, xüsusən, imtahan sessiyaları dövründə Valideynlər Şurası aktiv fəaliyyət göstərmişdir. Universitetin idarə edilməsində tələbələrin geniş iştirakına şərait yaradılmış, bu məqsədlə bir gün ərzində bütün idarəçiliyi tələbələrin icra etdiyi "Bir günlük xəlifə" tədbiri keçirilmiş, il ərzində isə digər tələbə özünüidarə qurumları ilə yanaşı, tələbələrdən ibarət "Kölgə Kabineti" fəaliyyət göstərmişdir. Tələbələrimiz öz vətəndaşlıq missiyalarını - qaçqın məktəblərində pedaqoji təcrübələrini ləyaqətlə davam etdirmişlər.

BSU-nun beynəlxalq əlaqələri bu il də inkişaf etmişdir. Keçən tədris ilindən bu günə kimi xarici ölkələrin universitetləri ilə 13 yeni müqavilə bağlamışıq. Universitetimiz MAPRYAL (Rus dili və ədəbiyyatı müəllimləri Beynəlxalq Assosiasiyası, Rusiya, Moskva) və Maqna Karta Universitatiumun (İtaliya, Boloniya) üzvü kimi fəaliyyət göstərmiş, TEMPUS-4 layihəsi çərçivəsində proqramda iştirak etmiş, Avropa Şurası və BBC ilə birlikdə Azərbaycanda jurnalistika tədrisinin inkişafına dəstək layihəsi uğurla icra olunmuşdur.

BSU tərəfindən Moskva Dövlət Pedaqoji Unversitetində yaradılmış Azərbaycan dili və mədəniyyəti mərkəzi fəaliyyətini uğurla davam etdirir, bu universitetdə artıq azərbaycanşünaslıq üzrə təhsil alan ikinci qrup formalaşmışdır. Keçən tədris ilində universitetimiz tərəfindən Belarus Dövlət Pedaqoji Universitetində və Ukraynanın Poltava Universitetində də Azərbaycan dili və mədəniyyəti mərkəzləri açılmış və azərbaycanşünaslığın tədrisinə başlanmışdır. BSU-da da yeni mərkəzlər - çex və Belarus tədris-mədəniyyət mərkəzləri açılmışdır. Tədris etdiyimiz xarici dillər sırasına belarus dili də əlavə olunmuşdur.

Bütün bunlar 2011-ci ildəki fəaliyyətimizin yalnız bir qismidir - keçirdiyimiz beynəlxalq konfranslar, qəbul etdiyimiz nüfuzlu ictimai, mədəniyyət və elm xadimləri, tələbələrimizin bilik və idman yarışlarındakı nailiyyətləri, müəllimlərimizin dərc etdirdiyi yeni elmi əsərlər və dərsliklər, nəhayət, magistrantımız və əməkdaşımız Eldar Qasımovun "Eurovision-2011" mahnı müsabiqəsində qələbəsi də bu ili bizim üçün yaddaqalan edəcək.  

Kamal ABDULLAYEV,
SU-nun rektoru,
AMEA-nın müxbir üzvü,
 əməkdar elm xadimi, professor
 


Yola salmağa hazırlaşdığımız 2011-ci il, sözün həqiqi mənasında, Azərbaycan xalqının və dövlətinin həyatında çox uğurlu və əlamətdar bir dövr oldu. Mən bu dövrlə bağlı böyük əhəmiyyət kəsb edən bir neçə hadisəni xüsusi  vurğulamaq istəyirəm.

İlk  olaraq onu qeyd edim ki, bu il öz dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü təntənə ilə qeyd edən xalqımız ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni sahədə böyük uğur və nailiyyətlər qazandı. Onu da qeyd etmək yerinə düşər ki, il ərzində dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü münasibətilə ölkəmizdə və xaricdə bir çox  möhtəşəm tədbirlər həyata keçirildi. Həmin tədbirlərdə  xalqımızın həm  ulu öndər Heydər Əliyevin, həm də onun müdrik dövlətçilik konsepsiyasının  ən layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi altında bu qısa müddət ərzində qazandığı böyük uğur və nailiyyətlərə yüksək qiymət verildi, eyni zamanda müstəqil ölkəmizin parlaq gələcəyinə olan dərin inam və ümidlər  ifadə edildi.

