Ölkəmizdə
müəllimlərin İKT sahəsində biliklərinin
artırılması istər paytaxtda, istərsə də əyalət
təhsil ocaqlarında tədrisin keyfiyyətini
yüksəldir. Artıq bu gün hər bir müəllim öz
üzərində məsuliyyətlə çalışır, dərs prosesində
yaradıcılıq potensialını qarşıya qoyur. Tədris
prosesini İKT-nin tətbiqi ilə quran, dərslərində
interaktiv təlim metodlarından və üsullardan
səmərəli istifadə edən yaradıcı müəllimlərdən
biri də Azərbaycan Milli Konservatoriyası
tərkibində İncəsənət Gimnaziyasının ibtidai
sinif müəllimi Leyla Əsgərovadır. Dekabrın
9-da 2-ci "b" sinfində onun keçirdiyi "açıq dərs"
buna bariz nümunə idi.
2-ci "b" sinfində bütünlüklə rus dilində
aparılan dərsin mövzusu "Mətn" (Tekst) idi.
Dərs prosesində əqli hücum, müqayisə,
diskussiya və s. üsullardan məharətlə
istifadə olundu və müəllim dərsin ilk
mərhələsində motivasiyanın yaradılmasına
üstünlük verdi. İKT-dən ustalıqla istifadə
olunmaqla dərsin bütün mərhələlərində müxtəlif
mövzuları əhatə edən şəkillər, dialoqlar,
cümlələr ikincilərə elektron lövhədə təqdim
olundu.
Leyla müəllim dərsdə iştirak edən 22 şagirdi
əvvəlcə üç qrupa -"Sünbül","Buğda dənəcikləri"
və "Məhsul" qruplarına böldü. Sonra o, bu gün
təhlil olunacaq mətn barədə ümumi anlayış
yaratmaqla mətnin hərfi və leksik mənasını
uşaqlara anlatdı. Sol və sağ sırada qurulan
cümlələr müqayisə olundu. İkincilər müəllimin
təqdim etdiyi sözlərdə buraxılmış hərfləri
çətinlik çəkmədən tapdılar. Sonra həmin sözləri
cümlələrdə işlətdilər. "Cırtdan"
nağılının personajları əsasında ikincilər
tapşırıq hazırladılar. "Sünbül" qrupunun rəhbəri
Gülay Hacılı çörəyi necə bişirmək qaydaları
barədə danışdı və sinifdə qoyulan rəmzi təndirə
çörəyi necə yapmağın vacib olduğunu əyani
surətdə nümayiş etdirdi. O, müxtəlif çeşidli
undan hazırlanan çörək növlərinin və
məmulatlarının adlarını da sadaladı. Sonra
mövzu ətrafında diskussiya başlandı. Sünbüldən
buğda alınması, buğdadan unun, undan xəmirin,
xəmirdən isə çörəyin ərsəyə gəlməsi barədə sual-cavab
şəraitində məlumatlar verildi. Lövhədə
slaydlar vasitəsilə "Şərikli çörək" filmindən
fraqmentlər göstərildi. Leyla müəllimin məqsədi
bu mövzunu qabartmaqla ikincilərə çörəyin
müqəddəsliyi, onun həyat üçün ən vacib nemət
olduğu barədə məlumat vermək idi. "Çörək bol
olarsa, basılmaz vətən, çörək ruzidir,
bərəkətdir. Hamının borcu bu neməti qorumaqdır",
- deməklə müəllim uşaqlara çörəyi sevməyi, onu
dəyərləndirməyi, qədrini bilməyi aşıladı.
Uşaqlar da, öz növbələrində, çörək haqqında
söylədikləri müdrik kəlamları səsləndirdilər.
