| 
								
								
								TƏLƏBƏ ANDI  
								
								
								"Mən, 18 nömrəli Bakı Peşə Liseyinin tələbə 
								adını qazanmış yeniyetmə gənc kimi üzərimə düşən 
								bütün məsuliyyəti dərk edərək AND İÇİRƏM: 
								Azərbaycan Respublikasının vətəndaşı olmaqla 
								ölkənin ən ali qanunu - Konstitusiyasına 
								əsaslanaraq, öz hüquq və vəzifələrimi dərk 
								edərək, dövlət və dövlətçiliyə daim sadiq 
								qalmaqla vətən torpaqlarının müdafiəsi və 
								qorunmasına hər an hazır olacaq, bunun üçün var 
								qüvvəmi əsirgəməyəcəyəm. Təhsil 
								qanunvericiliyinin tələblərinə əməl edəcək, ilk 
								peşə - ixtisas təhsilinə lazımı səviyyədə 
								yiyələnəcəyəm. Təhsil aldığım tədris 
								müəssisəsinin daxili intizam qaydalarına riayət 
								edəcək, pedaqoji kollektivin bütün üzvlərinə, 
								eləcə də tələbə həmkarlarıma hörmətlə yanaşacaq, 
								Azərbaycan gəncliyinin adını uca tutacağam. Elmi 
								biliklərə mükəmməl yiyələnmək, ixtisaslı 
								mütəxəssis adını qazanmaq, mənə göstərilən 
								etimadı doğrultmaq üçün potensial imkanlarımdan 
								səmərəli istifadə edəcəyəm".  
								
								
								MÜƏLLİM ANDI 
								 
								
								
								"Mən, Azərbaycan Respublikasının ali qanunu - 
								Konstitusiya aktına əsaslanaraq, 18 nömrəli Bakı 
								Peşə Liseyinin müəllimi kimi, bütün 
								məsuliyyətimlə AND İÇİRƏM: MÜƏLLİM adını daim 
								uca tutmaqla təlim-tərbiyə işini təhsil 
								qanunvericiliyinin tələbləri çərçivəsində həyata 
								keçirəcək, həmkarlarımın, o cümlədən 
								təhsilalanlar və onların valideynlərinin şərəf 
								və ləyaqətinə hörmətlə yanaşacağam. Mümkün 
								neqativ hallara qarşı prinsipial mövqe 
								göstərəcək, qarşılıqlı münasibətlərdə zəruri 
								dözümlülük və səbir nümayiş etdirəcəyəm. Lisey 
								tələbələrinin elmi biliklərə mükəmməl 
								yiyələnməsi, eləcə də gənclərin əsl vətəndaş 
								ruhunda tərbiyələnməsi üçün var qüvvəmi 
								əsirgəməyəcək, potensial imkanlarımdan səmərəli 
								istifadə edəcək, təhsil islahatları sahəsində 
								həyata keçirilən bütün tədbirləri dəstəkləyəcək, 
								elmi biliklərimi daim artıracağam. İlk peşə - 
								ixtisas təhsilinin dinamik inkişafı 
								istiqamətində üzərimə düşən məsuliyyəti tam 
								şəkildə dərk etməklə mənə göstərilən etimadı 
								doğruldacaq, qanunvericilikdə müəllim üçün 
								nəzərdə tutulmuş vəzifə funksiyalarını tələb 
								olunan səviyyədə yerinə yetirəcəyəm".  
								
								
								  
								 Bəllidir 
								ki, ölkə iqtisadiyyatının dinamik inkişafı üçün 
								ən zəruri əhəmiyyət kəsb edən sahələrdən biri, 
								aparıcı ekspertlərin qəti qənaətinə görə isə ən 
								başlıcası, ilk peşə-ixtisas təhsilidir. Müxtəlif 
								ölkələrin inkişaf xronologiyasına nəzər saldıqda 
								açıq-aşkar görmək olur ki, İkinci Dünya 
								müharibəsindən sonra qısa zaman kəsiyində 
								Almaniya iqtisadiyyatının sürətlə yüksəlməsi, 
								Yaponiya kimi qüdrətli bir dövlətin baş verən 
								texnoloji inkişaf proseslərini daim qabaqlaması 
								məhz elə ilk peşə - ixtisas təhsili sahəsinin 
								hesabına baş vermişdir. Cənubi Koreyada əmək 
								fəaliyyəti ilə məşğul olanların böyük 
								əksəriyyətinin texniki peşə təhsili sektorunun 
								hazırladığı kadrlar olduğu da danılmaz faktdır. 
								Fransa və Avstraliya kimi bir sıra ölkələrdə 
								yeni avadanlıq və müasir texnika ilə daha çox 
								təchizat məhz elə həmin sektorun təhsil 
								müəssisələrinin payına düşür. Skandinaviya 
								ölkələrində ilk peşə-ixtisasına yiyələnən 
								gənclərin əmək bazarında daha tez iş yeri 
								tapmaları da dəqiq faktlara istinadən real 
								statistikanın əsasını təşkil edir. Məhz elə bu 
								kateqoriyadan olan kadr potensialı ölkə 
								inkişafının təminatçısı rolunu öz üzərinə 
								götürür, onlar iqtisadı strukturların - 
								işəgötürənlərin daim maraq dairəsində saxlanılır.  
								
								Ötən əsrin 90-cı illərinə, daha dəqiq desək 
								əbədi müstəqillik əldə etdiyimiz dövrədək 
								ölkəmizin texniki peşə təhsili sisteminin 
								keçdiyi tarixi yol, o cümlədən 70-80-ci illərdə 
								bu təhsil pilləsinin durmadan inkişaf 
								etdirilməsi, müəyyən müddətdən sonra bəzi 
								obyektiv və subyektiv səbəblər ucbatından onun 
								real tənəzzülə uğraması, iqtisadi strukturlarla 
								qarşılıqlı əlaqələrin pozulması, bir sözlə, peşə 
								təhsilinin enişli-yoxuşlu yolları barədə çox 
								söhbətlər açılıb, xronoloji qaydada həmin sahə 
								üzrə tarixi inkişaf bir çox mütəxəssislər 
								tərəfindən ciddi təhlil edilib, bu barədə 
								ictimaiyyət lazımınca məlumatlandırılıb. 
								
								Mübaliğəsiz demək olar ki, Azərbaycanın ilk peşə-ixtisas 
								təhsili sistemində ciddi islahatların aparılması, 
								onun müasir inkişaf mərhələsinə qədəm qoyması, 
								təhsil sisteminin digər sahələrində olduğu kimi, 
								ilk peşə-ixtisas təhsili pilləsi üzrə də 
								Azərbaycan Respublikasının Prezidenti cənab 
								İlham Əliyevin "Azərbaycan Respublikasında 
								texniki peşə təhsilinin inkişafı üzrə Dövlət 
								Proqramı 
								
								(2007-2012-ci 
								illər)" sənədini imzaladığı dövrə təsadüf 
								etmişdir. Bu sənəddə dinamik 
								inkişaf etdirilən iqtisadi sekt orun 
								ixtisaslı işçi kadrlarına olan 
								
								real tələbatının ödənilməsi 
								prosesinin əsas strateji inkişaf istiqamətləri 
								müəyyənləşdirilmişdir.
								
								
								Gözlənilən 
								nəticələr 
								elmi əsaslarla proqnozlaşdırılaraq illər üzrə 
								dəqiq tədbirlər planı təsdiqlənmişdir. Proqram 
								qəbul edildikdən dərhal sonra onun icrası üzrə 
								fəaliyyətə başlanılmış, ötən 4 il ərzində 
								nəzərəçarpacaq dərəcədə pozitiv nəticələr əldə 
								edilmişdir. 
								
								Aydın məsələdir ki, ümumi sistem üzrə müsbət 
								tendensiyalara uyğun əldə olunan nailiyyətlər bu 
								pillənin tədris müəssisələrində, başqa sözlə, 
								aşağılarda aparılan məqsədyönlü fəaliyyətlə 
								birbaşa xarakterizə olunur. Məhz elə bu nöqteyi-nəzərdən 
								5 strateji inkişaf istiqamətini (maddi-texniki 
								bazanın möhkəmləndirilməsi; yeni iqtisadi 
								münasibətlərin formalaşdırılması və idarəetmənin 
								optimallaşdırılması; məzmunun müasir tələblər 
								səviyyəsində yeniləşdirilməsi; sistem üçün kadr 
								hazırlığı işinin təkmilləşdirilməsi; ilk peşə-ixtisas 
								təhsilinin ictimai statusunun yüksəldilməsi) 
								özündə cəmləşdirən texniki peşə təhsilinin 
								inkişafı üzrə Dövlət Proqramında nəzərdə 
								tutulmuş işlərin bir tədris müəssisəsi - 18 
								nömrəli Bakı Peşə Liseyi kontekstində konkret 
								faktlara istinadən şərhi ictimaiyyət arasında 
								daha dəqiq təsəvvür yaratmağa imkan verər. 
								Fürsətdən istifadə edərək ünvanımızı (8-ci 
								mikrorayon, H.Hüseynov küç, 17A) 
								xatırladır, bu 
								materialda göstərilən faktlarla əyani tanışlıq 
								üçün oxucularımızın hər birini liseyimizə dəvət 
								edirik. 
								