Azərbaycanın 2011-ci ildə  qazandığı sosial-iqtisadi, siyasi uğurlar fonunda belə, may ayında Avropada mötəbər beynəlxalq musiqi tədbiri sayılan "Eurovision-2011" mahnı müsabiqəsində parlaq qələbəmiz xüsusi diqqətə layiqdir və hər birimizin qəlbini və vətəndaşlıq duyğusunu riqqətə gətirdi.  Bu möhtəşəm qələbə xalqımızın dünya miqyasında böyük mədəni uğuru olmaqla yanaşı, həm də çox ciddi siyasi  nailiyyətidir.

Ölkəmizin 2011-ci ildə imza atdığı ən böyük uğur hesab edirəm ki, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi oldu. Bu, dövlətimizin böyük siyasi uğuru, ciddi və vacib diplomatik  qələbəsidir.

Azərbaycan əvvəlki illərdə olduğu kimi, 2011-ci ildə də iqtisadi cəhətdən yüksələn xətlə inkişafını uğurla davam etdirdi. Fərəh doğuran bir haldır ki, hazırda Azərbaycanın Cənubi Qafqaz iqtisadiyyatındakı payı 83 faizə çatmışdır. Azərbaycanın dinamik iqtisadi inkişafına uyğun olaraq ölkəmizin müdafiə qabiliyyəti və hərbi-sənaye potensialı daha da güclənmişdir. Bununla yanaşı, qeyri-neft sektorunun - informasiya-kommunikasiya texnologiyalarının, kənd təsərrüfatının, turizmin və s. inkişafında sanballı nəticələr əldə edildi. Eyni zamanda, ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yüksəldilməsi üçün dövlət səviyyəsində həyata keçirilən əməli tədbirlər də  müvəffəqiyyətlə davam etdirildi.  Bu il Azərbaycan həm də elm, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, idman, bir sözlə, həyatımızın bütün sahələrində ciddi uğurlara nail oldu. Təbii ki, sadaladığımız bu böyük uğur və müvəffəqiyyətlərin qazanılmasında ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da mühüm xidmətləri var və xalqımız, millətimiz onun bu xidmətlərini çox yüksək qiymətləndirir.

Vidalaşmağa hazırlaşdığımız 2011-ci il rəhbərlik etdiyim Azərbaycan Dövlət Pedaqoji Universitetinin kollektivi üçün də əlamətdar bir  dövr oldu. Bu il ölkəmizdə ali elmi-pedaqoji fikrin beşiyi və mərkəzi sayılan ADPU-nun fəaliyyətə başlamasının 90 ili tamam oldu. Pedaqoji Universitet zəngin tarixi inkişaf yolu keçərək hazırda respublikamızın çox nüfuzlu və qabaqcıl elm və təhsil mərkəzlərindən birinə çevrilmişdir.

Mən qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni - 2012-ci il münasibəti ilə xalqımızı başda möhtərəm Prezidentimiz cənab İlham Əliyev olmaqla səmimi-qəlbdən təbrik edir, ölkə Prezidentinə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətində yeni-yeni uğurlar, nailiyyətlər, xalqımıza isə əmin-amanlıq, yüksək rifah, xoşbəxt  və firavan həyat arzu edirəm. 

Yusif MƏMMƏDOV,
ADPU-nun rektoru,
AMEA-nın müxbir üzvü,
əməkdar elm xadimi, professor
 


Hörmətli həmkarlar!

Sizi qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edir, sizə cansağlığı, uzun ömür, peşə və şəxsi fəaliyyətinizdə uğurlar arzulayıram.

Sona çatmaqda olan 2011-ci il də respublikamız və xalqımız üçün əlamətdar olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin nüfuzu bu il daha da artmışdır. Prezidentin bütün sahələrə ayırdığı diqqət və qayğı, ölkə vətəndaşlarının sosial rifahını gücləndirmək yolunda göstərdiyi yorulmaz fəaliyyət ölkəmizi inkişaf etmiş ölkələr sırasına daxil etmişdir. Nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanla bağlı hesabatlarında ölkəmiz yüksək mövqelərdə qərar tutmuşdur. Bu amil hər bir Azərbaycan vətəndaşını sevindirir.

Azərbaycanın öndə gedən ali təhsil müəssisələrindən olan Azərbaycan Dillər Universitetində 2011-ci ildə bir sıra yeniliklər olmuşdur. Belə ki, bu ildən başlayaraq ADU-nun tələbələri buraxılış işləri yazmaqdan və dövlət imtahanlarını verməkdən azad edilmişlər. Bundan əlavə, universitetimizdə ərəbşünaslıq, yaponşünaslıq kimi bir sıra yeni ixtisaslar açılmışdır. Tələbələrimiz respublika səviyyəli olimpiada və müsabiqələrdə ilk yerləri tutmuşlar. Universitetimizin beynəlxalq əlaqələri bu il də inkişaf etmişdir. Universitetimiz TEMPUS, Erasmus Mundus kimi əhəmiyyətli proqramlar çərçivəsində yeni layihələrə qoşulmuşdur. Bu bir daha dövlətimizin təhsilə ayırdığı diqqətin bariz nümunəsi hesab edilə bilər. Bundan əlavə, ayrı-ayrı bölgələrdə orta ümumtəhsil məktəblərinin tikilib istifadəyə verilməsi, pedaqoji kadrların yüksək səviyyədə hazırlanması, xarici ali təhsil müəssisələri ilə tələbə mübadilələrinin yerinə yetirilməsi təhsilimizə xüsusi diqqətin nəticəsidir. 

Hörmətli həmkarlar!

Sizi bir daha təbrik edir, işlərinizdə uğurlar arzulayıram. Əminəm ki, qarşıdan gələn 2012-ci il hər biriniz üçün düşərli olacaqdır. Bayramınız mübarək! 

Səməd SEYİDOV,
ADU-nun rektoru,
professor,
Milli Məclisin deputatı
 


Əziz həmvətənlərimiz!

Azərbaycan  xalqının  milli mənəvi  bütövlüyünü, əzmini təcəssüm etdirən günlərdən biri də 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Ümummilli lider Heydər Əliyevin əbədiyaşar ideyalarına əsaslanan müstəqil dövlətimiz bu gün dünyanın dörd qitəsinə səpələnmiş azərbaycanlıların həmrəyliyinə  nail olmaq üçün böyük bir tarixi missiyanı  layiqincə yerinə yetirir. Vətəndən uzaqda yaşayan soydaşlarımızın həyatın müxtəlif sahələri üzrə münasibətlərini qurmaq, milli özünəməxsusluğunu, kökə bağlılığını qoruyub saxlamaq dövlətimizin xarici siyasətində mühüm istiqamətlərdən biridir.

Bu gün dünyada cərəyan edən qlobal proseslər və  dayanıqlı inkişaf konsepsiyası hər bir millətin tarix səhnəsində öz rolunu göstərmək üçün geniş imkanlar açır. Bəşər sivilizasiyasına dəyərli töhfələr verən Azərbaycan xalqının yüksəlişinin yolu məhz on milyonlarla yurddaşımızın birləşməsindən keçir.  Bu mənada Heydər Əliyev fenomeni hər bir azərbaycanlı üçün fəxr, qürur və iftixar simvoludur. Məhz ulu öndərin təşəbbüsü ilə qeyd olunan azərbaycanlıların həmrəylik günü ümumxalq, ümummilli bayrama çevrilmişdir. "Bizim vəzifəmiz, Azərbaycan dövlətinin vəzifəsi ondan ibarətdir ki, bütün ölkələrdə yaşayan azərbaycanlılara mümkün olan qayğını, diqqəti göstərsin, onların həyatı ilə maraqlansın və dövlətimiz ilə ayrı-ayrı ölkələrdə olan Azərbaycan icmaları arasında əlaqələri daha da inkişaf etdirsin.  Azərbaycanın xaricində yaşayan azərbaycanlılar isə gərək indi müstəqil Azərbaycan ilə daha sıx əlaqələr qursunlar. Bunlar hamısı dünyada olan bütün azərbaycanlıların birliyinin, həmrəyliyinin təmin olunması üçün əsas şərtlərdir" -  deyən ümummilli liderin kursunu möhtərəm Prezidentimiz İlham Əliyev bu gün uğurla davam etdirir.

