Dekabrın 8-də Azərbaycan Müəllimlər İnstitutunda
tanınmış ədəbiyyatşünas alim, professor Abbas
Zamanovun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik
konfrans keçirildi. Tədris işləri üzrə prorektor
Şamil Qasımlı öncə konfrans iştirakçılarını
institutun rektoru, millət vəkili, professor A.
Naxçıvanlının adından salamladı və bildirdi ki,
bu gün yubileyi geniş miqyasda qeyd edilən Abbas
Zamanova həsr olunmuş elmi məclisin Azərbaycan
Müəllimlər İnstitutunda da keçirilməsi təbiidir.
Qeyd edildi ki, Abbas Zamanov görkəmli tənqidçi,
ədəbiyyatşünas, tərcüməçi, mətnşünas, filologiya
elmləri doktoru, əməkdar elm xadimi, Azərbaycan
EA-nın müxbir üzvü, Türk Dili qurumunun müxbir
üzvü, Səlcuq Universitetinin (Türkiyə) fəxri
doktoru idi. Ən başlıcası isə bütün həyatını
xalqımızın tərəqqisinə, ədəbi-mədəni irsinin
tədqiqinə və təbliğinə həsr etmiş, milli mənəvi
dəyərlərimizi təcəssüm etdirən nadir şəxsiyyət,
cəsarətli ictimai xadim idi. Tədbirdə geniş
məruzə ilə çıxış edən Bilal Həsənli qeyd etdi ki,
Abbas Zamanov elə şəxsiyyətlərdəndir ki, onun
elmi, pedaqoji irsi yaşadığı dövrün qarşıya
qoyduğu bir çox suallara cavab verməklə yanaşı,
XXI əsrin ab-havası, müstəqillik dövrünün
amalları, ictimai ideyaları ilə səsləşir. Abbas
Zamanovun şəxsi ilə ictimai-pedaqoji, elmi
fəaliyyəti, sözü ilə əməlləri arasında bağlılıq,
vəhdət vardı, biri digərini üzvi şəkildə
tamamlayırdı.
Tədbirdə dosent İsgəndər Orucov, uzun illər
Abbas Zamanovla birlikdə çalışmış Bakı Dövlət
Universitetinin professoru Qara Namazov və
dosent Məhərrəm Vəliyev görkəmli alimin həyat və
yaradıcılığından söhbət açdılar, xoş
xatirələrini bölüşdülər. Bildirildi ki, Abbas
Zamanovun zəngin elmi irsi, pedaqoji görüşləri
bu gün də aktuallığını saxlayır, müəllim və
tələbələr, magistr və doktorantlar üçün ən
dəyərli məxəz olaraq qalmaqdadır. |
|