"Buğda dənəcikləri" qrupunda isə Nuray Quliyeva
x hərfi ilə başlayan mətn haqqında topladığı
məlumatları təhlil etdi. O, Xarı bülbül haqqında
ətraflı və geniş məlumat verdi. Xarı bülbülün
harada, hansı coğrafi və iqlim şəraitində
bitdiyi və böyüdüyü barədə danışdı. Sonra
slaydlarla Şuşa dağlarında bitən, füsunkar və
əsrarəngiz gözəlliyi ilə hamını heyran qoyan
Xarı bülbül nümayiş olundu. Bu gözəl çiçəyin
vətənimiz Azərbaycanın ayrılmaz hissəsi olan
Qarabağın, Şuşanın rəmzi olduğu səsləndirildi.
Dərs prosesində x hərfi ilə başlanan şəhər və
rayon adlarının yazılış qaydaları müzakirə
olundu. Slaydda bu dərsdə yeni öyrədilən x
hərfi ilə başlanan söz birləşmələri verildi və
mətndəki hər cümləni bir uşaq oxudu, sonra isə
mətnə aid verilən suallar cavablandırıldı.
İkincilər onlara verilmiş sözlərin əks
mənalarını tapdılar. Tapılan sözlərin birinci
hərfindən vertikal şəkildə yeni bir söz alındı.
Bu söz insanın yaxşı keyfiyyətlərindən biri
idi. Leyla Əsgərovanın uşaqlara müraciətlə
Xocalı şəhərini tanıyırsınızmı - sualına uşaqlar
xorla cavab verdilər: - Bəli! Lövhədə Xocalı
hadisələri, o dəhşətli gün xatırlandı. "Qarabağ
şikəstəsi" səsləndirildi. Düşmən tapdağı
altında qalan Qarabağ haqqında şeirlər,
bayatılar söylənildi. Sonra isə simvolik olaraq
Azərbaycanın gerbi nümayiş olundu.
"Məhsul" qrupunda "Auksion" oyunu keçirildi.
Uşaqlara "Çörək haqqında nə bilirsən?" adlı mətn
verildi. Onlar çörək sözündə neçə hərf, səs,
heca, sait və neçə samit olduğunu öyrəndilər.
Sözün mənasını öyrənmək üçün müəllimin verdiyi
lüğətdən də istifadə etdilər. Sonra "Nənə
təndirə çörək yapır" şəkli üzrə uşaqlara
tapşırıqlar verildi. Şəkillərə baxıb cümlələr
qurdular. Maraqlı fikirlər irəli sürdülər.
Cümlədə mübtəda və xəbəri ayırd etdilər. Uşaqlar
yeni öyrəndikləri bilikləri, əldə etdikləri
informasiyanı yaradıcı şəkildə tətbiq etmək
məqsədilə bir neçə tapşırıq həll etdilər.
Leyla müəllim dərsdə qiymətləndirməni hər qrup
üçün meyar cədvəlinə əsasən həyata keçirməklə
dərsin bütün mərhələlərində qiymətləndirmə
apardı. Ən maraqlısı bu idi ki, bu prosesi də
ikincilər özləri həyata keçirirdilər. Bununla
onlar biliyi qiymətləndirmək bacarığına da
yiyələnirdilər. Uşaqlar üçün özünüqiymətləndirmə
əslində özünənəzarət vasitəsi rolunu oynadı.
Dərs sona çatdıqdan sonra müzakirələr başlandı.
Leyla müəllim uşaqların fəallığını
qiymətləndirdi. Verilən tapşırıqların
öhdəsindən bacarıqla gələn "Buğda dənəcikləri"
qrupu qalib adını qazandı. Dərsi dinləyən
məktəbin direktoru Mahizər Şabanbəyova və
müavinləri Əlvan Səfərov, Sevinc Tahirova
Leyla Əsgərovanın keçdiyi "açıq dərs"i yüksək
dəyərləndirərək müəllimin interaktiv təlim
metodlarından ustalıqla istifadə etdiyini
bildirdilər. Qeyd etdilər ki, BİBÖ, Venn
diaqramı, klaster, auksion, söz assosiasiyası,
rollu oyunlar və s. kimi yeni təlim üsulları
ilə keçilən dərslər daha yaxşı qavranılır və
şagirdlərin marağına səbəb olur.
Sifai SƏFƏROVA |
|