								Heç kimə sirr deyil ki, fəaliyyət üçün lazımı 
								şərait - baza olmayan yerdə effektiv işdən, 
								pozitiv nəticələrdən söhbət belə gedə bilməz. Bu 
								baxımdan ölkə başçımızın "İlk peşə - ixtisas 
								təhsili müəssisələrinin əsaslı təmirinin təmin 
								edilməsi ilə əlaqədar əlavə tədbirlər barədə" 
								15.09.2010-cu il tarixində imzaladığı sərəncam 
								kollektivimizin bütün üzvləri, eləcə də 1500 
								nəfərə yaxın tələbə və onların valideynləri üçün 
								tarixi əhəmiyyət kəsb etmişdir. Ən azından ona 
								görə ki, məhz elə bu sərəncama uyğun liseyimizdə 
								əsaslı təmir işləri aparılmış, son 50 il ərzində 
								ilk dəfə olaraq liseyin tədris korpusu ən müasir 
								tələblər səviyyəsində yenidən qurulmuş, tədris 
								emalatxanası, yeməkxana, həyətyanı sahə normal 
								vəziyyətə gətirilmiş, təchizat problemləri 
								lazımınca həll olunmuşdur. Bir sözlə, tam 
								məsuliyyətlə qeyd edilməlidir ki, bu gün 
								liseyimiz yüksək səviyyəli tədris müəssisələri 
								sırasına daxildir.  
								
								Konkret faktlara müraciət edək. Liseydə müvafiq 
								proqramlarla təchiz 
								edilmiş 
								2 kompüter sinfi, 1 tədris mərkəzi açılmış, 
								fizika və kimya kabineti quraşdırılmış, tam 
								funksiyalı 25 ümumtəhsil və ixtisas fənn 
								kabineti yaradılmışdır. Konfrans zalı tikilərək ən müasir avadanlıqlarla 
								gücləndirilmişdir. İstilik sistemi üçün yeni 
								qazanxana quraşdırılmış, müşahidə sistemləri 
								qoşulmuşdur. Nəzəri biliklərin öyrədilməsi 
								məqsədilə xeyli sayda yeni dəzgah və cihazlar, 
								eləcə də yanğından mühafizə avadanlıqları 
								alınmışdır. Liseyin bütün mal və materialları, 
								inventarları, o cümlədən parta, stol, stul, yazı 
								lövhələri tam şəkildə yeniləri ilə əvəz 
								olunmuşdur. İş otaqları normal fəaliyyət üçün 
								zəruri mebel və texniki avadanlıqlarla təchiz 
								edilmişdir. Kitabxana fondu 
								3 mindən artıq dərslik və müxtəlif 
								ədəbiyyatlarla möhkəmləndirilmişdir. Əgər 2 il 
								bundan öncə lisey üzrə 80 tələbəyə 1 kompüter 
								düşürdüsə, bu gün həmin nisbət 20/1 həddindədir. 
								Pedaqoji Şuranın bütün iclasları İKT-nin tətbiqi 
								ilə təqdimatlar formasında keçirilir. İş 
								otaqlarında və əksər tədris kabinetlərində hamı 
								üçün İnternetə qoşulma imkanı yaradılmışdır. 
								Dərslərdə tədris materialının təqdimatı əsas 
								etibarı ilə proyektorlar və noutbuklardan 
								istifadə yolu ilə həyata keçirilir. Tələbələrin 
								əyani vəsaitlərdən istifadəsi üçün zəruri şərait 
								var. Yeniyetmələrimiz ümummilli lider Heydər 
								Əliyevin, Milli Qəhrəmanımız Mübariz İbrahimovun, 
								eləcə də şəhidlərimizin əziz xatirəsinə, 
								Azərbaycan Respublikasının Prezidenti İlham 
								Əliyevə, Heydər Əliyev Fonduna 
								həsr olunmuş guşələrdən bəhrələnirlər. 
								Gənc nəslin milli ruhda tərbiyələnməsi  məqsədilə narkomaniyaya qarşı mübarizə, immun 
								çatışmazlığı, erkən ailə qurmanın fəsadları, 
								gənclər siyasəti, dövlət atributlarımız, ali 
								qanunumuz - Konstitusiya, hüquq və vəzifələr 
								kimi stendlərə daha çox üstünlük verilmişdir. 
								
