Naxçıvan Müəllimlər İnstitutunda görkəmli yazıçı,
publisist, ictimai-siyasi xadim Mirzə
İbrahimovun anadan olmasının 100 illik yubileyi
münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş
sözü ilə institutun rektoru, professor Oruc
Həsənli açmışdır. Filologiya elmləri doktoru
Sədaqət Həsənova çıxış edərək bildirmişdir ki,
müasir Azərbaycan ədəbiyyatının təşəkkülündə və
inkişafında Mirzə İbrahimovun xidmətləri
misilsizdir. Mirzə İbrahimov klassik Azərbaycan
ədəbiyyatının ənənələrinə, yaradıcılıq amalına
arxalanaraq XX yüzilliyin 60 illik bir dövründə
qələm çalan, romanlar, povestlər, hekayələr,
dram əsərləri yaradan, fundamental elmi
araşdırmalar aparan, Azərbaycanın milli-mədəni
inkişafına töhfələr verən dəyərli bir
şəxsiyyətdir.
Görkəmli ədibin "Gələcək gün", "Böyük dayaq", "Pərvanə"
romanları, "Böyük demokrat", "Böyük şairimiz
Sabir" kimi elmi məqalələri, "Pərvizin həyatı",
"Mədinənin ürəyi" və sair əsərləri bu gün də
bədii-estetik, eləcə də məfkurəvi mahiyyətini
qoruyub saxlamaqdadır.
N.Çernışevskinin "Nə etməli?", V.Şekspirin "Kral
Lir", "On ikinci gecə və yaxud hər nə istəsəniz",
A.Ostrovskinin "Quduz pullar", A.Çexovun "Üç
bacı", J.B.Molyerin "Don Juan" kimi dünya
şöhrətli, tamaşaçı zövqünün üfüqlərini
genişləndirən dahiyanə əsərlərini Azərbaycan
dilinə çevirmişdi. Mirzə İbrahimovun həm
yaradıcılığı, həm də yetkin şəxsiyyəti
Azərbaycan xalqının mənəvi-mədəni sərvətidir.
Sonra ali təhsil ocağının müəllimi Akif İmanlı
çıxışında görkəmli ədibin həyat və yaradıcılığı
haqqında, eləcə də onun Azərbaycan ədəbi
fikrinin formalaşmasındakı rolundan bəhs etdi.
Naxçıvan Müəllimlər İnstitutunun
Mətbuat xidməti |
|