Ölkəmizdə
turizmin inkişaf etdirilməsi, onun iqtisadi-sosial
və mədəni həyatdakı rolunun öyrənilməsi müasir
dövr reallıqları baxımından mühüm əhəmiyyət kəsb
edir. Turizmin ayrı-ayrı regionların iqtisadi
inkişafındakı rolu bir çox inkişaf etmiş
ölkələrin təcrübəsində öz təsdiqini tapmış, bu
barədə çoxlu məqalələr, elmi əsərlər yazılmışdır.
Azərbaycanın zəngin turizm ehtiyatları, milli
qonaqpərvərliyi və genişlənən turizm
infrastrukturu ölkəmizin bütün regionlarında
turizm sənayesinin inkişaf etdirilməsi üçün
əlverişli imkanlar yaradır. Bu baxımdan turizmə
dair nəzəri məsələlərlə yanaşı, onun inkişaf
etdirilə biləcəyi hər bir regionun özünəməxsus
xüsusiyyətlərinin də nəzərə alınması ilə
tədqiqatlar aparılması 2011-ci "Turizm ili"ndə
qarşıya qoyulmuş mühüm məsələlərdəndir. Naxçıvan
Dövlət Universitetinin əməkdaşları, Sankt-Peterburq
Beynəlxalq Turizm Akademiyasının həqiqi üzvləri,
fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev
və iqtisad üzrə fəlsəfə doktoru Əli Cabbarovun
bu il Rusiyanın Novosibirsk şəhərində işıq üzü
görmüş "Turizm i sovremennost: Naxçıvanskaya
Avtonomnaya Respublika, Azerbaydjan" adlı kitabı
istər ölkəmiz, istərsə də rusdilli oxucular
arasında maraqla qarşılanmışdır.
Kitab dörd bölmədən ibarətdir. Birinci bölmə
Azərbaycanın mədəniyyətlərarası dialoqda rolu,
etnik turizmin bu baxımdan əhəmiyyəti,
Azərbaycanla Rusiyanın müasir iqtisadi-mədəni
əlaqələri, ikinci bölmə turizm və humanitar
inkişafa dair olub, gəncliyin inkişafı və muxtar
respublikada dini turizmin inkişafı, üçüncü
bölmə turizm və regional inkişafa həsr olunub,
ölkəmizin regionlarında, o cümlədən Naxçıvan
Muxtar Respublikasında mineral və müalicə
turizminin inkişafına və qeyri-neft sektorunda
turizmin rolu məsələlərinə həsr olunmuşdur.
Kitabın dördüncü bölməsində Azərbaycan
Respublikasının Turizm Qanunu və Ümumdünya
Turizm Təşkilatının dünya turizminin inkişafına
dair qəbul etdiyi mühüm sənədlər verilmişdir.
Kitabda qələmə alınmış mövzulara uyğun olaraq
Naxçıvan Muxtar Respublikasının turizm
ehtiyatlarının fotoşəkillərindən ibarət
illüstrasiyalar da verilmişdir.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri |
|