Unudulmaz
müəllimim Nəsir İmanquliyev haqqında yazının
hazırlanması mənə tapşırılanda 1978-1983-cü
illərə təsadüf edən tələbəlik illərimi sanki
yenidən yaşadım.
O illər ömrümə qızıl naxışlarla işlənən illərdi...
Düz bir qərinə əvvələ - 33 ilin xatirələrinə
bürünmüşəm bu gün...
... Tənəffüs bitir, zəng içəri vurulur. Nəsir
müəllim jurnalda lazımi qeydləri aparıb növbəti
mühazirəsinə başlayır. Onun geyimi və xarici
görkəmi kimi, nitqi və davranışı da səliqəli,
sadə idi.
Üzündəki dinclik, heç vaxt əskilməyən nurlu
təbəssüm bizə də sirayət edərdi. Dərs zamanı
yanındakı tələbədən nə isə soruşana, özünü
unudub diqqətini dərsdən yayındırana Nəsir
müəllimin irad tutduğunu, acıqlandığını bir dəfə
belə görmədik. Biz onun baxışlarındakı sükutdan
utanardıq. Nəsir müəllimin tələbələrinə ən böyük
tənbehi elə o sükutla baxmağı idi.
Unudulmaz müəllimimiz Nəsir İmanquliyev
söylədiyi mühazirələrlə fikrimizi elə cəlb
edərdi ki, hamımız ona diqqət kəsilərdik.
Dekabrın 22-də Müəllimlər Müəllimi Nəsir (Nəsrulla)
Əsəd oğlu İmanquliyevin 100 illik yubileyidir.
Kim nə cür düşünürsə-düşünsün, amma mən o
qənaətdəyəm ki, siz o saf ürəklə, bizə
tanıtdırdığınız o mərdanə ürəklə 100 il yaşamağa
qadir idiniz, Nəsir müəllim...
Şirməmməd Hüseynov,
BDU-nun jurnalistika fakültəsinin professoru
Nəsir İmanquliyev mənim üçün həm yüksək
əxlaqi-mənəvi keyfiyyətli, hərtərəfli savadlı,
təcrübəli jurnalist-müəllim, sonralar həm də
səmimi və xeyirxah həmkar, qayğıkeş dost, böyük
qardaş olmuşdur. 1945-ci ildə Azərbaycan Dövlət
Universitetində filologiya fakültəsində
jurnalistika şöbəsi yaradıldı. Mən də elə həmin
il bu şöbəyə daxil oldum. O vaxt fakültədə
respublikanın ən tanınmış adlı-sanlı
alim-müəllimləri dərs deyirdi. Məmməd Arif, Mir
Cəlal Paşayev, Əli Sultanlı, Mikayıl Rəfili,
Həmid Araslı, Məmmədhüseyn Təhmasib, Cəfər
Xəndan, Məmmədağa Şirəliyev, Hadi Mirzəzadə,
Həbib Səmədzadə, Feyzulla Qasımzadə və b.
1946-cı ildə fakültədə jurnalistikanın nəzəriyyə
və təcrübə kafedrası yaradıldı. Kafedranın
müdiri 30-cu illərdə Moskvada Dövlət
Jurnalistika İnstitutunu bitirmiş, zəngin
elmi-nəzəri və təcrübi hazırlığı olan Həsən
Şahgəldiyev təyin edildi. Həsən müəllim
respublikanın tanınmış jurnalist və rəhbər
mətbuat işçilərini tədris işinə cəlb etdi.
Bunların sırasında respublikanın ən nüfuzlu
rəsmi "Kommunist" qəzeti redaktorunun birinci
müavini Nəsir İmanquliyev də vardı. Nəsir
müəllimlə dördillik tələbə-müəllim
münasibətlərimiz yaddan çıxmadı.
Nəsir müəllim Azərbaycan jurnalistika
kadrlarının bir neçə nəslinin xeyirxah, səmimi,
qayğıkeş müəllimi olmuşdur.
Əgər bu gün universitetin jurnalistika
fakültəsində işgüzar atmosfer, tələbkarlıq və
düzlük, xeyirxahlıq və səmimiyyət varsa, bu
keyfiyyətləri yaradan və miras qoyanlardan biri
də məhz Nəsir İmanquliyev olmuşdur".
Şamil Şahməmmədov,
AzərTAc-ın sabiq baş direktoru, "Şöhrət" ordenli,
əməkdar jurnalist
Adətən, sevimli müəllimin haqqında xatirə
yazanda dəfələrlə götür-qoy etməli olursan, onun
təkrarsız məziyyətlərini ən dəqiq cizgilərlə
təsvir etməyə çalışırsan, hamının yaxşı tanıdığı
bir şəxsin obrazını özünə layiq ifadələrlə
canlandırmaq istəyirsən. Əgər ustadın özü
müqtədir qələm sahibi, tələbkar redaktor olubsa,
məsuliyyət hissin qat-qat artır: hər cümləni
yazanda neçə dəfə ölçüb-biçirsən, sanki zabitəli
müəllim qarşısında imtahan verirsən.
Mətbuatımızın
görkəmli şəxsiyyəti, jurnalistlərimizin
neçə-neçə nəslinin müəllimi, bir çox
həmkarımızın, o cümlədən mənim həyat və peşə
taleyimin uğurlu məcraya yönəlməsinin səbəbkarı,
qəzetçilikdə mükəmməl bir məktəbin yaradıcısı
olmuş Nəsir İmanquliyevə hər dəfə dərin
minnətdarlıq hissləri keçirirəm.
Nəsir müəllim haqqında yazdığım xatirələrdə bir
məqamı əvvəllər də vurğulamışam: unudulmaz
ustadımız Azərbaycan mətbuatının tamhüquqlu
klassiki adına layiqdir.
"Bakı" axşam qəzeti Azərbaycan mətbuatının
tarixində parlaq iz qoyan yeni ruhlu, o dövrün
digər nəşrlərindən əsaslı şəkildə fərqlənən,
rəsmiyyətçiliyə meyl etməyən, "palaz-palaz"
məqalələr əvəzinə daha çox xəbər, reportaj,
müsahibə janrlarına üstünlük verən, paytaxtın
həyatını, əhalinin qayğılarını rəngarəng
formalarla işıqlandıran, yaranışından oxucuların
rəğbətini qazanan bir orqana çevrildi. Bütün bu
keyfiyyətlər redaksiyanın "sükanı" arxasında
zəngin təcrübəli, yüksək zövqlü, iradəli və
cəsarətli bir jurnalistin durduğunu göstərirdi.
Ən mühüm rəsmi hadisələr "Səhər qəzetlərində"
rubrikası altında bir cümlə ilə oxucuya
çatdırılırdı. "Bakı"nın hər nömrəsi əldən-ələ
gəzirdi, axşama yaxın onu almaq üçün qəzet
köşklərinin qarşısında uzun növbələr düzülürdü.
1958-ci il yanvarın 10-da qəzetin ilk nömrəsi
mətbəədən redaksiyaya gətiriləndə gənc
kollektivdə əsl bayram növrağı hökm sürürdü, heç
kim evə getmək istəmirdi. Hamıdan çox sevinən
isə Nəsir müəllim idi.
Redaktorumuzun həm tələbkar, həm də qayğıkeş
münasibəti sayəsində sağlam və səriştəli bir
kollektiv formalaşdı. Təcrübəli işçilərlə gənc
jurnalistlərin birgə işi qəzetin səviyyəsinin
günbəgün yüksəlməsinə kömək edirdi. Nəsir
müəllimin hər birimizə xeyirxahlıqla, öz övladı
kimi yanaşması sayəsində redaksiya bizim üçün
doğma evə çevrildi. Redaktorumuz
rəsmiyyətçilikdən, inzibatçılıqdan uzaq bir adam
idi. Redaksiyanın əmrlər dəftərində "töhmət
verilsin", "işdən azad olunsun" sözlərinə rast
gəlmək mümkün deyildi.
Əlbəttə, intizamı pozan, vəzifəsinin öhdəsindən
gəlməyən işçilər də olurdu. Bu zaman Nəsir
müəllim "aspirin metodu"na əl atırdı: günahkarı
yaxşıca danlayıb "tərlədir", sonra isə adəti
üzrə fikrini tamamlayırdı: "Get, başını aşağı
sal, bir də belə iş görmə". Bu geniş qəlbli
insanın kimisə işdən çıxarması yadıma gəlmir.
Nəsir müəllimin işçilərə qayğısı haqqında
saatlarla danışmaq olar. Ancaq mənə etdiyi
yaxşılıqları xüsusi fərqləndirmək istəyirəm.
Birgə işlədiyimiz illərdə o, imkan yarandıqca
gəncləri irəli çəkirdi. Mənim barəmdə isə bu
xeyirxahlığı dörd dəfə edib: əvvəlcə tələbə
vaxtımda işə götürüb, beş il ədəbi işçi (müxbir)
olmuşam, sonra məni şöbə müdiri, məsul katib,
nəhayət, redaktor müavini vəzifəsinə layiq
görübdür. Beşincisi də var. Mən "Kommunist"
qəzetində redaktor müavini təyin olunanda Nəsir
müəllim əsl böyüklük ərki ilə məndən incidi.
