Dekabrın 16-da Təhsil Nazirliyinin Xalq Təhsili
Muzeyində pedaqoji elmlər doktoru, professor,
Rusiya Dövlət Təhsil Akademiyasının akademiki
Hüseyn Əhmədov tərəfindən XIX əsr ana dili
dərsliklərimizin transliterasiya və faksimile
yolu ilə yenidən nəşrinin təqdimat mərasimi
keçirilib.
Mərasimi Xalq Təhsili Muzeyinin direktoru Lalə
Bayramova açaraq bu dərsliklərin yeni redaktədə
nəşrini görkəmli alimin milli məktəb və təhsil
tariximizə böyük töhfəsi və vətəndaş-ziyalı
mövqeyinin nümunəsi kimi qiymətləndirdi, onu 85
illik yubileyi münasibəti ilə təbrik edərək,
görkəmli alimə cansağlığı və elmi-pedaqoji
fəaliyyətində uğurlar arzuladı.
Sonra tanınmış maarifçi alimin yetirməsi,
Azərbaycan Dövlət Pedaqoji Universiteti pedaqoji
fakültəsinin dekanı, pedaqogika üzrə elmlər
doktoru, professor Fərrux Rüstəmov professor
Hüseyn Əhmədov tərəfindən XIX əsr
dərsliklərimizin transliterasiya və faksimile
yolu ilə yeni nəşrinin tarixi əhəmiyyəti
haqqında geniş məruzə etdi.
Təqdimat mərasimində iştirak edən ADPU-nun
professoru Əmrulla Paşayev, AMİ-nin kafedra
müdiri, professor Rüfət Hüseynzadə, Təhsil
Problemləri İnstitutunun direktoru, professor
Abdulla Mehrabov, Bakı Dövlət Universitetinin
professoru Nübar Muxtarova, professor Alxan
Bayramoğlu çıxış edərək həm dərsliklərin milli
maarifçiliyimizin formalaşmasında tarixi
rolundan, həm də Hüseyn Əhmədovun bu
təşəbbüsünün gənc nəslin keçmiş mədəni irsə
sayğı ruhunda tərbiyəsi işində əhəmiyyətindən
ətraflı bəhs etdilər.
Mərasimin yekununda pedaqoji elmlər doktoru,
professor Hüseyn Əhmədov çıxış edərək tədbirin
təşkilatçılarına və iştirakçılarına səmimi
təşəkkür etdi, transliterasiya və faksimile
yolu ilə yenidən nəşr etdirdiyi
A.O.Çernyayevskinin "Vətən dili", Üzeyir
Hacıbəylinin "Hesab məsələləri", Rəşid bəy
Əfəndiyevin "Uşaq bağçası", Səfərəli Vəlibəyovun
"Qüdrəti-xuda", İ.Qriqoryev və Mirzə Şəfi
Vazehin "Kitabi-Türki" və s. kitabların tarixi
əhəmiyyətindən bəhs etdi.
Sonda tədbir iştirakçıları Xalq Təhsili
Muzeyində Hüseyn Əhmədovun əsərlərindən ibarət
sərgiyə böyük maraqla baxdılar.
Ədalət DAŞDƏMİRLİ |