 Ölkə rəhbəri dövlətçiliyimizin möhkəmləndirilməsində sosial-iqtisadi inkişafla yanaşı, elmi-mədəni potensialın, maddi-mənəvi dəyərlərin qorunmasına xüsusi qayğı ilə yanaşır, insan hüquq və azadlıqlarının müdafiəsi, bir milyondan çox qaçqın və köçkünümüzün taleyüklü problemlərinin həllinə  uzaqgörən siyasəti ilə dəstək olur.

Ölkə rəhbərinin xüsusilə elmin, təhsilin inkişafına qayğısı, bu sahədə aparılan islahatlar elm və təhsil adamlarına yüksək qiymət və  diqqətin təzahürüdür. Humanizm, demokratiya, tədrisin şəxsiyyətyönümlülüyü, milli dəyərlərə hörmət, şəxsiyyətin azad inkişafı və s. bu kimi konseptual prinsiplərə əsaslanan milli təhsil sistemimizin  qurulması   Azərbaycanın  təhsil siyasətinin əsasını təşkil edir. Təhsilin keyfiyyətinin təmin edilməsi, idarəetmənin modernləşdirilməsi, bütün təhsil pillələri üzrə yeni kurikulumların hazırlanması, müəllim hazırlığı və ixtisasartırmanın  təkmilləşdirilməsi, milli təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması və dünya təhsilinə inteqrasiya,  gənclərin xarici ölkələrdə təhsilinə dair dövlət proqramının imzalanması, ali təhsil müəssisələrində akkreditasiya mexanizminin tətbiqi bu gün Azərbaycan təhsilinin ümumavropa təhsil məkanında tanınmasına xidmət edir.

Ölkənin digər ali təhsil müəssisələri kimi, Azərbaycan Müəllimlər İnstitutu da dövlətin təhsil siyasətini öz fəaliyyəti ilə dəstəkləyir, müəllimlərin sosial şəraitinin yaxşılaşdırılması, kadr hazırlığının təkmilləşdirilməsi sahəsində atılan hər bir addımı yüksək qiymətləndirir. Azərbaycan müəllimi əmindir ki, xalqın varlığı və gələcəyi, milli dövlətçiliyimizin əbədi olaraq davam etməsi dünya azərbaycanlılarının  həmrəyliyi və birliyindən asılıdır.

Əziz  həmvətənlərim! Hörmətli elmi elita və dəyərli müəllimlər!

Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edir,  əmin-amanlıq, ailə səadəti, xoşbəxtlik arzulayıram. Gözünüzün nuru, qələminizin mürəkkəbi, ağlınızın ziyası dogma Azərbaycanımıza   uğur, qələbə və işıqlı gələcək bəxş etsin! 

Aqiyə NAXÇIVANLI,
AMİ-nin rektoru,
professor,
Milli Məclisin deputatı
 


2011-ci il Azərbaycan üçün uğurlu illərdən biri oldu. Ölkəmizdə analoqu olmayan iqtisadi inkişaf, demokratikləşmə prosesinin dərinləşməsi, xalqımızın maddi rifah halının yaxşılaşması, bir çox sahələrdə mühüm layihələrin icrası  istiqamətində xüsusi əhəmiyyətə malik oldu. Siyasi çevrələrdə  Azərbaycanın nüfuzu artdı,  ölkəmiz BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi.

Qlobal iqtisadi böhranın bütün dünya iqtisadiyyatına təsir göstərdiyi bir zamanda sona çatmaqda olan ilin yekunlarına görə Azərbaycanın iqtisadi inkişaf göstəricilərinin liderlik səviyyəsində olması və bu faktın dünyanın aparıcı iqtisadi qurumları tərəfindən vurğulanması ölkə başçısı cənab İlham Əliyevin  yürütdüyü sosial-iqtisadi siyasətin uğurlu nəticəsini sübut edir.

Respublika Prezidenti cənab İlham Əliyevin imzaladığı 16 proqramın uğurla həyata keçirilməsi təhsilin keyfiyyət və kəmiyyət baxımından inkişafı üçün imkan yaradıb.

