Azərbaycan xalqının böyük oğlu, ümummilli lider
Heydər Əliyevin xatirə günü ərəfəsində Bakının
Yeni Yasamal yaşayış massivində yerləşən 286
nömrəli tam orta məktəbdə Heydər Əliyev
muzeyi yaradılıb. Ulu öndərimizin zəngin həyat
yolundan və fəaliyyətindən ayrı-ayrı
fraqmentləri, xarici səfərlərindən məqamları əks
etdirən fotoşəkillərindən ibarət stendlərin,
digər eksponatların, eləcə də Heydər Əliyevin
büstünün nümayiş olunduğu muzey məktəbin veteran
müəllimi, yaş senzinin tətbiqi ilə əlaqədar bu
il işdən çıxmış Gülmirə Əliyevanın təşəbbüsü ilə
açılıb. Muzeyin eksponatlarını da o öz şəxsi
vəsaiti ilə əldə edib.
Dekabrın 9-da muzeyin rəsmi açılışı oldu. Bu
münasibətlə keçirilən mərasimdə məktəbin
müəllimləri ilə bərabər, Bakı Şəhəri üzrə Təhsil
İdarəsindən, yaxın məktəblərdən qonaqlar da
iştirak edirdilər.
Məktəbin direktoru Mübariz Vəliyev muzeyin rəmzi
açılışını bildirən qırmızı lenti kəsdikdən sonra
bir qrup istedadlı şagird tədbir iştirakçılarını
şeir və mahnılarla salamladı. Şagirdlər qısa və
maraqlı çıxışlarında ulu öndər Heydər Əliyevin
həyat və fəaliyyətindən, xilaskarlıq
missiyasından, xalqımız qarşısındakı misilsiz
xidmətlərindən söz açdılar. Sonra tədbir
iştirakçıları muzeyin eksponatları ilə tanış
oldular. Açılış mərasimində çıxış edən Bakı
Şəhəri üzrə Təhsil İdarəsi Metodik Mərkəzinin
direktor müavini Sitarə Məmmədova, Metodik
Mərkəzin Yasamal, Səbail və Qaradağ bölməsinin
baş metodisti Gülnarə Zeynalabdinova, Bakı şəhər
52 nömrəli tam orta məktəbin direktoru Elmira
Ələsgərova, şair publisistlər Maşallah Məftun,
Əli Həsən və başqaları çıxış edərək məktəbdə
Heydər Əliyev muzeyinin açılmasını yüksək
qiymətləndirdilər, bu münasibətlə təhsil
ocağının kollektivini təbrik etdilər. Çıxışlarda
muzeyin araya-ərsəyə gəlməsində böyük zəhməti
olan Gülmirə Əliyevaya minnətdarlıq bildirildi,
şagirdlərin ulu öndərimiz Heydər Əliyevin zəngin
həyat və fəaliyyəti nümunəsində tərbiyəsində
muzeyin mühüm rol oynayacağına inam ifadə olundu,
Azərbaycanın müstəqilliyinin bərpa edilməsində
və möhkəmləndirilməsində, ölkəmizin inkişafında,
dünya dövlətləri tərəfindən tanınmasında
ümummilli lider Heydər Əliyevin böyük rolundan
söz açıldı.
***
Bakıdakı 54 nömrəli tam orta məktəbdə
ulu öndər Heydər Əliyevə həsr olunmuş "Müdriksən,
ucasan, əbədisən qəlbimizdə" adlı anım mərasimi
keçirildi. Əvvəlcə tədbir iştirakçıları ulu
öndərə həsr olunmuş rəsm sərgisi ilə tanış
oldular. Şagirdlərin ifasında Dövlət himni
səsləndirildi. Dövlət bayrağı səhnəyə gətirildi.
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi
bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Sahibə
Abbasova açaraq ulu öndər Heydər Əliyevin
Azərbaycan xalqı qarşısında gördüyü misilsiz
işlərdən söz açdı. Bildirdi ki, tarixi
şəxsiyyətlər nəsillərin yaddaşında yaratdıqları
və həyatda qoyub getdikləri izlərlə əbədiləşir.
Ulu öndər Heydər Əliyev məhz belə
şəxsiyyətlərdəndir.
Meydan istedadlı şagirdlərə verildi. Onlar ulu
öndəri çox sevdiklərini və ömür boyu bu sevginin
tükənməyəcəyini bildirdilər. Şagirdlər ümummilli
liderə həsr olunan mahnılar və şeirlər
söylədilər.
Çıxış edənlər ulu öndərin həyat yolu, misilsiz
xidmətləri haqqında geniş məlumat verdilər.
Tədbir ulu öndər Heydər Əliyevə həsr olunmuş
filmin nümayişi ilə başa çatdı.
***
Bakıdakı 308 nömrəli orta məktəbdə müasir
Azərbaycan dövlətinin qurucusu, ümummilli lider
Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım
mərasimi keçirildi. Tədbirdə Azərbaycan Dövlət
Gənc Tamaşaçılar Teatrının aktyorları,
Türkiyədən gəlmiş bir qrup müəllim və digər
qonaqlar iştirak edirdilər.
Tədbirə başlamazdan əvvəl ulu öndər Heydər
Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad
edildi və ədəbi-bədii kompozisiya göstərildi.
Məktəbin direktoru Təranə Məmmədova
Azərbaycan xalqının xilaskarı, ümummilli lider
Heydər Əliyevin həyat və fəaliyyətindən danışdı.
Şagirdlər ulu öndərə həsr olunmuş şeir söyləyib
və mahnı oxudular. Tədbirdə Azərbaycan Dövlət
Gənc Tamaşaçılar Teatrının aktyorları Zülfiyyə
Alhüseynova, İradə Rəsulova, Aydın Dəmirov və
başqaları çıxış etdilər.
Türkiyəli qonaqlardan Muammer Akkuş, Əkrəm Aytar,
Yüksəl Sarıkaya və Farruk Seyitxanoğlu tədbirdə
iştirak etmələrindən məmnun olduqlarını bildirib,
Azərbaycan dövlətinin müstəqilliyinin qorunması
və möhkəmləndirilməsində misilsiz xidməti olan
Heydər Əliyevin fəaliyyətini qeyd etdilər.
Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə
aid videoçarx nümayiş etdirildi.
***
Dekabrın 12-də Bakı Humanitar Kollecində
Tələbə Gənclər təşkilatının təşkilatçılığı ilə
ulu öndər Heydər Əliyevin xatirəsinə həsr
olunmuş anım mərasimi keçirilib. Tədbir
kollecin müəllimi Zülfiyyə Dəvəliməhəmmədin
ssenari müəllifi və rejissoru olduğu ədəbi
kompozisiyası ilə başlayıb. Kollecin direktoru
İ.Mahmudov, Binəqədi Rayon Gənclər və İdman
İdarəsinin rəis müavini S. Süleymanova və həmin
idarənin baş məsləhətçisi E. Məmmədov ulu
öndər Heydər Əliyevin müasir Azərbaycanın
qurucusu kimi tarixi xidmətlərindən danışıblar.
Sonra kollecin tələbələri çıxış edərək ulu
öndərin azərbaycançılıq ideyalarına sadiqlik
nümayiş etdiriblər.
Tədbirdə ümummilli lider Heydər Əliyevin həyat
və fəaliyyətini əks etdirən videoçarx nümayiş
etdirilib.
***
Dekabrın 12-də Azərbaycanın Milli Qəhrəmanı
E.Tağızadə adına 164 nömrəli tam orta
məktəbdə ulu öndər, dünya şöhrətli
siyasətçi Heydər Əliyevin anım günü keçirildi.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru
Kəmalə Qədirova qeyd etdi ki, Heydər Əliyevin
adı və şərəfli həyatı öz vətəninə, xalqına
məhəbbətin təkrarsız təcəssümü, millətə və
dövlətə xidmətin misilsiz nümunəsi kimi əsrlər
boyu yaşayacaq, Azərbaycanın indiki və gələcək
nəsilləri üçün əbədi örnək olacaqdır.