								Liseyə dövlət büdcəsindən ayrılan illik maliyyə 
								vəsaitinin həcmi 500 minə yaxın AZN-dir (ötən il 
								bu rəqəm 406216 AZN həcmində olmuşdur) ki, bu da 
								hər tələbəyə xərclənən maliyyə vəsaitinin min 
								manata yaxın AZN həcmində olduğundan xəbər verir. 
								Həmin göstərici bütün təhsil pillələri üzrə ali 
								təhsildən sonra (2100 AZN) ikinci səviyyə 
								deməkdir. Yeni iqtisadi münasibətlərin 
								formalaşdırıldığı və idarəetmənin 
								optimallaşdırıldığı bir dövrdə biz növbəti illər 
								üçün davamlı inkişaf, üstün maliyyələşmə, 
								təchizat və təminatın elmi planlaşdırılması 
								məqsədi ilə Təhsil Nazirliyinin mütəxəssisləri 
								tərəfindən təklif edilən "1+3" modeli üzrə 
								əsaslandırılmış proqnozlaşdırmaya uyğun 
								sifarişlərin əvvəlcədən müəyyənləşdirilməsi 
								mexanizminin tətbiqini reallaşdırırıq. Bunun 
								üçün sərf olunacaq maliyyə vəsaitini dəqiq 
								məqsəd və gözlənilən nəticələri açıqlamaqla 
								hesablayır, xarici ölkələrdə daha çox istifadə 
								olunan əlavə gəlir gətirmə mənbələri barədə 
								məlumatlardan səmərəli istifadə edirik. 
								 
								
								Məlumdur ki, yalnız büdcə ayırmalarına 
								istiqamətlənmə halları günü-gündən arxa plana 
								çəkilir. Əgər ötən tədris ilində liseyin əlavə 
								gəlirləri 13863 AZN həcmində olmuşdusa, bu ilin 
								proqnozu 41 min AZN-dən artıq bir məbləği təşkil 
								edir.  
								
								Biz yaxşı başa düşürük ki, dövlət sifarişi üzrə 
								daha çox qəbul planına yiyələnmək, başqa sözlə, 
								daha çox dövlət ayırmaları əldə etmək üçün 
								sağlam rəqabət mühiti yarandığı bir halda biznes 
								strukturlarının, eləcə də işəgötürən 
								təşkilatların maraqlarının peşəyə yönəldilməsini 
								günbəgün gücləndirməliyik. Real göstərici ondan 
								ibarətdir ki, qarşılıqlı maraqlar çərçivəsində 
								hazırda tərəfimizdən 60-a yaxın müəssisə ("Diplomat" 
								Azərbaycan-Amerika birgə müəssisəsi, Bakı "Elektriktökmə" 
								ASC, "Royal" bank, "SİLK VOY Avia şirkəti" MMC-nin, 
								"SOY CATEKİNQ", "Həyat hotel", "Paşa İnşaat" 
								MMC, Bakı rabitə tikinti təchizat MMC, "Səma - 
								3" MTK, "LAND MARK" hotel və sair) təşkilat, 
								səhmdar cəmiyyətlər, hüquqi şəxs statuslu kiçik 
								müəssisələrlə ikitərəfli müqavilələr imzalanmış, 
								peşədə marağı olan baza müəssisələrinin - biznes 
								strukturlarının sayı ötən ilə nisbətdə 5 dəfə 
								artmışdır. "Azərbaycan HOSPİTALİTİ CJSC"-in 
								Bakıda fəaliyyət göstərən argentinalı 
								mütəxəssisi cənab Karlos Martin Repetto 
								aidiyyəti üzrə istehsalat təlimi ustaları və 
								ixtisas müəllimlərinin iştirakı ilə 
								tələbələrimizlə vaxtaşırı təlimatlandırma 
								işlərini aparır, o öz bilik və bacarıqları 
								barədə təhsilalanlarla bölüşür, onlara zəruri 
								tövsiyələrini verir. Bu günlərdə cənab K.M.Repettonun 
								liseydə "Master Klass"-nın keçirilməsi üçün 
								tərəfimizdən lazımi təşkilati işlər aparılır. 
								Artıq bizim 25 nəfər tələbəmiz "Paşa İnşaat" 
								MMC-də təşkil olunmuş müsabiqə prosedurundan 
								keçmiş, işlə təminat üçün müsbət rəylər 
								alınmışdır. Azərbaycan Tacirlər və Sahibkarlar 
								Palatası, eləcə də "Buta Palas"-ın rəhbərliyi 
								ilə hazırda aparılan danışıqlar məzunlarımızın 
								həmin obyektlərdə işlə təminatına zəmanət verir. 
								Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 
								ötənilki buraxılışımızın 50 faizi 8 dövlət və 41 
								qeyri-dövlət müəssisəsində konkret iş yerləri 
								ilə təmin olunmuş, 64 nəfər gənc isə hərbi 
								xidmətə getmişdir. 
								
								Məlum olduğu kimi, idarəetmənin 
								təkmilləşdirilməsi və optimallaşdırılması 
								prosesi həyata keçirilərkən bütün dünyada qəbul 
								edilmiş modelə üstünlük verilir. Adətən belə 
								proseslər, vertikal mexanizmlərin horizontal 
								idarəetmə prinsipləri ilə əvəzlənməsi, başqa 
								sözlə, bir çox menecment funksiyalarının alt 
								strukturlara ötürülməsi ilə müşayiət olunur. İlk 
								addım kimi funksiyaları qəbul edəcək 
								strukturlarda çalışan iş icraçılarının hazırlığı 
								aparılır. Bununla paralel şəkildə kollektiv 
								qərarçıxarma formasına keçid təmin edilir. 
								İdarəetmə prosesi iştirakçılarının funksional 
								vəzifələri korrektə olunur, struktur bölmələrin 
								fəaliyyət dairəsinə qarşıya qoyulmuş əsas 
								məqsədlər çərçivəsində yenidən baxılır. 
								
								18 nömrəli Bakı Peşə Liseyində iş prioritet 
								istiqamətlərə uyğun fəaliyyətin tənzimlənməsi və 
								həyata keçirilməsi üzrə əvvəlcədən təsdiq 
								olunmuş İllik Fəaliyyət Planına uyğun qurulur. 
								Burada əsas məqsədlər, tədbirlər, müddətlər və 
								konkret icraçılar və strukturlar göstərilməklə 
								yanaşı, həmçinin də gözlənilən nəticələrin 
								proqnozu şərh edilir. 
								
								Müəssisədaxili idarəetmənin təkmilləşdirilməsi 
								və bu zaman demokratik yanaşmaların əsas 
								götürülməsi üçün liseyimizin ali orqanı - 
								Pedaqoji Şurasının işi köklü dərəcədə 
								təkmilləşdirilmişdir. Burada müzakirə olunan 
								məsələlərin spektri genişləndirilmiş, onların 
								müasir tələblər çərçivəsində formalaşdırılması 
								prinsipi əsas kimi götürülmüşdür. Şuranın illik 
								iş planına 100-ə yaxın ən aktual məsələlərin 
								müzakirəsi salınmışdır. Yeni tədris ili 
								başlayandan hal - hazıradək liseyin 3 Pedaqoji 
								Şura iclasında 36 konkret məsələ müzakirə 
								olunmuş, çıxarılan qərarların real icrası təmin 
								edilmişdir. Lisey üzrə daxili idarəetmənin 
								funksional strukturu hazırlanmış, geniş müzakirə 
								olunaraq təsdiq edilmişdir. 
								
								Bu məqamda bir məsələyə xüsusi diqqət yetirək. 
								İdarəetmə prosesinə təhsilalanlar və onların 
								valideynlərinin aktiv cəlb olunma prinsipi 
								prioritet istiqamət kimi "Təhsil haqqında" 
								Azərbaycan Respublikasının Qanununda öz əksini 
								tapmışdır. Bu postulat, ilk növbədə, "Tələbə 
								parlamenti" və "Valideyn-müəllim" Birliyinin 
								formalaşdırılması kimi ön plana çəkilir. Liseydə 
								yaratdığımız hər iki qurumun üzvləri Pedaqoji 
								Şuranın iclaslarında iştirak edir, konkret halda 
								qərarlar çıxarılmazdan əvvəl onların rəy və 
								təklifləri dinlənilir. Yeri gəlmişkən bir məqamı 
								da qeyd edək ki, liseydə Tələbə Parlamentini - 
								təhsilalanların özünüidarə orqanını ona görə 
								yaratmışıq ki, onlar təhsil mühitini 
								qiymətləndirə bilsin, şəxsi fikirlərini 
								çəkinmədən söyləsin, idarəetmə prosesinə 
								qoşulsun, qrupdakı həmkarlarını da bu işlərə 
								aktiv cəlb etsin. 
								
								İlk peşə-ixtisas təhsilinin dövlət 
								standartlarında da qeyd olunduğu kimi, tədris 
								prosesi əsas etibarı ilə 4 əsas blokda 
								cəmləşdirilmişdir: ümumtəhsil fənləri, peşə-ixtisas 
								fənləri, İKT və istehsalat təlimi, təcrübəsi. 
								Təbii ki, bütün bunların reallaşdırılmasında 
								tədris müəssisəsi üzrə ən azından 2 struktur - 
								dərs hissəsi və istehsalat təcrübəsi ilə bağlı 
								bölmə fəaliyyət göstərir. Onların əlaqəli işinin 
								təmin edilməsi qarşıya məqsəd kimi qoyulduğundan 
								biz, ən sadə sözlə desək, həmin kateqoriyadan 
								olan əməkdaşlarımızın iş otaqlarını belə 
								birləşdirmişik. Bu heç də texniki yerdəyişmə 
								məqsədilə olunmamışdır. İndi artıq liseyimizdə 
								istehsalat təlimi ustalarının uzun illərdən bəri 
								müəllim korpusundan - tədris prosesindən, demək 
								olar ki, kənar qalma tendensiyası tam şəkildə 
								aradan qaldırılıb. İstehsalat təlimi ustalarımız 
								qrup tələbələrini auditoriyalara salmaq 
								stereotipini özlərindən uzaqlaşdıraraq tədris və 
								istehsalat proseslərinin əsl iştirakçılarına 
								çevriliblər.  
								
