Noyabrın
30-da AMİ-nin Zaqatala filialında Azərbaycanın
xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı,
akademik Mirzə İbrahimovun anadan olmasının 100
illik yubileyi çərçivəsində oxucular konfransı
keçirildi.
Tədbiri giriş sözü ilə açan filialın direktoru,
dosent Tovuz Eminli görkəmli sənətkar Mirzə
İbrahimovun yubileyinin təntənəli şəkildə qeyd
olunmasının əhəmiyyətindən və onun
yaradıcılığına ümummilli liderimiz Heydər
Əliyevin son dərəcə diqqət və qayğı
göstərdiyindən danışmışdır.
Ölkəmizdə sənətə və sənətkara verilən qiymətin
müstəqillik illərində möhtərəm Prezidentimizin
gündəlik fəaliyyətinin tərkib hissəsinə
çevrilməsi məruzələrdə dönə-dönə vurğulanmışdır.
Pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan
Yazıçılar Birliyinin üzvü Həşim İsmayılov
bənzərsiz sənətkarlıq məziyyətləri ilə
ədəbiyyatımızın fövqündə duran yazıçını hələ
sovet dönəmində dilimizin ölməz cəfakeşi kimi
qiymətləndirmiş, yaradıcılığının və
bioqrafiyasının bütün məqamlarına aydınlıq
gətirmişdir.
Humanitar fənlər və tədrisi metodikası
kafedrasının baş müəllimi, ədəbiyyatşünas-pedaqoq
Sabir Qurbanovun "Nəsrimizin bayraqdar övladı"
mövzusundakı məruzəsində böyük sənətə "Gələcək
gün" kimi möhtəşəm əsərlə gələn M.İbrahimovun
milyonların sevə-sevə tamaşa etdiyi "Böyük dayaq"
kinofilmindən, çoxsaylı dram əsərlərindən, Cənub
silsiləsindən olan məşhur hekayələrindən, habelə
ustadın poeziya yaradıcılığından konkret
epizodlarla söhbət açılmış, çoxlarının qibtə
etdiyi unikal sənətkarlıq keyfiyyətlərinin bir
yazıçıda birləşməsinin möcüzə kimi
qiymətləndirilməsinin iftixar doğurduğu
bildirilmişdir. Azərbaycan dili və ədəbiyyatı
müəllimliyi ixtisası üzrə III kurs tələbəsi
Aygül Yusibova Mirzə İbrahimovu yüksək ziyalı,
kamil pedaqoq, əsl tərcüməçi, şöhrətli akademik,
tanınmış dövlət xadimi kimi səciyyələndirmişdir.
Tədbirin ikinci hissəsində tələbələr arasında "Ən
yaxşı oxucu" müsabiqəsi keçirilmişdir. Ədibin "Böyük
dayaq", "Pərvanə" romanları, "Kəndli qızı",
"Madrid" pyesləri, "Közərən ocaqlar", "Azad"
hekayələri, C.Məmmədquluzadə yaradıcılığına həsr
olunmuş monoqrafiyası haqqında təəssüratlar
dinlənilmişdir.Tələbələrdən Əhməd İsmayılov,
Fərid Əzimov, Nahidə Məmmədzadə, Elnarə Manaflı,
Rauf Verdiyev və b. müxtəlif həvəsləndirici
yerləri tutmuşlar. I kurs tələbəsi Sevinc
Məmmədovanın böyük sənətkara həsr etdiyi şeiri
maraqla qarşılanmışdır.
Orijinal çıxışı, yazıçının roman yaradıcılığına
fərdi münasibəti, "Böyük dayaq" romanından çıxan
ideyaya yanaşma üsulu ilə III kurs tələbəsi
Həyat Mahmudova müsabiqənin qalibi hesab
olunmuşdur.
Tədbirin sonunda fərqlənənlərə müxtəlif növ
mükafatlar təqdim olunmuşdur.
Vüsalə HƏMZƏYEVA,
AMİ-nin Zaqatala filialının tədris-tələbə
şöbəsinin əməkdaşı |