Tədbirdə məktəbin tarix müəllimi F.Nəbiyeva "Heydər
Əliyev müstəqil Azərbaycanımızın qurucusu,
memarıdır" mövzusunda çıxış etdi.
Mərasimdə şagirdlər "Heydər babamız", "Sən
kökü üstündə bitən çinarsan", "Bir el sevindi"
şeirlərini söylədilər.
Sonda Heydər Əliyevə həsr edilmiş videoçarx
nümayiş olundu.
***
Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris
Mərkəzində
ulu öndərin xatirəsinə həsr olunmuş anım
mərasimi keçirildi. Dekabrın 9-da tədris
mərkəzinin mühəndis-pedaqoji kollektivi və
şagirdlər Heydər Əliyev guşəsinin önünə
toplaşdılar. Mərkəzin direktoru çıxış edərək
bildirdi ki, bəşər tarixində elə böyük
şəxsiyyətlər var ki, onlar öz ideyaları ilə
zamanı qabaqlayırlar. XX əsrdə ulu Tanrı
Azərbaycan xalqına dünyanın qüdrətli
siyasətçilərindən olan ümummilli liderimiz
Heydər Əliyevi bəxş etmişdir.
Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad
edildi.
Sonra mərkəzin tədris-istehsalat işləri üzrə
direktor müavini Reyhan Məmmədova çıxış edərək
bildirdi ki, Heydər Əliyev irsi böyük bir
məktəbdir, ulu öndərin həyat və fəaliyyəti hər
bir azərbaycanlı üçün nümunə və örnəkdir. Bu
irsi öyrənmək və gələcək nəsillərə çatdırmaq
bizim müqəddəs borcumuzdur.
Tədris mərkəzinin mühəndis - pedaqoji
kollektivi və şagirdləri ümumrayon tədbirinə
qatılaraq Heydər Əliyev parkında ulu öndərin
abidəsini ziyarət etmiş, abidənin önünə gül
dəstələri düzmüşlər.
***
Azərbaycan xalqının ümummilli lideri, görkəmli
dövlət xadimi Heydər Əliyevin xatirəsi Şamaxı
rayonundakı Meysəri kənd tam orta məktəbində
keçirilən tədbirdə ehtiramla anılıb. Bu barədə
məlumat verən məktəbin Azərbaycan dili və
ədəbiyyat müəllimi Müşfiq Hümbətov bildirib ki,
ulu öndərin anım mərasimində Dövlət himni
səsləndirildikdən sonra, dahi şəxsiyyət Heydər
Əliyevin xatirəsi toplantı iştirakçıları
tərəfindən bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən məktəbin direktoru Vidadı
Hümbətov ümummilli lider Heydər Əliyevin həyat
və fəaliyyətindən danışaraq dünya siyasətində
onun danılmaz tarixi dəst-xəttini, müstəqil
Azərbaycan Respublikasının memarı və qurucusu
olduğunu, şərəfli ömrünü Vətənə və xalqa həsr
etdiyini diqqətə çatdırıb.
Tədbirdə məktəbin tarix müəllimi Mübariz Ağayev
"Heydər Əliyev Azərbaycan dövlətinin banisidir"
mövzusunda məruzə ilə çıxış edib. O, Heydər
Əliyevin Azərbaycan xalqı üçün gördüyü nəhəng
işlərdən danışaraq dünya şöhrətli siyasətçinin
layiqli davamçısı Prezident İlham Əliyevin bu
yolu uğurla davam etdirərək Azərbaycanda siyasi,
sosial- iqtisadi sahədə sürətli inkişafa nail
olduğunu qeyd edib.
Sonra məktəbin müəllimləri- Söhbət Rəsulov "Heydər
Əliyev və gənclər", Məhəmməd Xasayev "Heydər
Əliyevin təhsilə qayğısı" mövzularında çıxış
ediblər.
Sonda məktəbin şagirdləri ulu öndərə həsr
edilmiş şeirlər söyləyiblər.
"Azərbaycan müəllimi" |