Hətta yolasalma mərasimində uzaqgörənliklə dedi:
"Onsuz da yenə bura qayıdacaqsan".
Bu sözlərin dərin mənasını düz bir ildən sonra
anladım. Qəflətən məni Bakı Komitəsinə dəvət
edib doğma "Bakı"-"Baku" qəzetlərinə redaktor
təyin etdilər. Həm də bildirdilər ki, Nəsir
müəllim pensiyaya çıxmaq barədə ərizə yazıb və
öz yerinə sizi məsləhət görüb.
Mən üç il ərzində müəllimimin yolunu davam
etdirdim, sonra 12 il AzərTAc-da işlədim. Hər
iki vəzifədə çalışarkən ağsaqqalımla ünsiyyətim
davam edirdi. Onun zəngin təcrübəsi, xeyirxah
məsləhətləri müstəqil işdə mənə böyük dayaq oldu.
Nəsir müəllim bu gün doğmalarının nəcib
əməllərində, yetişdirmələrinin və xeyirxahlıq
etdiyi saysız-hesabsız insanların xoş
xatirələrində, pərvəriş verdiyi və otuz il
rəhbərlik etdiyi "Bakı"-"Baku" qəzetlərinin heç
vaxt solmayan səhifələrində yaşayır.
Cahangir Məmmədli,
BDU-nun jurnalistikanın nəzəriyyəsi və təcrübəsi
kafedrasının müdiri
- Auditoriyamıza uca boylu, qamətli, cüssəli bir
müəllim daxil oldu. Mənim adım Nəsir müəllimdir
- dedi. - Nəsir İmanquliyev. Mən sizə "Jurnalistikaya
giriş" fənnini deyəcəm...
Sonralar çox sevdiyimiz, auditoriyaya girəndə
sakit olub qulaq kəsildiyimiz Nəsir müəllimlə
ilk tanışlığımız belə başladı. Və
müəllimlərimizlə yavaş-yavaş tanışlıqlardan
sonra içimdəki kənd nostalgiyası yoxa çıxdı, yad
adamlar doğmalaşmağa başladı və biz hamımız bu
böyük şəhərə öyrəşə bildik.
Tələbə həyatının pulsuzluq deyilən maraqlı bir
cəhəti var. Nəsir müəllim bu həyatı çox yaxşı
duyurdu və maddi kömək üçün bizə tez-tez xəbər
yazdırırdı. "Bakı" qəzetində dərc olunan bu
xəbərlərə - ilk imzalarımıza görə qürur duyurduq.
Bu xəbərlərin qonorar kağızını alanda isə
özümüzdə peşənin gücünü hiss edirdik.
Nəsir İmanquliyev son dərəcə milli ziyalı idi.
Bu mənada onu XX əsrin əvvəlləri Azərbaycan
milli intibahının nümayəndələri ilə müqayisə
etmək olar. Tədris elədiyi fənləri H.Zərdabidən,
C.Məmmədquluzadədən, Ö.F.Nemanzadədən gətirdiyi
misallarla paralelləşdirib müasir günlərin milli
ziyalı obrazını tamamlayırdı. Bədii ədəbiyyatın
milli mənəvi dəyərlərə bağlı nümunələrini "Bakı"
qəzetində ləngitmədən dərc etdirirdi.
Nəsir İmanquliyev klassik müəllim keyfiyyətində
olan bir ziyalı idi. Səliqəli müəllim geyimindən
tutmuş aydın nitqinə, tədris etdiyi fənlərdən
tutmuş elmə münasibətinə, klassikaya məhəbbətdən
tutmuş müasir düşüncəyə hörmət məqamlarınadək
hər şeydə müəllim nümunəsi göstərirdi. Bu mənada
onun tələbələrinin bəxti gətirmişdi. O
tələbələrin bir çoxu indi yaşlı nəslin, xeyli
hissəsi yeni dövrün söz adamlarıdır. Onu dəqiq
bilirəm ki, Nəsir müəllimin tələbəsi olmuş
jurnalistlər öz peşəsinə heç vaxt etinasızlıq
etməyəcəklər. Çünki onların hər birinin qəlbində
Nəsir İmanquliyevin klassik ənənələrdən
yoğrulmuş müəllim sözü, müəllim həqiqəti var.
Dağbəyi İsmayılov,
AzərTAc-ın baş direktorunun müavini, əməkdar
jurnalist
Adı,
soyadı milli mətbuatımızın salnaməsinə qızıl
hərflərlə yazılmış novator redaktor, böyük bir
jurnalist ordusu yetişdirmiş müdrik müəllim,
tanınmış ictimai xadim Nəsir Əsədulla oğlu
İmanquliyevin 100 illiyi tamam olur.
