Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

23 Dekabr 2011 - ¹50

 

Dünya təhsili

 

Yeni Zelandiyanın təhsil sistemi

 
 

Yeni Zelandiya

 
   
Ərazisi:  268680 kv.km.
Əhalisi: 4,42 milyon nəfər  
Paytaxtı: Vellinqton şəhəri
Dövlət dili: Maori və ingilis    
Pul vahidi:  Yeni Zelandiya dolları
 

Təhsil sistemi 

Yeni Zelandiya Sakit okeanın cənub-qərbində yerləşən çoxsaylı adalardan ibarət ölkədir. Təhsil sistemi müasir tələblər səviyyəsində inkişaf edən ölkədə olduqca keyfiyyətli və etibarlı bir təhsil mühiti yaradılıb.

Məktəbəqədər təhsil könüllülük prinsipinə əsaslansa da, 6-16 yaşlı uşaqlar ödənişsiz və icbari təhsilə cəlb olunur. Ölkədə ibtidai, ümumi orta və tam orta təhsil verən məktəblər fəaliyyət göstərir. Tam orta təhsil müddəti 13 il davam edir.

Tədris ili ibtidai, orta və politexnik təhsil müəssisələrində (texniki peşə təhsili müəssisələri) bir qayda olaraq, yanvarın sonundan dekabrın ortalarına  qədər davam edir. Universitetlərdə isə fevralın sonundan noyabrın ortalarına qədər tədris aparılır.

Yeni Zelandiyanın kollec və universitetləri beynəlxalq arenada kifayət qədər tanınır. Odur ki, ölkənin kollec və universitetlərinə əcnəbi tələbələrin qəbul göstəricisi ilbəil yüksəlir.

Ölkədə təhsil sisteminin formalaşmasına Böyük Britaniyanın təhsil modeli də təsir göstərib. İstənilən ali məktəbə daxil olmaq üçün ingilis dilini bilmək əsas şərtlərdən biri kimi irəli sürülür. 

Məktəbəqədər təhsil 

Yeni Zelandiyada ötən əsrin ortalarında məktəbəqədər təhsil pilləsində əsaslı islahatlar aparılıb. Bu dövrdən etibarən hökumət Oyun mərkəzləri və Müstəqil Bağça Assosiasiyalarına əlavə maliyyə vəsaiti ayırır, uşaqların məktəbə hazırlığına xüsusi diqqət yetirir. Təsadüfi deyil ki, XX əsrin ikinci yarısından ölkənin məktəbəqədər təhsil müəssisələri şəbəkəsi daha da genişlənib.

Öz uşaqlarına evdə təhsil vermək istəyən valideynlərə də müvafiq qaydalar çərçivəsində imkanlar yaradılır. Uşaqlar 5 yaşları tamam olduqdan sonra  məktəbə gedirlər.

Uşaqlar məktəbə getməzdən əvvəl, erkən uşaqlıq təhsillərini oyun mərkəzlərində (anadan olandan məktəb illərinə qədər), uşaq bağçalarında, uşaq mərkəzlərində və ya erkən uşaqlıq mərkəzlərində təhsil ala bilərlər. Erkən uşaqlıq dövrünə dair kurikulum məktəbə daxil olma yaşına qədər uşaqlara göstərilən qayğı və təhsilin bütün elementlərini özündə təcəssüm etdirir. 

Orta təhsil 

Yeni Zelandiyada tam orta təhsil 13 il davam edir. Odur ki, digər ölkələrdə orta təhsil haqqında verilmiş sənədlərlə Yeni Zelandiya universitetlərinə qəbul olmaq mümkün deyil. Bu ölkənin ali təhsil müəssisələrində oxumaq üçün orta təhsili Yeni Zelandiyada almaq zəruridir.

5 yaşı tamam olmuş uşaqlar orta məktəbə qəbul edilirlər. Məktəblər dövlət və özəl məktəblər olaraq iki hissəyə ayrılır. Özəl məktəblərin maliyyə xərclərinin 25 faizi dövlət tərəfindən ödənilir.

1990-cı ildən etibarən orta məktəblərdə kurikulum sahəsində  inkişafyönümlü dəyişikliklər baş verir. Tədris proqramları müasir dövrün tələblərinə uyğunlaşdırılır, orta məktəb şagirdlərinin hərtərəfli yetişdirilməsi yönündə müvafiq addımlar atılır. Orta məktəblərin yuxarı siniflərində texniki peşə təhsilinə də yiyələnmək mümkündür. 

Texniki peşə təhsili 

Yeni Zelandiyada texniki və peşə təhsili orta məktəbin yuxarı sinfindən tədris olunur. Ölkədə politexnik institut adlandırılan 20 Texnologiya İnstitutu fəaliyyət göstərir.

Təlim institutlarında və universitetlərdə də texniki peşə təhsilinə dair proqramlar tədris olunur. Universitetlərdə təşkil edilən kurslarda fizioterapiya, üzümçülük və digər sahələrdə texniki peşə təhsili verilir.

Bunlarla yanaşı, bir sıra tədris ocaqlarında da qısamüddətli peşə kursları fəaliyyət göstərir. Universitetlərdə təşkil edilən müvafiq peşə kurslarında dərslər ilin müxtəlif vaxtlarında başlaya bilər. 

Ali təhsil 

Qeyd etdiyimiz kimi Yeni Zelandiyada təhsilin keyfiyyəti olduqca yüksəkdir. Ölkədə fəaliyyət göstərən ali məktəblərdə demək olar ki, bütün ixtisaslara yiyələnmək mümkündür.

Yeni Zelandiyada Oklənd Texnologiya Universiteti, Texnologiya Mərkəzi İnstitutu, Linkoln Universiteti, Otaqo Universiteti, Vaikato Universiteti, Velinqton Viktoriya Universiteti, Təsviri İncəsənət və Dizayn Vaytklif Kolleci, Santerbori Universiteti  və digər ali məktəblər fəaliyyət göstərir. Bu tədris ocaqlarında sənət, sənətşünaslıq (Linkoln Universiteti istisna olmaqla), elm və kommersiyanın (ticarətin) müxtəlif istiqamətləri, eləcə də digər sahələr üzrə təhsil təklif edilir.

Ölkədə ümumi təhsil xərclərinin 81 faizi dövlət tərəfindən maliyyələşdirilir. Odur ki, dövlət məktəblərində təhsil haqqı rəmzi xarakter daşıyır. Dövlət məktəblərində təhsil almaq üçün il ərzində 50 dollar tələb olunur.

Özəl ali məktəblərdə təhsil almaq üçün il ərzində 4000 ABŞ dolları həcmində təhsil haqqı müəyyənləşdirilib. Bundan əlavə, tələbələr ali təhsildə əldə etdikləri nailiyyətlərə görə təqaüd ala bilərlər.

Yeni Zelandiyanın ali təhsil sistemi öz strukturuna görə bakalavriat və magistratura səviyyələrinə bölünür. Universitetlərin böyük əksəriyyətində bakalavr dərəcəsinə yiyələnmək üçün minimum 3 il təhsil almaq tələb edilir. Fərqlənmə bakalavr dərəcəsini almaq üçün isə daha bir il artıq oxumaq lazımdır.

Bəzi sahələr üzrə bakalavr dərəcəsi proqramları 4 il davam edir. Məsələn, mühəndislik və digər uyğun ixtisaslar bu sıraya daxildir. Universitetlərin əksəriyyətində iyun ayında və yaxud da ilin axırlarında (oktyabr-noyabr aylarında) dərslərin mənimsənilmə səviyyəsini müəyyənləşdirmək üçün imtahan keçirilir. Ali məktəblərin əksəriyyətində dərs ili iki semestrə bölünür. Birinci semestr fevralda, ikinci semestr isə iyulda başlayır.

Magistr dərəcəsini 2 illik proqramlar vasitəsi ilə almaq mümkündür. Bu təhsil pilləsində akademik fənləri öyrənməklə yanaşı, tələbələrdən ixtisas sahəsində araşdırma (tədqiqat işi) aparmaq da tələb olunur.

Doktorantura pilləsində təhsil müddəti bir qayda olaraq 3 ildir. Məzunlar kursu bitirdikdən sonra tədqiqat və ya dissertasiya işini müdafiə edirlər.

Əcnəbi tələbələr ölkədəki lisey, kollec, texniki məktəb və universitetlərdə təhsil almaq, dil kurslarında oxumaq imkanlarına sahibdirlər. Ali təhsil səviyyəsinin yüksək olması və universitetlərin zəngin maddi-texniki bazasının mövcudluğu Yeni Zelandiyaya əcnəbi tələbə axınının artmasına yol açır.

Yeni Zelandiyada yaradılmış ilk universitet Otaqo Universitetidir. Bu universitet 1869-cu ildə təsis edilib. Bu ali məktəbdə oxumaq istəyənlər IELTS və ya TOEFL imtahanlarından keçməlidirlər.

Abituriyentlər üçün bütün universitetlərə qəbul şərtləri və tələblərin səviyyəsi eynidir. Buna baxmayaraq, daha nüfuzlu ixtisas üzrə təhsil almaq üçün tələblər artırıla, qəbul olanların sayı isə məhdudlaşdırıla bilər. Bəzi ixtisaslara (məsələn, incəsənət sahəsinə) qəbuldan əvvəl xüsusi seçim turu keçirilir. 

Yaşlıların təhsili 

Digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Yeni Zelandiyada da yaşlıların təhsilinə xüsusi diqqət yetirilir. Yaşlıların təhsili əsasən, əlavə və orta-ixtisas təhsil sahələri üzrə həyata keçirilir.

Əhalinin savadlılıq səviyyəsi yüksək olan Yeni Zelandiyada yaşlıların təhsili sahəsində həyata keçirilən davamlı işlər bu göstəricinin daha da yaxşılaşmasına imkan verir. 2001-ci ildən ölkədə Yaşlıların Savadlılıq Strategiyası qəbul edilib. Bu, yaşlı insanların təhsilə, əlavə tədris kurslarına cəlb olunma səviyyəsinin daha da artmasına səbəb olub.

Yaşlıların Savadlılıq Strategiyası insanların cəmiyyətin bütün sahələrində fəal iştirak etməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu sənəd, eyni zamanda müxtəlif peşələr üzrə çalışan mütəxəssislərin bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yenidən hazırlanmasına və müvafiq biliklərinin artırılmasına yol açır. 

Elmi tədqiqatlar 

Ölkədə fəaliyyət göstərən bütün ali məktəblərdə elmi tədqiqatlara xüsusi diqqət yetirilir və hər il bu məqsədlərlə yüz milyonlarla dollar vəsait xərclənir. Təhsil prosesində əsasən tətbiqi istiqamətə üstünlük verilir. Qeyd etdiyimiz kimi, istənilən təhsil pilləsində oxuyan tələbələrin tədqiqat mövzuları üzərində çalışmasına imkan yaradılır. Odur ki, ali məktəb tələbələrinin böyük əksəriyyəti bakalavr və magistr təhsilindən sonra doktorantura pilləsinə üz tutur.

Yeni Zelandiyada müstəqil elmi-tədqiqat mərkəzlərinin fəaliyyətinə də geniş yer verilir. Bu baxımdan tam müstəqil fəaliyyət göstərən IRANZ assosiasiyası daha məşhurdur. Bu qurum yüksək nüfuzu sayəsində digər çoxsaylı müstəqil tədqiqat təşkilatları üçün müsbət iş mühitinin yaradılması məsələlərini də həll edir, lazım gəldikdə onların maraqlarını da müdafiə edir.

Ölkədə fəaliyyət göstərən 6000-dən çox fəal elmi tədqiqatçının təxminən yarısı dünyanın inkişaf etmiş ölkələrinin tədqiqat mərkəzləri və alimləri ilə əməkdaşlıq edir. Elmin inkişafına, tədqiqatla məşğul olan alimlərə yaradılan münbit şəraitin nəticəsidir ki, Yeni Zelandiyanın bir sıra elm adamları Nobel mükafatına layiq görülüb. 

Beynəlxalq əməkdaşlıq

 Yeni Zelandiya elm və təhsil sahəsində beynəlxalq əməkdaşlığı genişləndirmək məqsədi ilə inkişaf etmiş ölkələrlə müqavilələr imzalayır. Elm və İnnovasiya Nazirliyi bu məsələləri daim diqqət mərkəzində saxlayır, dünyada elmin və təhsilin inkişaf tendensiyasına uyğun olaraq prioritet fəaliyyət istiqamətlərini müəyyənləşdirir.

Tələbə, müəllim və elm adamlarının mübadiləsi istiqamətində də olduqca çevik siyasət yürüdülür. Təsadüfi deyil ki, ölkə əcnəbi tələbələrin sayının inkişaf dinamikasına görə öncül yerlərdən birini tutur.

Əcnəbi tələbələr Yeni Zelandiyanın hər hansı təhsil proqramına qəbul olunmaq üçün minimum qəbul şərtlərini yerinə yetirməlidirlər. Əcnəbi tələbələr təhsil proqramlarına başlamazdan ən azı iki ay əvvəl müvafiq tədris müəssisəsinə ərizə təqdim etməli və qeydiyyatdan keçməlidirlər. IELTS və ya TOEFL imtahanında uğur qazananlar universitet, kollec və institutların tələbəsi hesab olunurlar.

Tailand, Braziliya, İspaniya, Koreya, Venesuela, Çili, Argentina, Almaniya, Çin, Tayvan və Yaponiya kimi ölkələrin gəncləri də Yeni Zelandiyanın təhsil müəssisələrinə üz tuturlar. Bu, digər ölkələrlə müqayisədə Yeni Zelandiyada təhsil almaq üçün daha əlverişli mühitin yaradılmasından irəli gəlir.

Universitetlərin əksəriyyətində əcnəbi tələbələr üçün müxtəlif təqaüd proqramları təklif edilir. Sevindirici haldır ki, Yeni Zelandiyanin təhsil müəssisələrində azərbaycanlı tələbələr də təhsil alır, Azərbaycan-Yeni Zelandiya Dostluq Cəmiyyəti fəaliyyət göstərir.  

Bəşarət MƏMMƏDOV,

Dilrubə BAYRAMOVA 

Yazının hazırlanmasında Yeni Zelandiyanın Elm və İnnovasiya Nazirliyinin rəsmi materiallarından istifadə olunub.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov