Bu yaxınlarda ABŞ-ın Azərbaycandakı səfiri Metyu
Brayza, xanımı Zeyno Baran-Brayza və YUNİSEF-in
Azərbaycan üzrə ofis direktoru Mark Herevord
Astara Pedaqoji Kollecində olublar. Kollecin
direktoru, fəlsəfə doktoru, əməkdar müəllim,
dosent Əlihəsən Həmzəyev qonaqlara Astara
Pedaqoji Kollecinin tarixi, aparılan pedaqoji
kadr hazırlığı, tədris olunan ixtisaslar, tələbə
kontingenti, fənn-tədris kabinetləri, kitabxana,
kompüter mərkəzi və s. haqqında qısa məlumat
verib.
Sonra qonaqlar kollecin akt zalında müəllim və
tələbələrlə görüşüblər. Səfir əvvəlcə gənclərə
söz verərək onların arzu və məqsədləri, gələcək
həyat planları ilə maraqlanıb. Sonra Metyu
Brayza Cənub bölgəsinə səfərinin məqsədini
açıqlayıb. 1905-ci ildə bu bölgədə Azərbaycan
milyonçusu Hacı Zeynalabdin Tağıyev tərəfindən
ilk qızlar məktəbinin əsasının qoyulduğunu
xatırladan diplomat söylədi ki, Heydər Əliyev
Fondunun təşəbbüsü, ABŞ səfirliyinin və
YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin birgə
səyləri ilə Astarada qızlar üçün peşəyönümlü
məktəb açılacaq və məktəb məşhur milyonçunun
adını daşıyacaq.
Daha sonra səfir ABŞ-Azərbaycan münasibətlərinin
yüksək səviyyədə olduğunu və gələcəkdə daha da
möhkəmləndirilməsi perspektivləri barədə
danışdı. Kollecin müəllimi Azər Fərəməzov
səfirin gəlişini kollecin tarixində mühüm hadisə
adlandıraraq ona xalqımızın ən ağrılı - Dağlıq
Qarabağ probleminin bugünədək niyə həll
olunmaması barədə sual verdi. Səfir bu və digər
suallara ətraflı cavab verib.
Kollecdə gördüklərindən razı qalan qonaqlar
kollektivin üzvləri ilə xatirə şəkli
çəkdiriblər.
Azad ABDULLAYEV |