Təhsil sistemi
Cənubi
Amerikanın şərqində yerləşən Braziliya dünyanın
ən böyük ölkələrindən biridir. XX əsr
Braziliyada həyatın digər sahələrində olduğu
kimi, təhsil sektorunda da ciddi dəyişiklik
dövrü hesab olunur.
Ölkə təhsili əsas, orta və ali təhsil
səviyyəsinə bölünür. Təhsil sisteminin əsas
məqsədi bazar iqtisadiyyatı şəraitində uğur
qazanmağı bacaran kadrlar yetişdirmək və yüksək
səviyyəli ali təhsilli mütəxəssislər
hazırlamaqdan ibarətdir. Ölkə təhsili federal
hökumət və yerli idarəetmə orqanlarının nəzarəti
altındadır.
Məktəbəqədər təhsil müəssisələrinə 2-6 yaş
arasında olan uşaqlar cəlb edilir. Tam orta
təhsil ibtidai (I-IV siniflər), əsas (V-VIII
siniflər) və orta (IX-XI siniflər) təhsil
pillələrini əhatə edir. İbtidai məktəblərin
əksəriyyəti bələdiyyələr və ya ştatlar
tərəfindən maliyyələşdirilir. Təhsil 6 yaşından
14 yaşına (I-VIII siniflər) qədər hamı üçün
icbari və ödənişsizdir.
Ali təhsil 5 il, magistr və doktor dərəcə
proqramları isə 2,5 il davam edir. Ölkədə ilk
universitetlər Rio de Janeyro şəhərində təsis
olunub. Minas Geras (1927), Porto Alegre (1934)
və Sao Paulo (1934) universiteti Braziliyanın ən
qocaman ali məktəbləri hesab olunurlar. Ali
təhsil 2 hissədən ibarətdir: universitet təhsili
və universitetdən sonrakı təhsil mərhələsi.
Dövlətə məxsus ali məktəblərdə təhsil ödənişsiz
əsaslarla həyata keçirilir. Bəzən bakalavr və
magistr təhsili proqramlarının ingilis və
Braziliya dillərində tədrisinə təsadüf etmək
mümkündür.
Texniki
peşə təhsili verən ali peşə məktəblərinə və
texniki təhsil verən müəssisələrə də tələbat
böyükdür. Belə tədris ocaqları əsasən istehsalat
sahələri və digər müvafiq müəssisələrlə sıx
əməkdaşlıq edir.
Müxtəlif yaşda olan insanlar üçün yaşlıların
təhsili proqramları nəzərdə tutulub. Yaşlıların
təhsili proqramlarına daha çox müxtəlif
səbəblərdən əsas təhsil pilləsini başa vura
bilməyən şəxslər maraq göstərirlər. Davamlı
təhsil proqramları isə işləyən və ali təhsil
almaq istəyən, o cümlədən texniki bilik və
bacarıqlarını artırmaq istəyənlər üçün nəzərdə
tutulub.
Braziliya Elm və Texnologiya Nazirliyi
planlaşdırma, əlaqələndirmə, elm və
texnologiyaya bağlı dövlət siyasətini həyata
keçirir. Beynəlxalq əməkdaşlıq məsələlərinə
xüsusi önəm verən Braziliya Avropa İttifaqı,
Avropa Komissiyası və digər beynəlxalq
qurumlarla qarşılıqlı əlaqələri inkişaf
etdirməkdədir. Həmçinin ayrı-ayrı ölkələrlə
ikitərəfli təhsil əlaqələri daha da
möhkəmləndirilir, elmi-tədqiqat sahələrində
birgə layihələr reallaşdırılır.
Ölkənin təhsil sahəsində qazandığı uğurların
nəticəsidir ki, çoxsaylı əcnəbi tələbələr bir
sıra sahələr üzrə yüksək ixtisas almaq üçün
Braziliya universitetlərini seçirlər.
Məktəbəqədər təhsil
Braziliyada
məktəbəqədər təhsilin əsas məqsədi uşaqların
fiziki-psixoloji, intellektual və sosial
inkişafını təmin etməkdən ibarətdir. 2 yaşlı
uşaqlar üçün gündəlik qayğı mərkəzləri, 2-3
yaşlı uşaqlar üçün uşaq bağçaları, 4-6 yaş arası
uşaqlar üçün məktəbəqədər təhsil müəssisələri
fəaliyyət göstərir.
