Bu
yaxınlarda işıq üzü görmüş izahlı frazeoloji
lüğətlərdən biri F.H.Hüseynov və B.B.Əhmədovun
tərtib etdikləri "Məktəblinin frazeoloji lüğəti"
kitabı Azərbaycan dili materialları əsasında
məktəblilər üçün nəzərdə tutulmuş ilk vəsaitdir.
Əvvəla onu bildirək ki, bu lüğət müəlliflərin
uzun illərdən bəri hazırladıqları çoxcildli
frazeoloji lüğətin əlyazmasından götürülmüş
müxtəsər variantıdır; yəni həmin ifadələrin
içərisindən işlənmə tezliyi daha çox olan,
şagirdlərin yaş və bilik səviyyələrinə uyğun
frazemlərdir. Burada həyatla, mübarizə ilə,
vətənpərvərlik və humanizmlə bağlı, insanda xoş
əhvali-ruhiyyə yaradan frazeoloji vahidlər daha
çoxluq təşkil edir. Bunlar da həmçinin xalqın
adət-ənənəsi, məşğuliyyəti, yaşadığı mühitlə
bağlı olub, onun dünyagörüşünün məhsuludur.
Lüğətə üç minə qədər frazeoloji vahid daxil
edilmişdir (Qeyd edək ki, F.Hüseynovun ölümündən
sonra bu lüğətin ərsəyə gəlməsində və işıq üzü
görməsində BDU-nun professoru B.Əhmədovun
zəhməti daha çoxdur).
Lüğətdə frazemlər ənənəvi olaraq əlifba sırası
ilə verilmişdir. Həmin ifadələrin hər birinin
mənası izah edilmiş, inandırıcı olaraq
Azərbaycan ədəbiyyatından, dövri mətbuatdan
cümlə nümunələri göstərilmişdir.
Dilindən asılı olmayaraq hər bir frazeoloji
lüğətdə polemika doğuran faktlar olduğu üçün
burada da bəzi bu cür hallara rast gəlmək olur.
Belə hallar onunla bağlıdır ki, göstərilən
misallarda məna çalarları həm yazıçının özünün
fərdi üslubunda, həm də ümumxalq danışıq dilində
yaranan ifadələrdə fərqli cəhətlər nəzərə çarpır.
Burada, əlbəttə, xalq dili frazeologiyası öz
zənginliyi ilə fərqlənir: dizə çıxmaq, dodaq
büzmək, dizinə döymək, əlinin içindən gəlmək,
göyə çəkilmək, göz olmaq, yeddi qatından keçmək
və s.
Məlumdur ki, dilçilikdə, adətən, çoxmənalı və
omonim frazeoloji vahidlərin bir-birindən
fərqləndirilməsinin çətinliyi dəfələrlə qeyd
edilmişdir. Bu lüğətdə həmin fərqlərin
dəqiqliyinə çalışılmış, xüsusi işarələrlə əks
etdirilmiş və ifadələrin müxtəlif variantlarına
diqqət yetirilmişdir.
Kitabın əvvəlində lüğətin quruluşu haqqında qısa
məlumat verilmiş, sonda isə frazemlərdə və
onlara aid cümlələrdə işlənmiş çətin sözlərin
izahı, əsərlərindən sitat gətirilmiş
müəlliflərin adlarının ixtisarı qeyd edilmişdir.
Müxtəlif səpgidə tərtib olunmuş sözügedən
lüğətdə somatik frazemlər üstünlük təşkil edir.
Güman edirik ki, "Məktəblinin frazeoloji lüğəti"
nəinki məktəblilər, həmçinin frazeologiya ilə
maraqlanan hər bir kəs üçün çox maraqlı və
dəyərli vəsaitdir.
Nəriman SEYİDƏLİYEV,
filologiya elmləri doktoru |