Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

23 Dekabr 2011 - ¹50

 

Professor Nəsir İmanquliyev milli mətbuatımızın tarixində özünün jurnalistika məktəbini yaratmışdır

 

Dekabrın 22-də Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın ictimai-siyasi xadimi və publisisti, əməkdar jurnalist, ustad redaktor və pedaqoq Nəsir İmanquliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş təntənəli yubiley tədbiri keçirilmişdir.

Tədbirdə Nəsir İmanquliyevin elmi və publisistik məqalələri, kitabları, həmkarlarının onun haqqında müxtəlif mətbu orqanlarda dərc etdirdikləri yazılar, ustad redaktorun həyat və yaradıcılığını əks etdirən fotoşəkillərdən ibarət sərgi açılmışdır.

AzərTAc xəbər verir ki, Azərbaycan Prezidentinin Nəsir İmanquliyevin 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamının icrası ilə əlaqədar təşkil edilmiş tədbirdə hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və ədəbiyyat xadimləri, jurnalistlər və alimin tələbələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Nəsir İmanquliyevin Azərbaycan milli mətbuatının inkişafında əvəzsiz xidmətlərindən danışmışdır. Tədbirin əhəmiyyətini qeyd edən A.Məhərrəmov demişdir ki, professor Nəsir İmanquliyev bütün mənalı ömrünü Azərbaycan mətbuatının, mədəniyyətinin inkişafına, cəmiyyətin obyektiv informasiya tələbatının ödənilməsinə, peşəkar jurnalist kadrların hazırlanmasına həsr etmişdir.

Abel Məhərrəmov vurğulamışdır ki, milli mətbuatımızın tarixində iki qəzetin təməlini qoymuş, bu nəşrlərə 30 il fasiləsiz rəhbərlik etmiş, peşəkar kollektiv formalaşdırmış, dövrünün, zamanının aynasını yaratmış yeganə bir jurnalist vardır. Bu, universitetimizin adı ilə qürur duyduğu, jurnalistika fakültəsinin qurucularından biri kimi tarixə düşən professor Nəsir İmanquliyevdir. Müasir Azərbaycan jurnalistikasının təşəkkülündə xüsusi yeri olan professor Nəsir İmanquliyev ömrünün 50 ilini Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində milli kadrların hazırlanmasına sərf etmişdir.

Rektor diqqətə çatdırmışdır ki, dekabrın 21-də BDU-da Nəsir İmanquliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Azərbaycan jurnalistikası qloballaşma dövründə: qaynaqlar və perspektivə baxış" mövzusunda respublika elmi-praktiki konfransı açılmışdır. Konfrans işini "Jurnalistikanın müasir problemləri", "Mətbuat tarixi: yeni araşdırmalar", "Televiziya və radio jurnalistikası" və "Beynəlxalq jurnalistika" bölmələrində davam etdirmişdir. Konfransın materialları əsasında nəfis tərtibatlı "Azərbaycan jurnalistikası qloballaşma dövründə: qaynaqlar və perspektivə baxış" adlı kitab nəşr edilmişdir. Kitabda ümumilikdə 59 məqalə yer almışdır.

Tədbirdə "Nəsir İmanquliyev məktəbi" mövzusunda məruzə ilə çıxış edən BDU-nun jurnalistika fakültəsinin dekanı, professor Yalçın Əlizadə demişdir ki, 87 illik ömür yolunun 70 ilini kütləvi informasiya vasitələri quruculuğu işinə həsr etmiş Nəsir İmanquliyev jurnalistikada hamımıza örnək ola biləcək yaradıcılıq məktəbi yaratmışdır.

Nəsir İmanquliyevin müasir Azərbaycan jurnalistikasında ən böyük və danılmaz xidmətlərindən biri qəzetdə informasiya xidmətinin yüksək statusunun bərpası yolundakı yaradıcılıq əzmkarlığı olmuşdur. Qəzetdə informasiya yaradıcılığını ən vacib və gərəkli sahə hesab edən Nəsir müəllim xüsusən "Bakı" və "Baku" qəzetlərinə rəhbərlik etdiyi illərdə bir daha təsdiq etmişdir ki, istənilən mətbu orqanın simasını, nüfuzunu, oxucu auditoriyasını onun düşünülmüş və peşəkarlığa söykənən informasiya siyasəti müəyyənləşdirir.

Professor Nəsir İmanquliyev bugünkü ali jurnalistika təhsilinin simasını müəyyənləşdirən və xeyli dərəcədə onun təməli sayıla biləcək bir sıra ixtisas kurslarının yaradıcısı olmuşdur.