								Apardığımız monitorinq müşahidələr belə qənaətə 
								gəlməyə əsas vermişdir ki, bir çox hallarda 
								ümumtəhsil fənn müəllimlərinin dərs hissəsində 
								və ixtisas təlimi reallaşdırılan istehsalat 
								təlimi ustalarının struktur bölməsində həyata 
								keçirilən işlər zamanı biri digərindən xəbərsiz 
								proseslər, eyni məqsədlərə yönəldilmiş 
								fəaliyyətin pozulma halları baş verir. Bu özünü 
								məzmunun reallaşdırılması prosesində daha 
								qabarıq şəkildə göstərir. Əlaqəli fəaliyyətin 
								təminatı baxımından biz funksiyaları daha da 
								dəqiqləşdirdik, əsas məqsədlərə nail olmaq üçün 
								yeni məsuliyyətlər, iş modelləri 
								müəyyənləşdirdik. Hesabatlılıq, məsuliyyətlərin 
								bölüşdürülməsi, öyrədənlər üçün məlumat 
								sistemlərinin yaradılması və inkişafın 
								monitorinqini müəssisədaxili idarəetmənin 
								optimallaşdırılması məqsədilə əsas prinsiplər 
								kimi qəbul etdik. Məhz bu cür yanaşma 
								nəticəsində idarəetmə strukturlarının 
								təkmilləşdirilməsi işi daha uğurla getdi, daha 
								demokratik və şəffaf mühit yarandı. Əlaqəlilik 
								təmin olundu.  
								
								Təcrübə göstərir ki, fənn metodbirləşmələri 
								metodiki şuralar və onların nəzdində fəaliyyət 
								göstərən ümumtəhsil (humanitar, texniki, təbiət 
								elmləri və ixtisas fənn bloku) və ixtisaslaşma 
								üzrə komissiyalar forması ilə əvəz edildiyi 
								təqdirdə keyfiyyətin idarə olunması xeyli 
								optimallaşır. Həmin strukturların Pedaqoji Şura 
								ilə əlaqəli fəaliyyəti daha çox səmərə verir. 
								Bununla əlaqədar liseyin Metodiki Şurasının da 
								fəaliyyəti xeyli dərəcədə təkmilləşdirilmişdir. 
								Şuranın illik Fəaliyyət planı hazırlanıb təsdiq 
								edilmiş, humanitar, təbiət, dəqiq elmlər, İKT və 
								ixtisas fənlərini əhatə edən 4 metodiki 
								komissiya yaradılmışdır. Əsas fəaliyyət Təhsil 
								Nazirliyinin mütəxəssislərinin Avropa 
								İttifaqının Texniki Yardım Proqramı (TACİS) 
								çərçivəsində İttifaqın maliyyə dəstəyi ilə 
								Britaniya Şurasının (BC) rəhbərlik etdiyi 
								konsorsiumla birlikdə hazırladıqları "Azərbaycan 
								Respublikasında ilkin peşə təhsili və təlimi 
								üzrə modul hazırlamaq üçün təlimat" və 
								təhsilalanların öyrənmə paketi kimi geniş 
								məzmunlu materiallara istiqamətlənmişdir. 
								Adıçəkilən komissiyaların işi birbaşa məzmun 
								islahatlarına - kurikulum və modul seqmentinin 
								prosesə tətbiqinə yönəldilmişdir. 
								
								Məzmun islahatlarının aparılması istiqamətində 
								fəaliyyət İnkişaf Proqramının ana xəttini təşkil 
								edir. Artıq respublikada bir sıra peşə 
								ixtisasları üzrə ilk dəfə olaraq yeni 
								dərsliklərin yazılması, modul seqmenti əsasında 
								tədris materiallarının hazırlanması, ixtisaslar 
								üzrə tədris vəsaitlərinin çap olunaraq 
								istifadəyə verilməsi obyektiv reallıqdır. 
								Fikrimizcə, milli dərsliklərin hazırlanması 
								istiqamətində qarşıya qoyulmuş vəzifələrin 
								əhəmiyyətindən geniş danışmaq artıqdır. Qeyd 
								edilməlidir ki, liseydə hazırlığı həyata 
								keçirilən bəzi ixtisaslar üzrə yazılmış 8 
								dərsliyin 5 müəllifi elə bizim liseyin 
								əməkdaşlarıdır. Bu tədris ilində 2 yeni 
								dərsliyin də bizim mütəxəssislər tərəfindən 
								hazırlanması işinə artıq başlanmışdır. 
								
								Məzmunla bağlı danışarkən bir məntiqi sual 
								meydana çıxır: Məzmunu kim müəyyənləşdirir, 
								bunun üçün hansı fəaliyyət həyata keçirilməlidir? 
								Etiraf edək ki, əvvəlki məzmun sistemli deyildi. 
								Burada əsas meyar kimi yalnız bilik səviyyəsi 
								götürülürdü, bacarıqlar yaddan çıxarılırdı, 
								həddindən artıq yüklənmə müşayiət olunurdu. 
								Məzmunun yeniləşdirilməsi, ayrı-ayrı ixtisaslar 
								üçün modul seqmentinin tətbiqi ilə müasir 
								kurikulum variantlarının hazırlanması, tamamilə 
								haqlı olaraq, ilk peşə-ixtisas təhsilinin son 
								illərdəki nailiyyətlərindən hesab edilə bilər. 
								Bu gün biz, "Nəyi öyrədirik?", "Necə öyrədirik?", 
								"Necə qiymətləndiririk? və "Kim öyrədir?" kimi 
								sualların cavablandırılması ilə əsas məqsədlərə 
								çatmaq niyyətindəyik. İşimizi də məhz elə 
								bunların əsas hədəf kimi götürülməsi 
								istiqamətində qururuq. Əgər əvvəllər 
								təhsilalanın biliyinə formal şəkildə qiymət 
								yazılırdısa, artıq müasir mərhələdə yeni 
								qiymətləndirmə modeli üzrə həmin tələb köklü 
								şəkildə dəyişdirilmişdir. Belə ki, bu gün 
								müəllimin fərdi fikrinə əsaslanan biliyə qiymət 
								vermə tələbi təhsilalanın inkişaf nailiyyətinin 
								qiymətləndirilməsi modeli ilə əvəz olunmuşdur. 
								Yəni, liseydaxili qiymətləndirmə prosesi "təhsilalan 
								hansı səviyyədə idi və hansı səviyyəyə qalxdı" 
								kimi sualları cavablandırır, inkişaf 
								dinamikasının izlənilməsi postulatı əsas kimi ön 
								plana çəkilir. Auditoriyada olan müəllim 
								tərəfindən biliyin qiymətləndirilməsi üzrə yeni 
								mexanizmlərə keçidlə bağlı aparılan işlərdən 
								bizim lisey də kənarda qalmamışdır. Bu tədris 
								ilindən etibarən ilk dəfə olaraq 2 tədris 
								qrupunda biliyin qiymətləndirilməsinin yeni 
								mexanizmlərinin tətbiqinə eksperiment qaydasında 
								başlanılmışdır. Artıq diaqnostik, formativ 
								qiymətləndirmə mərhələsi yekunlaşdırılmış, 
								summativ qiymətləndirmənin reallaşdırılması üçün 
								zəruri vəsaitlər (testlər, tapşırıq variantları) 
								hazırlanmışdır.  
								
								Bütün hallarda bu və ya digər bir yeni 
								mexanizmin həyata keçirilməsindən  əvvəl biz 
								xüsusi treninqlərin təşkili, öyrədənlərin 
								öyrədilməsi sisteminin tətbiqinə xüsusi diqqət 
								yetiririk. Təkcə bir faktı qeyd etmək kifayətdir 
								ki, son il yarım ərzində müxtəlif təhsil 
								mütəxəssislərinin, o cümlədən xarici 
								ekspertlərin dəvət olunması ilə 30 nəfər müəllim 
								və 17 istehsalat təlimi ustası üçün 50-yə yaxın 
								treninq və öyrədici seminarlar təşkil edilmişdir. 
								Həmin müddət ərzində əməkdaşlarımız 1 dəfə 
								Yaponiyada, 2 dəfə isə Türkiyə Respublikasında 
								təlim səfərlərində olmuşlar. 
								
								Son dövrlərdə müəllim və mühəndis-pedaqoji 
								işçilərin mütəmadi qaydada yeni biliklərə 
								yiyələnməsi müasir texnologiyaların proseslərə 
								tətbiqi baxımından xeyli dərəcədə 
								aktuallaşmışdır. Kollektivimizin 15 nəfər 
								pedaqoji kadrı ötən bir il ərzində xüsusi təşkil 
								olunmuş ixtisasartırma kurslarında peşəkarlıq 
								səviyyələrini yüksəltmişdir. Ən əsası ondan 
								ibarət olmuşdur ki, biz nümayəndələrimizi həmin 
								kurslara göndərməzdən xeyli əvvəl onlar üçün 
								individual tələbat materialları hazırlayaraq 
								təminatçı tərəfə konkret sifariş formasında 
								təqdim edirik. İxtisasartırma təhsilindən sonra 
								tələbatın ödənilmə səviyyəsini müəssisə 
								daxilində qiymətləndiririk. Əldə olunan 
								nəticələrin dinlənilməsi, qazanılmış yeni 
								biliklərin digərlərinə ötürülməsi işinə xüsusi 
								önəm veririk. 
								
								Bir anlıq ötən əsrin sonlarında - 1998-ci ildə 
								Azərbaycanın təhsil sistemində baş verən 
								prosesləri yada salaq. Həmin tarixi dövrdə 
								ümummilli liderimiz Heydər Əliyevin tapşırığı 
								ilə mütəxəssislər qrupu tərəfindən təhsil 
								sahəsində İslahatlar Proqramı hazırlandı. Əsas 
								etibarı ilə ümumi orta təhsil pilləsini əhatə 
								edən bu genişmiqyaslı sənəd dahi şəxsiyyətin 
								imzaladığı sərəncamla həyata vəsiqə qazandı. 
								Dünya Bankının uzunmüddətli maliyyə dəstəyi üçün 
								rəsmi razılıq alındı. Bu zaman peşəkar 
								ekspertlərin ehtiyat etdiyi gözlənilən yeganə 
								risk yerlərin-müəllimlərimizin təklif olunan 
								islahatlara getmək arzusunun aşağı səviyyəsi ilə 
								bağlı idi. Qısa bir müddət keçdikdən sonra 
								gözlənilən həmin risk, şükürlər olsun ki, özünü 
								doğrultmadı. Demə, Azərbaycan müəllimi məzmun 
								islahatlarını səbirsizliklə gözləyirmiş. Artıq 
								bu gün tam məsuliyyətlə demək olar ki, 
								liseyimizin bütün pedaqoji kadr korpusu aparılan 
								məzmun islahatlarının aktiv iştirakçılarına 
								çevrilmişdir. Onlar götürülən bu strateji kursun 
								müvəffəqiyyətinə tam şəkildə inanırlar. Bu isə 
								pozitiv nəticələrin alınmasına real təminatdır. 
								Düşünürük ki, nə üçün bizim təhsilalanlar hər il 
								respublika üzrə keçirilən bilik yarışlarına - 
								fənn olimpiadalarına, müsabiqələrə qoşulmasın, 
								peşədəki ümumtəhsil fənn müəllimləri "Ən yaxşı 
								müəllim" müsabiqəsinə qatılmasın, müxtəlif 
								peşələr üzrə istedadlı tələbələr üzə 
								çıxarılmasın, onların yaradıcılıq potensialı 
								inkişaf etdirilməsin? Bu istiqamətdə qarşıya 
								qoyulmuş məqsədlərə nail olmaq üçün tərəfimizdən 
								gündəlik qaydada məqsədyönlü işlər aparılır. 
								Əminik ki, məsələlərə həmin aspektlərdə yanaşma 
								müəssisədaxili keyfiyyət göstəricilərinin xeyli 
								dərəcədə yüksəldilməsinə də öz müsbət təsirini 
								göstərməlidir.  
								
								Liseydə ümumtəhsil fənlərini tədris edən 
								pedaqoji kadr heyəti ümumi təhsil sahəsində 
								aparılan məzmun islahatları prosesində - dərslik 
								və dərs vəsaitlərinin hazırlanması, kurikulum 
								modeli üzrə yeni layihələrin işlənilməsi, müasir 
								təlim metodlarının formalaşdırılması və sair bu 
								kimi proseslərdə yaxından iştirak edirlər. Daha 
								dəqiq desək, həmin kontingent ümumi təhsildə 
								gedən bu proseslərdən kənarda qalmır, IX-XI 
								sinif müəllimləri üçün təşkil olunan müvafiq 
								treninqlərə  cəlb edilirlər. Hər bir pedaqoji 
								işçiyə yeniliklər - baş verənlər dərhal 
								çatdırılır, onların ümumi proseslərə aktiv 
								qatılması təmin olunur. Ümumtəhsil 
								müəllimlərimizin fəaliyyətinin 
								qiymətləndirilməsində əsas meyar kimi 
								götürdüyümüz kriteriyalardan biri də tələbələrin 
								mərkəzləşdirilmiş test imtahanlarında əldə 
								etdikləri nəticələrdir. Bu sahədə aparılmış 
								analitik təhlillər göstərir ki, 2008-2009-cu 
								tədris ilində həmin imtahanlardan 
								müvəffəqiyyətlə keçmiş və attestat almış 
								kontingent 35 faiz, 2009-2010-cu tədris ilində 
								44 faiz olmuşdursa, sonuncu tədris ilinin 
								yekunları 60 faizi ötmüşdür. Bu halda yüksələn 
								xətt tendensiyası izləndiyinə baxmayaraq, 
								növbəti illərdə bu göstəricinin daha da 
								qaldırılması müəllim heyəti qarşısında bir 
								vəzifə kimi qoyulmuşdur.  
								
								
								(Ardı növbəti sayımızda)  
								
								
								Rəhim AĞAMALIYEV,18 nömrəli Bakı Peşə Liseyinin direktoru
 |  |