Musa İsgəndər oğlu Ağayev 1914-cü ildə Şuşa
şəhərində anadan olub.
Atası Ağayev İsgəndər Məlik oğlu əslən Xəlfəli
kəndindən olub. Öz torpağı olmadığına görə
çobanlıq edib. Anası Ağayeva Natəvan evdar qadın
olub. 1916-cı ildə ailəsi Bərdəyə köçərək,
Lənbəran kəndində məskunlaşıb.
1917-ci ildə hər iki valideyni rəhmətə gedib.
Onların ölümündən sonra 3 yaşlı Musanı qardaşı
tərbiyə edib. 1924-cü ilə qədər təsərrüfat
işlərində qardaşına kömək edib. 1924-cü ildən
təhsil almağa başlayıb. İlk təhsilini Bərdədə
alıb. 1930-cu ildə təhsilini davam etdirmək
məqsədilə Bakıya gəlib, Stalin adına fəhlə
fakültəsinə daxil olub. Təhsilini başa vurana
qədər dövlət təqaüdü alıb və yataqxanada yaşayıb.
1933-cü ildə fəhlə fakültəsini bitirib, Məşədi
Əzizbəyov adına Azərbaycan Qırmızı Bayraqlı
Sənaye İnstitutunun neft mədəni fakültəsinə
qəbul olub. İnstitut illərində də dövlət təqaüdü
alıb.
1938-ci ildə neftci-mühəndis ixtisası üzrə neft
sənayesi sahəsində əmək fəaliyyətinə başlayıb.
O, əvvəlcə neftçıxarma ustası, quyuların tədqiqi
və işlədilməsi üzrə mühəndis, sonra isə "Azneft"
Birliyi normativ-tədqiqat qrupunun baş mühəndisi
vəzifələrində işləyib. Böyük Vətən müharibəsi
illərində Qazaxıstan SSR-in neft sənayesində
çalışıb.
1946-cı ildən 1961-ci ilədək rəhbər partiya
işində çalışmış Musa Ağayev əvvəlcə Bakı Şəhər
Partiya Komitəsi Aparatında işləyib, 1957-ci
ildə Azərbaycan KP Kirov Rayon Komitəsinin
birinci katibi seçilib.
1961-1964-cü illərdə Azərbaycan SSR Nazirlər
Soveti Dövlət Texniki Peşə Təhsili Komitəsinə
başçılıq edib. Texniki peşə təhsili sisteminin
inkişafı və təkmilləşdirilməsi, kadrların
təhsili və tərbiyəsi ilə əlaqədar vəzifələri
uğurla yerinə yetirib.
Vətən qarşısındakı xidmətlərinə görə "Şərəf
nişanı" ordeni, "1941-1945-ci illərdəki Böyük
Vətən müharibəsində əmək igidliyinə görə" medalı
ilə təltif olunub. O, Azərbaycan SSR Ali Soveti
və Bakı Şəhər Sovetinə deputat, Bakı Partiya
Komitəsinə üzv seçilib.
Musa Ağayev 1965-ci ilin avqustunda dünyasını
dəyişib, Fəxri xiyabanda dəfn olunub.
***
1964-1965-ci illərdə Respublika Texniki Peşə
Təhsili Komitəsinin sədrini Həsən Salman oğlu
Ağayev əvəz edib. O, qısa müddət bu vəzifədə
çalışmasına baxmayaraq, texniki peşə təhsilinin
inkişafı üçün səy və bacarığını əsirgəməyib.
|