Tədbirdə professor Şirməmməd Hüseynov, AzərTAc-ın baş direktoru Aslan Aslanov, BDU-nun kafedra müdiri Cahangir Məmmədli, "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, Yevlaxda çıxan "Kür" qəzetinin baş redaktoru Əminə Yusifqızı və BDU-nun jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi, universitetdə təsis edilmiş Nəsir İmanquliyevin adını daşıyan təqaüdü alan Türkan Xəlilova çıxış edərək XX əsr Azərbaycan mətbuatı və ictimai fikir tarixində xüsusi yeri olan Nəsir İmanquliyevin mənalı həyatından, yaradıcı əməyindən, çağdaş mətbuatımıza örnək ola biləcək fəaliyyətindən danışmışlar.

Bildirilmişdir ki, Nəsir İmanquliyev ötən əsrin 60-90-cı illərinin mətbuat tarixində böyük rol oynamış "Bakı" və "Baku" qəzetlərinin yaradıcısı və baş redaktoru olmuşdur. Qəzetin səhifələrində respublika həyatının bütün sahələri iqtisadiyyat, mədəniyyət, təhsil, sosial problemlər və s. ilə bağlı dərc olunan materiallar bu gün də öz aktuallığını qoruyub saxlayır.

Vurğulanmışdır ki, müasir Azərbaycan jurnalistikasının təşəkkülündə xüsusi yeri olan professor Nəsir İmanquliyev ömrünün sonunadək Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində dərs demiş, milli kadrların formalaşmasında mühüm rol oynamışdır. Lakin Nəsir müəllimin əsl universiteti "Bakı" və "Baku" qəzetləri idi. O, universitet auditoriyalarında tələbələrə jurnalistikanın əsasları barədə nəzəri biliklər aşılamış, "Bakı" və "Baku"nun "auditoriyalarında" isə Azərbaycan jurnalistlərinin bütöv bir nəslinə qəzetçilik işinin incəlikləri ilə bərabər, jurnalistlik məharəti, redaktə bacarığı, səbirlə işləmək vərdişləri öyrətmişdir. Bütün bunlara görə tam məsuliyyətlə demək olar ki, Nəsir müəllim milli mətbuatımızın tarixində özünün jurnalistika məktəbini yaratmışdır.

Diqqətə çatdırılmışdır ki, milli mətbuatımızın bu gün üstünlük verdiyi xəbər janrının əhəmiyyətini hələ 40-45 il bundan əvvəl yüksək qiymətləndirən Nəsir müəllim rəhbərlik etdiyi qəzetlərdə operativ, dəqiq, maraqlı, rəngarəng xəbərlərə geniş yer ayırırdı. Bu, o zaman axşam qəzetlərini digər mətbu nəşrlərdən fərqləndirən əsas cəhətlərdən biri idi.

Natiqlər Azərbaycan Prezidentinə Nəsir İmanquliyevin 100 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı müvafiq Sərəncama görə minnətdarlıqlarını bildirmişlər.

Çıxışlarda "Bakı" qəzetinin gündəlik nəşr edilməsi məsələsinə toxunulmuş və bunun üçün aidiyyəti qurumlara müraciət qəbil edilməsinin vacibliyi vurğulanmışdır.

Görkəmli mətbuat xadimi Nəsir İmanquliyevin ailə üzvləri adından çıxış edən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva tədbirin iştirakçılarına minnətdarlığını bildirmişdir.

Nərgiz Paşayeva demişdir: Azərbaycanda Həsən bəy Zərdabi tərəfindən təməli qoyulmuş və XX əsrdə bir çox görkəmli şəxsiyyətlərin davam etdirdikləri jurnalist sənəti bu gün öz bayramını qeyd edir. XX əsrin əvvəllərində bu peşəni Azərbaycana gətirənlərin adlarını bir daha qeyd etmək istərdim. Məhəmməd ağa Şahtaxtlı, Ömər Faiq Nemanzadə, Əlibəy Hüseynzadə, Əhməd bəy Ağayev və əlbəttə ki, ölməz Mirzə Cəlil. Məhz bu insanların yaratmış olduqları məktəbi sonra gələn jurnalist nəsilləri inkişaf etdirərək, daha da genişləndirdilər. Əgər onlar olmasaydı, onların fədakar əməyi, döyünən qəlbi olmasaydı, jurnalist peşəsi Azərbaycanda bu qədər sürətlə inkişaf edə bilməzdi. Bu mənada Nəsir İmanquliyevin fəaliyyəti də, şübhəsiz ki, böyük simaların, nəsillərin, tarixin bir mərhələsidir.

