2011-ci ildə dünya ədəbiyyatının görkəmli
nümayəndəsi, dahi Azərbaycan şairi və
mütəfəkkiri Nizami Gəncəvinin 870 illiyi tamam
olmuşdur.
Bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami
yaradıcılığı səkkiz əsrdən artıqdır ki,
xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə
çevrilmişdir. Böyük sənətkarın bütün həyatı və
zəngin ədəbi fəaliyyəti həmin dövrdə təkcə
Azərbaycanın və Qafqazın ən iri şəhəri deyil,
eyni zamanda Yaxın və Orta Şərqin mühüm
mədəniyyət mərkəzi kimi tanınmış Gəncə ilə
bağlıdır. Şair ömrü boyu burada yaşayıb yaratmış
və dünya poeziyasına bir-birindən dəyərli söz
sənəti inciləri bəxş etmişdir.
Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan,
ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə
Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə
zənginləşdirmiş və şeiriyyəti görünməmiş
yüksəkliklərə qaldırmışdır. Mütəfəkkir şairin
məşhur "Xəmsə"si insanlığın mənəvi sərvətlər
axtarışının zirvəsində dayanaraq, dünya
ədəbiyyatının şah əsərləri sırasında layiqli yer
tutur. Qüdrətli söz ustasının bəşəriyyətin bədii
fikir salnaməsində yeni parlaq səhifə açmış
ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi
kamilləşməsinə misilsiz xidmət göstərir. Korifey
sənətkar öz ənənələri ilə seçilən ədəbi
məktəbini yaratmışdır. Nizami Gəncəvinin
dünyanın ən zəngin kitabxanalarını bəzəyən
əsərləri Şərqdə incəsənətin, xüsusən də miniatür
sənətinin inkişafına təkan vermişdir.
Nizami irsi uzun zamandan bəri dünya elmi-ədəbi
fikrinin diqqət mərkəzindədir. Ölkəmizdə dahi
şairin əsərləri dəfələrlə nəşr olunmuş, ədəbi
irsinin öyrənilməsi və tanıdılması sahəsində
xeyli iş görülmüş, çox sayda tədqiqatlar meydana
gətirilmiş, eləcə də dünya nizamişünaslığında
ilk dəfə olaraq əsərlərinin elmi tənqidi mətni
hazırlanmışdır. Bu proseslərin intensiv şəkil
almağa başlaması əsasən Nizami Gəncəvinin anadan
olmasının 800 illik yubileyi ərəfəsinə təsadüf
edir. Dahi şairin yubileyinin dövlət
səviyyəsində qeyd olunması ilə bağlı ilk qərar
1939-cu ildə qəbul edilmiş, lakin İkinci Dünya
müharibəsi səbəbindən yubileyin yalnız 1947-ci
ildə keçirilməsi mümkün olmuşdur. O illərdən
etibarən Nizaminin dövrü, həyatı və yaradıcılığı
ilə bağlı yeni-yeni araşdırmalar aparılmışdır.
Gəncədə dəfn olunduğu yerdə Nizami Gəncəvinin
möhtəşəm məqbərəsi ucaldılmış, xatirəsinin
əbədiləşdirilməsi istiqamətində silsilə
tədbirlər həyata keçirilmişdir.
1970-ci illərdə ümumən respublikamızda klassik
mədəni irsimizin öyrənilməsi baxımından tamamilə
yeni mərhələ başlayır. Həmin mərhələ bilavasitə
xalqımızın ümummilli lideri Heydər Əliyevin adı
ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə qəbul
edilən "Azərbaycanın böyük şairi və mütəfəkkiri
Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini
və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri
haqqında" 1979-cu il 6 yanvar tarixli qərar bu
istiqamətdə kompleks vəzifələr irəli sürərək,
Nizami irsinin və ümumən orta əsrlər Azərbaycan
mədəniyyətinin sistemli araşdırılması üçün geniş
perspektivlər açmışdır. 1981-ci ilin avqust
ayında Nizami Gəncəvinin anadan olmasının 840
illiyi haqqında qərar isə nizamişünaslıqda
əsaslı dönüş yaratmışdır.
Nizami Gəncəvi ilə bağlı son yubiley tədbirləri
ustad sənətkarın 850 illiyi ilə əlaqədar 1991-ci
ildə keçirilməli idi. Lakin ölkədəki dərin
siyasi, iqtisadi və sosial böhran buna imkan
verməmişdir.
Nizami irsinin daim aktual olduğu nəzərə
alınaraq, hazırkı mərhələdə respublikamızda gənc
nəslə mənsub nizamişünas kadrların
yetişdirilməsi, şairin əsərlərinin filoloji
tərcüməsinin təkmilləşdirilərək yenidən nəşrə
hazırlanması və müxtəlif dillərə tərcümə
edilməsi, habelə dünyanın mötəbər kitabxana və
arxivlərində şairin yeni əlyazmalarının üzə
çıxarılması Azərbaycan mədəniyyətinin
öyrənilməsi işində bu gün xüsusilə mühüm
əhəmiyyət daşıyır. Nizami dövrü, ədəbi irsi və
məktəbi problemləri müasir humanitar düşüncənin
tələbləri kontekstində və azərbaycançılıq
məfkurəsi işığında tədqiqini gözləyir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq Şərq
poeziyasının görkəmli nümayəndəsi, dahi
Azərbaycan şairi və mütəfəkkiri Nizami
Gəncəvinin 870 illik yubileyinin layiqincə
keçirilməsini təmin etmək məqsədi ilə
QƏRARA ALIRAM:
1. Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyi, Azərbaycan Respublikasının
Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər
Akademiyası Gəncə Şəhər İcra Hakimiyyəti ilə
birlikdə, Azərbaycan Yazıçılar Birliyinin
təkliflərini nəzərə almaqla, mütəfəkkir şair
Nizami Gəncəvinin 870 illik yubileyinə həsr
olunmuş tədbirlər planını hazırlayıb həyata
keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti
bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 dekabr 2011-ci il |