Son illər bir sıra erkən uşaqlığa qayğı və
təhsilin keyfiyyətinin yaxşılaşdırılması
proqramları qəbul edilib. Bütün bunlar
məktəbəqədər təhsilin müasir tələblər
səviyyəsinə qaldırılması və uşaqların məktəbə
hazırlıq səviyyəsinin yüksəldilməsi baxımından
mühüm əhəmiyyət kəsb edir.
Orta təhsil
Ölkədə tam orta təhsil ibtidai (I-IV siniflər),
əsas (V-VIII siniflər) və orta (IX-XI siniflər)
təhsil pillələrini əhatə edir. İbtidai
məktəblərin əksəriyyəti bələdiyyələr və ya
ştatlar tərəfindən maliyyələşdirilir. Təhsil
6-14 yaşlı uşaqlar (I-VIII siniflər) üçün icbari
və ödənişsizdir. Braziliyada kurikulum
islahatlarına 2006-cı ildən başlanılıb.
Kommunal, dərslik və məktəbli forması üçün lazım
olan xərclər bələdiyyələr tərəfindən ödənilir.
Müəllimlərin təyinatı məsələlərinə də
bələdiyyələr cavabdehlik daşıyır. Tədris ili
fevralda başlayır və noyabrda başa çatır. Təlim
Braziliya və portuqal dillərində aparılır.
İngilis, ispan və fransız dilləri isə xarici dil
kimi tədris olunur. Müəllimlərin dərs
yükü gündə 4, həftədə 22 saata qədər ola bilər.
Orta
təhsil proqramında tarix, coğrafiya, riyaziyyat,
fizika, kimya və biologiya fənləri tədris olunur.
Son illər fəlsəfə və sosiologiya fənləri də orta
məktəb proqramlarına daxil edilib.
Bəzi orta məktəblərdə kənd təsərrüfatı sahəsində
peşə təhsili proqramları tədris olunur. Tədris
proqramları regionlardan və şagirdlərin
qabiliyyətindən asılı olaraq dəyişə bilər.
Texniki peşə təhsili
Braziliyada gənclərin iş həyatına hazırlanması
üçün peşə və texniki peşə təhsilinin inkişaf
etdirilməsinə ciddi diqqət yetirilir. Orta
təhsillə peşə və texniki peşə təhsili arasında
inteqrasiyanın genişləndirilməsi üçün
əhəmiyyətli addımlar atılır.
Peşə
və texniki peşə təhsilinin əhəmiyyət və
səmərəliliyini təkmilləşdirmək məqsədilə YUNESKO
təhsil işçilərinin, eləcə də texniki işçi
heyətin bilik və bacarıqlarının artırılmasına
yaxından dəstək verir. 1997-ci ildən etibarən
YUNESKO ilə bu sahədə əməkdaşlıq edilir.
Texniki peşə təhsili verən tədris ocaqlarında
ehtiyac duyulan bütün sahələr üzrə mütəxəssislər
hazırlanır. Çoxsaylı peşə tədrisi müəssisələri
açıq rəqabət şəraitində nüfuzlarını qoruyub
saxlamağa çalışır və ya digər qurumlarla
birləşirlər. Son illər texniki peşə təhsili
müəssisələrindən 31 Federal İnstitut, 75 yerli
özünüidarəetmə orqanları nəzdində fəaliyyət
göstərən Tədris Birliyi, 39 kənd təsərrüfatı
üzrə texniki məktəb, 7 federal texniki məktəb, 8
digər müvafiq tədris ocağı universitetlərə
birləşib. Texniki ali məktəblərdə magistr və
fəlsəfə doktoru dərəcələri almaq mümkündür.
Ali təhsil
Braziliyada
ali təhsil kursu 5 il, magistr və doktor dərəcə
proqramları isə 2,5 il davam edir. Ölkədə ilk
universitetlər Rio-de Janeyro şəhərində təsis
olunub. Minas Geras (1927), Porto Alegre (1934)
və Sao Paulo (1934) universitetləri Braziliyanın
ən qocaman ali məktəbləri hesab olunurlar. Ali
təhsil 2 hissədən ibarətdir: universitet təhsili
və universitetdən sonrakı təhsil mərhələsi.