Professor Nərgiz Paşayeva vurğulamışdır ki, o vaxtı məhz Mirzə Cəlillər, Şahtaxtılar, Faiqlər, Əlibəylər xaçaturovlara qarşı mübarizə aparırdılar. Onlar azərbaycandilli, türkdilli qəzetlər nəşr etdirirdilər. Bu, böyük hadisə, şücaət, hünər idi. Çünki o zaman çar Rusiyasında belə bir hünərə malik olan, Azərbaycan millətinə xidmət edən insanlar arxasız idilər. Onlar hökumət, dövlət tərəfindən dəstəklənmirdilər. Amma onların qəlbi, ürəyi gördükləri müqəddəs işlərə, amallara dəstək verirdi. Bu da həqiqi vətənpərvərlik idi. Nəsir İmanquliyev də elə bir məktəbin yetirməsidir. O, bütün həyatı boyu öz fəaliyyətində Mirzə Cəlil ənənələrini davam etdirmişdir. Əgər Mir Cəlal müəllim Mirzə Cəlil ənənələrini ədəbiyyatda davam etdirirdisə, Nəsir İmanquliyev bu ənənələri jurnalistikada, mətbuatda yaşadırdı. Nəsir müəllim 1958-ci ildə "Bakı" qəzetinin, 10 il sonra isə "Baku"nun nəşrinə başlayarkən çox böyük əzablara, əziyyətlərə, məşəqqətlərə sinə gərmişdir. Belə çətin bir dövrdə ona kömək edənlərin sırasında Şıxəli Qurbanov kimi vətənpərvər ziyalı vardı.

Rektor demişdir ki, tarixə çevrilən hər hansı hadisə təkcə bir insanın fədakarlığı bahasına başa gələ bilməz. Hər bir işıqlı insan, hər bir ziyalı ətrafına özü kimi insanlar toplamalıdır ki, ortaya böyük bir iş qoya bilsin. Mirzə Cəlil də bu cür etmişdi. O, ətrafına nasirləri, şairləri yığmışdı, Nəsir müəllim də "Bakı" və "Baku" qəzetlərinə istedadlı, bacarıqlı insanları cəlb etmişdir.

Sözün qüdrətindən istifadə etmək məharəti hər kəsə nəsib olmur,- deyən Nərgiz Paşayeva vurğulamışdır ki, bu qüdrətdən istifadə etmək məharəti böyük yazıçılara, şairlərə xas olan ali keyfiyyətlərdir. Jurnalistlər bu qüdrətdən necə istifadə ediblər? Onların qarşısında hansı mətləblər və hansı prinsiplər durur? Jurnalist üçün ən vacib keyfiyyət onun ifadə etdiyi sözün vaxtında deyilməyindən asılıdır. Yazıçı istədiyini, düşündüyünü bu gün yazmasa da sabah yaza bilər. Lakin jurnalist başqa cür hərəkət etməlidir. Jurnalist operativliyi bacarmalıdır. Bu mənada Nəsir müəllimin gördüyü işlər ona görə qiymətli idi ki, o, qəzet redaktoru kimi bu tələbləri son dərəcə dəqiqliklə bilir və özünün gündəlik fəaliyyətində onlara ardıcıllıqla əməl edirdi. Mənim yadımdadır, o, hər gün işdən evə qayıtdıqdan sonra, gecə saat 2-3-dək çalışardı. Bütün mətnləri özü yoxlayardı, gözdən keçirərdi. Gün ərzində baş verən elə bir hadisə olmazdı ki, onun redaktoru olduğu qəzetlərdə əksini tapmasın. Bu gün İnternet vasitəsilə hər şeyi izləmək olur. Lakin o vaxt bu imkan yox idi. O vaxt "Bakı" və "Baku" axşam qəzetləri mübaliğəsiz demək olar ki, bu günün xəbər agentliklərinin yerinə yetirdikləri işləri görür, hər gün baş verənləri operativ surətdə oxucularına çatdırırdı.

Professor Nərgiz Paşayeva vurğulamışdır ki, Nəsir müəllim cəsarətli, iradəli, hünərli, həqiqəti deməyə və yazmağa qadir olan bir şəxsiyyət idi. O, insanlara yol göstərən, xeyirxahlıq edən nəcib insan idi. Buna görə də o, bir çoxlarına mənəvi atalıq etmişdi. Onun övladı tək deyildi, onun övladları onun yetirmələri, qəzetin əməkdaşları, jurnalistlərdir.

Bildirilmişdir ki, Nəsir İmanquliyev ömrünün böyük bir hissəsini Nizami küçəsindəki 66 nömrəli binadakı mənzildə keçirmişdir. Onun ailə üzvləri bu evi muzeyə çevirməyi qərara almışlar. Onlar istəyirlər ki, bu mənzil jurnalistlərin evi olsun, bu şərəfli peşəni özünə həyat yolu seçmiş gənclərə xidmət etsin, bu mənzilin qapısı onların üzünə daim açıq olsun.

Sonda Nərgiz Paşayeva demişdir ki, Nəsir müəllim əsl ziyalı idi. Ziyalılar isə heç vaxt unudulmurlar.

Tədbir maraqlı konsert proqramı ilə davam etmişdir. 

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov