Riyaziyyat
aylığını yaddaqalan tədbirlərlə qeyd edən təhsil
müəssisələrindən biri də 42 nömrəli tam orta
məktəbdir. Məktəbdə keçirilən "açıq qapı"
günündə Təhsil Nazirliyinin, Bakı Pedaqoji
Kadrların İxtisasartırma və Yenidənhazırlanma
İnstitutunun, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
nümayəndələri iştirak ediblər. Tədbir
iştirakçıları ulu öndər Heydər Əliyevin əziz
xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirin aparıcıları ümummilli lider Heydər
Əliyevin müasir Azərbaycanın qurucusu kimi
misilsiz xidmətlərindən danışıblar.
Sonra qonaqlar rəsmxət, əmək təlimi fənləri ilə
riyaziyyatın inteqrasiyasının nümayiş
etdirildiyi sərgini izləyiblər. Sərgidə
şagirdlərin əl işlərindən ibarət tikmələr,
müxtəlif riyazi füqurlar, riyaziyyata aid divar
qəzetləri və rəsmlər nümayiş etdirilib.
Sonra tədbir iştirakçıları qruplara bölünərək
riyaziyyat fənni üzrə VIII d sinfində Afaq
Bağırova, IX a sinfində Ləman Qaytaranova, IV d
sinfində Nərgiz Nağıyeva, III ç sinfində Züleyxa
Abdullayeva, XI ç sinfində Elnarə Abdullayeva, X
d sinfində Gülnarə Xəlilova, II d sinfində
Rəfiqə Hüseynova və IV ç sinfində Zülfiyyə
Məmmədovanın "açıq dərs"lərini dinləyiblər.
Dərslərdə müasir təlim metodlarından və İKT-dən
geniş istifadə olunub. "Açıq dərs"lərin
müzakirəsində müəllimlərin işi, şagirdlərin
fəallığı yüksək qiymətləndirilib.
"Açıq qapı" günündə təşkil edilən gecədə
məktəbin direktoru Firəngiz Həmidova "Riyaziyyat
aylığı" çərçivəsində rəhbərlik etdiyi müəssisədə
görülən işlərdən danışıb.
Gecədə "Sizə salam gətirmişik" mahnısı ilə
qonaqları salamlayan şagirdlər mahnının
sözlərini mövzuya uyğunlaşdıraraq riyaziyyat
fənninə olan sevgilərini ifadə ediblər. Elmlərin
şahı olan riyaziyyata həsr olunan gecə əsl bilik
nümayişinə, oyun yarışmasına çevrildi. Şagirdlər
dühaların riyazi təfəkkür aləminə səyahət edib,
şeirlərlə bu qədim elmin tarixi barədə
iştirakçılara geniş məlumat veriblər. Sonra
şagirdlər "Zəif bənd" oyunundan və qədim
Hindistanda şahmatın yaranması ilə bağlı maraqlı
səhnəciklər nümayiş etdirərək həmin günü
unudulmaz xatirəyə çeviriblər.
Rəşad ZİYADOV |