Təhsil müəssisələri infrastrukturunun yeniləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi sahəsində görülən işlər də ürəkaçan oldu. 2011-ci ildə  dövlət vəsaiti hesabına 65 uşaq bağçasında, 54  məktəbdə və 2 məktəbdənkənar təhsil müəssisəsində əsaslı, 23 uşaq bağçasında isə cari   təmir işləri uğurla başa çatdı.

Həmişə olduğu kimi, ötən ildə də dövlətin gənc nəslə diqqət və qayğısı konkret rəqəmlərdə, maddi və mənəvi dəstək formasında əksini tapdı. Nəticədə uşaqlar üçün daha yaxşı təhsil, səhiyyə şəraiti yaradılmaqla, onların sağlam böyüməsi, yüksək təhsil alması imkanları bir qədər də genişləndi.

Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın  təhsil işçilərinə diqqət və qayğısı, məktəbin problem və qayğılarına həssas münasibəti bir çox məsələlərin həllində mühüm vasitə oldu.

İndi Azərbaycan  təhsili sürətlə dünya təhsil sisteminə inteqrasiya edir. Azərbaycan Respublikasının  Prezidenti  cənab İlham Əliyevin  müvafiq  sərəncamına  uyğun  olaraq  keçirilən "Ən yaxşı  ümumtəhsil məktəbi" müsabiqəsində qalib gələn 50 məktəbdən  29-u Bakı şəhərinin məktəbləridir.  "Ən yaxşı müəllim"  müsabiqəsində  isə  Bakı  şəhəri məktəblərinin  49  müəllimi  bu  şərəfli  ada  layiq  görülüb. 

İl ərzində ölkə Prezidenti İlham Əliyevin sərəncamları ilə "Əməkdar müəllim" fəxri adına və "Tərəqqi" medalına layiq görülən təhsil işçiləri arasında paytaxt məktəblərinin çoxlu sayda müəlliminin də yer alması əməyimizə verilən qiymətin təzahürüdür.

İlk dəfə 2007 - ci ildə  Bakı Şəhəri üzrə Təhsil  İdarəsi tərəfindən irəli sürülən və Təhsil Nazirliyi tərəfindən dəstəklənən məktəbli formasına keçid 2011-ci ildə başa çatdı. İlkin mərhələdə  ümumtəhsil məktəblərinin ibtidai  siniflərində tətbiq olunan vahid formaya 5-11-ci sinif şagirdlərinin keçməsi təmin edildi.

2011-ci ildə ali məktəblərə tələbə qəbulunda Bakı məktəblərinin xüsusi çəkisi artıb, məzunlarımızın 47,43 faizi tələbə adını qazanıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsi yarandığı ildə,  2006-cı ildə bu rəqəm  34,79 faiz, 2009-cu ildə isə bu rəqəm 41,99 faiz olub.  Bu isə 5 ildə Bakı  məktəbləri üzrə qəbulun  13 faizdən çox artması  deməkdir. Məzunlarımızdan 545 nəfəri  600-dən, 1899 nəfəri 500-dən yuxarı balla ali məktəblərə daxil olub, 4 nəfər məzunumuz maksimum 700 bal toplayıb.

Müstəqil Azərbaycanın 20 illik təhsil tarixində ilk dəfə olaraq 2011-ci ildə təhsil aldığı müddətdə xüsusi nailiyyətlər qazanan tam orta təhsil üzrə məzunlar qızıl və gümüş medallarla təltif olunub, 53 şagird qızıl və gümüş medallara layiq görülüb. Sevindirici haldır ki, qızıl medala layiq görülənlərdən  14 nəfəri, gümüş medal alanlardan isə 4 nəfəri Bakı şəhəri məktəblərinin  məzunlarıdır.

Sevindirici məqamlardan  biri də paytaxt məktəblərinin şagirdlərinin fənn olimpiadalarında qazandığı uğurların ildən-ilə artmasıdır.  2006-cı ildə qaliblərin sayı 48 nəfər olduğu halda, 2011-ci ildə bu rəqəm 108-ə yüksəlmişdir.

Yaddaqalan hadisələrdən biri də məktəblərimizin İKT sahəsində əldə etdiyi nailiyyətləri təqdim etmək məqsədilə 2011-ci ildə   "İKT-nin tətbiqi - bilik, təcrübə və texnologiya" adlı  təhsil sərgisinin keçirilməsidir ki, bu da ictimaiyyət tərəfindən maraqla qarşılanıb. 

30 iyun 2011-ci ildə paytaxtın möhtəşəm saraylarından biri sayılan "Buta"da tam orta təhsili yüksək qiymətlərlə başa vuran, ictimai fəallığı ilə seçilən, həmçinin yüksək təhsil göstəricilərinə görə qızıl və gümüş medallarla təltif olunan 2010-2011-ci dərs ilinin məzunları ilə  keçirilən "Məzun-2011" tədbiri ciddi ictimai marağa səbəb olmaqla yanaşı, gənclərin milli vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyətə malik oldu.

Əldə olunan uğurlar 2011-ci illə bərabər artıq tarixin bir səhifəsinə çevrildi. İnanırıq ki, 2012 - ci il Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, işğal edilmiş torpaqlarımızın azad edilməsi, həyatımızın ən müxtəlif sahələrində qazanılacaq uğurlar ilə daha yaddaqalan olacaqdır.

Xalqımızı  31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibəti ilə Bakı şəhərinin pedaqoji ictimaiyyəti adından təbrik edir, doğma respublikamızın daha da inkişafı, çiçəklənməsi yolunda hər birimizə əzmkarlıq, hər bir ailəyə firavanlıq və xoş gələcək arzulayıram. 

Nailə RZAQULİYEVA,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri,
əməkdar müəllim
 


Bir neçə gündən sonra tarixə qovuşacaq 2011-ci il ölkəmizin həyatında daha bir uğurlu il oldu. Müstəqilliyimizin bərpa olunmasının 20-ci ildönümünü qeyd etdiyimiz bu ildə beynəlxalq aləmdə Azərbaycanın böyük nüfuzunu, sosial-iqtisadi inkişafımızın yüksək sürətini, həyatımızın bütün sferalarının yeniləşməsini nümayiş etdirən bir çox hadisələrin şahidi olduq. İli başa vuraraq biz bir daha ölməz ümummilli liderimiz Heydər Əliyevi xatırlayır, onun xatirəsi qarşısında baş əyirik. Ölkəmizin bütün uğurlarını təmin etmiş müdrik siyasi strategiyanı həyata keçirən Prezident İlham Əliyevin böyük xidmətlərini qeyd edirik.

Yola salmağa hazırlaşdığımız 2011-ci il universitetimizin kollektivi üçün də uğurlu olmuşdur. Mütəxəssis hazırlığının müasirləşməsi və keyfiyyətinin artırılmasında, tədrisin təkmilləşdirilməsində, universitetimizin beynəlxalq əlaqələrinin genişləndirilməsində, kadr hazırlığının məzmununun yeniləşməsində, habelə informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqində yaxşı göstəricilərə nail olmuşuq. Universitetimiz bir neçə respublika və beynəlxalq səviyyəli konfransa ev sahibliyi etmişdir. Alimlərimiz tərəfindən memarlığa və tikintiyə aid onlarla dərslik, dərs vəsaiti, monoqrafiya yazılıb çap edilmişdir. Avropa Memarlıq Məktəbləri Birliyinə daxil olan universitetimizin tələbə memarlarının layihələri beynəlxalq sərgilərdə nümayiş olunmuş və yüksək diplomlara layiq görülmüşdür.

2011-ci il daha bir mühüm hadisə ilə də bizim universitet üçün əlamətdardır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin "Azərbaycan Memarlıq və İnşaat Universitetinin maddi-texniki bazasının yaxşılaşdırılması haqqında" Sərəncamına əsasən universitetimizdə əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Bu isə tələbə gənclərimizə yaxşı oxumaq, professor-müəllim heyətinə daha yaxşı işləmək, habelə təhsildə daha sürətli modernləşmə və islahatlar aparmaq üçün şərait yaratmışdır.

Qarşıdan yeni il - 2012-ci il gəlir. Bu əziz gündə bütün təhsil işçilərinə, xalqımıza xoş günlər, səadət, əmin-amanlıq arzulayıram! Qoy 2012-ci il bütün xalqımız üçün yeni uğurlar, qələbələr ili olsun! 

Gülçöhrə MƏMMƏDOVA,
AMİU-nun rektoru,
memarlıq doktoru, professor,
Milli Məclisin deputatı

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov