| 
								
								 Dekabrın 
								15-də Abşeron rəsm qalereyasında  6 yaşlı  Mələk 
								Şəfiyevanın "Mənim rəngli dünyam" adlı fərdi 
								rəsm sərgisi  keçirildi. Tədbiri giriş sözü ilə  
								Nizami rayon  Uşaq- Gənclər  Yaradıcılıq 
								Mərkəzinin direktoru  Lalə  Qəti açaraq qeyd 
								etdi ki, mərkəzin başlıca vəzifəsi dərin  və 
								hərtərəfli biliyə, bacarığa  malik olan, onu 
								daim inkişaf etdirən, müstəqil və  yaradıcı 
								düşünən, yüksək əxlaqi  və mənəvi keyfiyyətləri 
								özündə əks etdirən  insan yetişdirməkdir. 
								Vurğulandı ki, istedadlı uşaq və gənclərin 
								aşkara çıxarılması həmişə diqqətdə saxlanılır və 
								bu istiqamətdə  mərkəzdə  mütəmadi olaraq  işlər 
								görülür, tədbirlər həyata keçirilir.  Mərkəzin 
								üzvləri  rayon, şəhər, respublika və beynəlxalq  
								miqyaslı tədbirlərdə  fəal iştirak  edərək  
								böyük uğur  və nailiyyətlər qazanırlar. Bu gün  
								mərkəzin  6 yaşlı yetirməsi  olan Mələyin  fərdi 
								sərgisi  hamımızı sevindirir. 
								
								Sonra  Təhsil Nazirliyinin Tərbiyə və 
								məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri 
								Ağababa  İbrahimov   nazir  Misir Mərdanovun  
								səmimi təbrikini  mərasim iştirakçılarına 
								çatdırdı,  balaca rəssama  yaradıcılıq uğurları 
								arzuladı.  Bildirdi ki, istedadlı və bacarıqlı  
								uşaqlar üçün  dövlətimiz  tərəfindən hər cür 
								şərait yaradılıb. Sonra A.İbrahimov  balaca 
								Mələyi Təhsil  Nazirliyinin diplomu ilə 
								mükafatlandırdı. 
								
								Mələk Şəfiyeva  2005-ci ildə  Bakı şəhərində 
								anadan olub. 249 nömrəli orta məktəbin I 
								sinfində təhsil alır. Dərs əlaçısıdır. Hələ 
								kiçik yaşlarından şəkil çəkməyə həvəsi onu  uşaq-gənclər 
								yaradıcılıq mərkəzinə, rəsm dərnəyinə  gətirib. 
								Artıq  2  ildir ki, dərnəkdə rəsm sənətinin 
								sirlərini  müəllimi Nərminə Abdullayevadan 
								öyrənir. Xüsusi bacarığı və qabiliyyəti ilə 
								seçilən  Mələk özünü rənglərsiz təsəvvür edə 
								bilmir, öz balaca dünyasına rənglərin gözü ilə 
								baxır. Bu gün   mərkəzin fəxri olan qızcığaz 
								İngiltərə, Çexiya, Polşa, Rusiya, Moldova, 
								Ukrayna, Belarus və sair ölkələrdə  keçirilən 
								beynəlxalq rəsm müsabiqələrində  Azərbaycanı 
								layiqincə təmsil edərək diplomlara layiq  
								görülmüşdür. Azərbaycanın  dövlət 
								müstəqilliyinin bərpasının  20-ci ildönümünə  
								həsr olunan  İctimai televiziyanın elan etdiyi 
								rəsm müsabiqəsində  balaca rəssamın əl işləri  
								diploma layiq görülüb. Mələyin  ən böyük uğuru  
								isə  Çexiyada keçirilən  "Ledicse-2011"  
								beynəlxalq bədii incəsənət  müsabiqəsində  I yer 
								qazanmasıdır. 
								
								İlk dəfə sərgisi keçirilən Mələyin 60-a yaxın əl 
								işi nümayiş olundu. Onun heyvanlar aləmindən 
								bəhs  edən  "Nağıl motivi", "Vəhşi pişik", "Məstan 
								pişik, balaca pişik",  "Tovuz quşu", "Pəhləvan 
								ayı", "Dovşan balaları", "Əlvan balıqlar,  
								təbiət  mövzusuna həsr olunan "Yay  gəldi",  "Gecə 
								mənzərəsi", "Meyvələrlə", "Qız və çiçək", "Bacılar" 
								"Şən yolka", "Payız", "Günəşli hava", "Səhra 
								gəmisi"  və s. sulu boya ilə çəkdiyi rəsmlər göz 
								oxşayırdı. 
								
								Həmin gün mərkəzin "Azəri inciləri"nin vokal 
								qrupu, "Çiçəyim" uşaq teatr studiyasının üzvləri, 
								"Dənizçilər" kolleksiyası, "Bal rəqsləri", milli 
								rəqs qrupunun üzvləri  Mələyi  bu əlamətdar gün 
								münasibətilə öz rəngarəng  proqramları ilə 
								təbrik etdilər. 
								
								Tədbirin sonunda  balaca rəssamın valideynləri 
								çıxış edərək qonaqlara, mərkəzin direktoru Lalə 
								Qətiyə öz təşəkkürlərini bildirdilər. Qeyd 
								etdilər ki, uşaqlarının istedadının aşkara 
								çıxarılmasında mərkəzin böyük rolu olub. 
								
								Bu tədbir bir də onunla əlamətdar və yaddaqalan  
								idi ki, mərkəz üzvlərinin  xarici ölkələrdə 
								keçirilən  müsabiqələrə təqdim olunan 
								yaradıcılıq nümunələrinə verilən qiymətlər məhz 
								burada səsləndi. Necə deyərlər, sevinc  sevincə 
								qarışdı.   
								
								
								Sifai SƏFƏROVA |  |