Jurnalistikamızın yarım əsrdən çox bir dövrünə
mənsub olan yazarlar nəslinin nümayəndələrindən
biri kimi Nəsir müəllimdən qəzetçiliyin həm
nəzəri, həm də praktiki sirlərinə yiyələnmək
xoşbəxtliyi mənə də nəsib olub. Nəsir müəllim
Bakı Dövlət Universitetində beş il müəllimim,
"Bakı" və "Baku" qəzetlərinin redaksiyasında
çalışdığım uzun illər ərzində isə ustadım olub.
İşimlə, peşəmlə bağlı həyatda az-çox nəyə nail
olmuşamsa, hamısı üçün Nəsir müəllimə
minnətdaram.
Nəsir müəllim xatirimdə qətiyyətli, dönməz, mərd
və sərt adam kimi yaşayır. Kimliyindən asılı
olmayaraq sözü üzə şax deyərdi. Günahı olan,
səhv iş tutan redaksiya əməkdaşını özü qədərincə
danlayar, tənbeh edər, cəzalandırar, ancaq ayağa
verməzdi. Heç zaman kin saxlamazdı, küsdürdüyünü,
danladığını az sonra yanına çağırıb çox mülayim
tərzdə könlünü alar, dəyərli ağsaqqal
tövsiyələrini verərdi.
Nəsir müəllim, adətən, tərcümələrini mənimlə
oxuyardı. Belə məqamların birində qapı açıldı.
İş yoldaşlarımızdan biri içəri daxil olub digər
həmkarımız haqqında çuğulluq elədi. O vaxtadək
Nəsir müəllimi belə qəzəblənən görməmişdim.
Həmin əməkdaşa dediyi acı sözləri bir batman
balla da yemək olmazdı.
Nəsir
müəllimi başqalarından fərqləndirən cəhətlərdən
biri də sözünü bu cür qətiyyətlə deməsi, haqqı
nahaqqa verməməsi, həmişə, hər yerdə ədalətli
olması, ağsaqqal mövqeyində dayanması idi. Məhz
bu amillərə görə idi ki, Nəsir müəllim təməlini
qoyduğu şəhər qəzetlərinin 30 il fasiləsiz
redaktoru işlədi, hər gün bir-birindən maraqlı
iki qəzet buraxdı. Zənnimcə, Azərbaycan milli
mətbuatı tarixində belə bir şans, belə bir
xoşbəxtlik hələ heç bir redaktora nəsib olmayıb.
"Bakı" və "Baku" milli mətbuatımızın tarixində
yeganə qəzetlərdir ki, Nəsir müəllimdən sonra da
onlara kənardan redaktor təyin olunmamış, bu
mətbu nəşrlərə ustadımızın öz yetirmələri
rəhbərlik etmişlər. Nəsir müəllimin ənənələrini
Şamil Şahməmmədov da, estafeti ondan qəbul edən
Ağa Hüseynov da layiqincə davam etdirmişlər. Bu
faktın özü bir daha sübut edir ki, Nəsir müəllim
"Bakı" evini elə təməl üzərində ucaltmışdır ki,
yaşadıqca öz memarının adını, amalını və
məramını yaşadacaqdır.
Doğru deyiblər ki, hər şey vaxta baxsa da, vaxt
heç nəyə baxmır. Unudulmaz müəllimim - ustadım
Nəsir İmanquliyevin ömrü xatirələrimizdə,
düşüncələrimizdə yaşayır. Zaman bizi 1998-ci
ilin 6 mart günündən - unudulmaz müəllimimizin
dünyasını dəyişdiyi gündən uzaqlaşdırdıqca Nəsir
İmanquliyevin böyüklüyünü, müdrikliyini,
kamilliyini, mahirliyini, alicənablığını,
ağsaqqallığını daha aydın görür və hiss edirik.
Nəsir müəllim mənim sənət-ömür yolumun yol
göstərəni olub. Bəlkə, bu da taleyin qismətidir
ki, Nəsir müəllim dünyasını dəyişəndən sonra da
mənim başqa bir yolumun üstündə dayanıb. Şəhid
oğlumun uyuduğu ikinci Şəhidlər xiyabanına
aparan yol məhz Nəsir müəllimin məzarının
önündən keçir. Hər dəfə bu ziyarətgaha gedərkən
Nəsir müəllimin məzarı önündə ayaq saxlayır,
xatirəsini ehtiramla anıb deyirəm:
- Yerin behişt, ruhun şad olsun, Ustad!
Hazırladı: Ellada UMUDLU |