Dövlətə məxsus ali məktəblərdə təhsil ödənişsiz
əsaslarla həyata keçirilir. Bəzən bakalavr və
magistr təhsili proqramlarının ingilis və
Braziliya dillərində tədrisinə təsadüf etmək
mümkündür.
Texniki peşə təhsili verən ali məktəblərə də
tələbat böyükdür. Belə tədris ocaqları əsasən
istehsalat sahələri və digər müvafiq
müəssisələrlə sıx əməkdaşlıq edir.
XX
əsrin birinci yarısında Braziliyada özəl və
dövlət əsaslı təhsil müəssisələri federal
institutlara çevrildilər. Ölkənin ali təhsil
müəssisələrində 1,5 milyon nəfər təhsil alır.
Tələbələrin əksəriyyəti özəl ali məktəblərdə
təhsil alırlar. Braziliya universitetlərinin 52
faizi dövlət universitetləridir. Ölkə üzrə
ümumilikdə, 2000-dən çox ali təhsil müəssisəsi
fəaliyyət göstərir.
Bir qayda olaraq özəl təhsil müəssisələrində
daha çox əmək bazarının tələbatına uyğun
mütəxəssislər hazırlanır. Dövlət təhsil
müəssisələrində isə əsasən, elmi-tədqiqat
sahələrinə maraq göstərənlər oxuyurlar.
Əsas özəl təhsil müəssisələri sırasına Rio-de
Janeyro Universiteti, Sao Paulo Katolik
Universiteti, Kampinas Universiteti daxildir.
Sao Paulo Universitetinin nəzdində 40 institut,
kollec və məktəblər fəaliyyət göstərir.
Onu da qeyd edək ki, Braziliya ali təhsil
müəssisələrinə daxil olmaq istəyən əcnəbilər
Celpe-Bras imtahanını verməlidirlər.
Elmi tədqiqatlar
Braziliyada elmi və texnoloji tədqiqatlar əsasən
dövlət universitetləri və tədqiqat
institutlarında həyata keçirilir. Tədqiqat
işlərinin 73 faizi dövlət tərəfindən
maliyyələşdirilir.
Ölkənin ən məşhur tədqiqat müəssisələri sırasına
Osvaldo Kruz İnstitutu, Butantan İnstitutu,
Aerofəza Texniki Mərkəzi, Braziliya Kənd
Təsərrüfatı Tədqiqi Korporasiyası, Fəza
Tədqiqatı üzrə Milli institutlar daxildir.
Bunlarla yanaşı, Dənizçilik Mərkəzi, Nüvə
Enerjisi Mərkəzi, Texniki və Enerji İnstitutu,
Braziliya Araşdırmalar İnstitutu fəaliyyət
göstərir.
Tibb, mühəndislik və kompüter elmləri, sosial və
tətbiqi elmlər, bioloji elmlər, kənd təsərrüfatı,
incəsənət və dilçilik elmləri aparılan elmi
tədqiqat işlərinin əsas istiqamətlərindəndir.
Elmi tədqiqat işlərinə göstərilən diqqətin
nəticəsidir ki, 3000-dən çox əcnəbi sırf elmi
tədqiqat işləri ilə məşğul olur.
Yaşlıların təhsili və davamlı təhsil
Braziliyada yaşlıların təhsili müxtəlif yaş
qruplarında olan yaşlılar üçün nəzərdə tutulub.
Müəyyən səbəblərdən əsas təhsil pilləsini başa
vurmayan şəxslər də yaşlıların təhsili
kurslarının xidmətlərindən yararlana bilərlər.
Davamlı təhsil proqramları isə işləyən,
ixtisasını artırmaq, karyera pilləsində
yüksəlmək, daha üstün dərəcə əldə etmək istəyən
şəxslər üçün nəzərdə tutulub. Davamlı təhsil
insanlara öz texniki bilik və bacarıqlarını
artırmağa və qloballaşan dünyanın tələbləri
səviyyəsinə yüksəlməyə imkan yaradır. Hazırda
hətta ölkənin kənd yerlərində yaşayan yaşlı
əhalinin savadlılıq səviyyəsinin yüksəldilməsi
üçün müəyyən tədris proqramları həyata keçirilir.
Bəşarət MƏMMƏDOV,
Dilrubə BAYRAMOVA
Yazının hazırlanmasında Braziliya Elm və
Texnologiya Nazirliyinin rəsmi materiallarından
istifadə olunub. |