Bakıdakı
5 nömrəli orta məktəbdə QİÇS-lə mübarizə
mövzusunda tədbir keçirilib. Tədbirdə
Respublika QİÇS Mərkəzinin əməkdaşları,
müəllimlər və məktəbin yuxarı sinif şagirdləri
iştirak ediblər. Tədbiri giriş sözü ilə açan
məktəbin direktoru Nərminə Gündüzlü keçirilən
tədbirin məktəblilər üçün əhəmiyyətindən
danışıb.
Respublika QİÇS Mərkəzinin həkimi D.Mahmudova
bildirib ki, dünyada narkomanlığın,
əxlaqsızlığın, insan alverinin və s. durmadan
artması milyonlarla gənclərin və uşaqların
sağalmaz xəstəliklərə yoluxması ilə nəticələnir.
Sağalmaz bəlalardan qorunmaq əsasən hər kəsin
özündən asılıdır. Bu cür xəstəliklərdən
qorunmağın yolları barədə şagirdlərə bir sıra
tövsiyələr verilib.
Tədbirdə şagirdlər arasında maarifləndirmə işini
artırmaq məqsədi ilə onlara tibbi mövzularda
yazılmış məlumatlandırıcı bukletlər paylanıb.
Sonra şagirdlərin məktəbdə "QİÇS-lə mübarizə",
"Öz həyatını qoru, başqasının yaşamasına mane
olma" devizi altında aksiya keçirilib.
Tədbir diskussiya şəklində başa çatıb.
Şakir CƏFƏROV |