Son
illər Azərbaycan dövlətinin və ölkə başçısı
cənab İlham Əliyevin daim diqqət mərkəzində olan
sahələrdən biri də təhsilin səviyyəsinin
artırılması, kadrların peşə hazırlığının optimal
yüksəldilməsidir. Bu ölkəmizin genişlənən
beynəlxalq əməkdaşlıq istiqamətlərindən biri
olan və əsası ümummilli liderimiz Heydər Əliyev
tərəfindən qoyulmuş tələbə mübadiləsində mühüm
rol oynayır.
Son illər bu istiqamətdə bir sıra addımlar
atılmış, xüsusən də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin "Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsil almasına
dair Dövlət Proqramı haqqında" müvafiq sərəncamı
gənclərimizin xaricdə təhsil alması, ölkənin
elmi-texniki potensialının möhkəmlənməsi
prosesində yaxından iştirak etməsi, ən müasir
modern texnologiyalara birbaşa çıxışını təmin
etmək məqsədini reallaşdırmağa geniş imkan
yaratmışdır. Həmin sərəncama uyğun olaraq
hazırlanmış "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" öz növbəsində istedadlı gənclərimizin
xaricdə təhsilinin təşkili istiqamətində vahid
sistemin yaradılmasına təkan vermişdir.
Müasir dövr regionda şəksiz iqtisadi lider kimi
tanınan, inkişaf templərinə görə ən optimist
proqnozları belə üstələyən Azərbaycanda xarici
dilləri mükəmməl bilən,
informasiya-kommunikasiya texnologiyaları
ixtisaslarına mükəmməl yiyələnmiş yüksək
hazırlıqlı mütəxəssislərə artan tələbatın
ödənilməsini zərurətə çevirmişdir. Azərbaycanda
idarəetmənin, mədəniyyətin, elmin, təhsilin və
səhiyyənin müasir standartlara cavab verən yeni
inkişaf mərhələsində olduğu bir zamanda dünyanın
qabaqcıl mötəbər təhsil ocaqlarında ölkəmiz üçün
mütəxəssis hazırlanması prioritet məsələlərdən
biridir. Ölkəmizdə texniki kadrların
hazırlanması sahəsində zəngin təcrübəsi,
dünyanın bır sıra nüfuzlu universitetləri ilə
geniş beynəlxalq əməkdaşlıq əlaqələri olan
Azərbaycan Texniki Universitetinin təkcə ABŞ-da
deyil, bütövlükdə dünyada ən aktual elmi
problemlərin tədqiqi sahəsində yüksək
göstəriciləri ilə seçilən Berkli Kaliforniya
Universiteti ilə bu il sentyabrın 22-də
imzaladığı müqavilə bu baxımdan olduqca böyük
əhəmiyyət kəsb edir.
Müqavilənin bağlanması təşəbbüsü bu ilin mayında
Azərbaycan Respublikası Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi və Azərbaycan Texniki
Universitetinin rəhbər işçiləri və
əməkdaşlarından ibarət nümayəndə heyətinin
ABŞ-ın Kaliforniya ştatındakı Berkli
Universitetinə səfəri zamanı irəli
sürülmüşdür.
Mayın 21-də universitetdə keçirilən görüşdə
Azərbaycan Respublikası tərəfindən rabitə və
informasiya texnologiyaları naziri, AMEA-nin
həqiqi üzvü, professor Əli Abbasov, Azərbaycan
Texniki Universitetinin rektoru, professor Havar
Məmmədov, RİTN-in əməkdaşları İspəndiyar Əliyev,
Ayaz Bayramov, AzTU-nun dosenti Şahnaz Şahbazova
və Berkli Kaliforniya Universiteti tərəfindən
dünya şöhrətli azərbaycanlı alim, professor
Lütfi Zadə, Berkli Kaliforniya Universitetinin
beynəlxalq əlaqələr üzrə vitse-kansleri Ron
Qronski və universitetin elektrik mühəndisliyi
və kompüter bilikləri fakültəsinin dekanı,
professor Şankar Sastry arasında dünyanın
perspektivli gələcəyi, qitələr, xalqlar və
dövlətlər arasında əməkdaşlığın və ünsiyyətin
daha da yaxşılaşdırılmasında, habelə qarşılıqlı
anlaşmanın ali prinsiplərinə müvafiq olaraq
münasibətlərin elm və təhsil sahəsində
hərtərəfli inkişafi üçün danışıqlar, faydalı və
konstruktiv məcrada müzakirələr aparılmışdır.
Həmin danışıqlar sentyabrın 22-də Berkli
Kaliforniya Universiteti ilə Azərbaycan
Respublikasının Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi və Azərbaycan Texniki
Universiteti arasında üçtərəfli müqavilənin
imzalanması ilə nəticələnmişdir.
Müqavilədə universitetlər arasında fakültə
tədqiqatçıları, elmi dərəcəli magistr və
tələbələrin təhsili, mədəniyyət və elm
mübadiləsinin artırılması üçün formal
münasibətlərin yaradılması nəzərdə tutulmuşdur.
Bütün xərclər göndərən universitetlər tərəfindən
ödəniləcəkdir. Müqavilə 5 il müddətinə
bağlanmışdır. Müqaviləyə əsasən mübadilə olunan
tələbə iki semestr müddətinə göndərilə bilər.
Magistrlər, doktorantlar, gənc alimlər, müəllim
- professor heyəti və tədqiqatçı - vizitorların
Berkli Kaliforniya Universitetində
ixtisaslaşmaları Azərbaycanın beynəlxalq
səviyyədə təhsil və elm sahələrində yaratdığı
əməkdaşlıq tellərində, ələlxüsus da tələbə
mübadiləsi prosesində yeni mərhələnin başlanğıcı
kimi qiymətləndirilə bilər.
Məlumat üçün onu da bildirək ki, Azərbaycan
Texniki Universiteti Berkli Kaliforniya
Universitetinin rəsmi saytında qeyd olunmuş
yeganə Cənubi Qafqaz universitetidir.
Şahnaz ŞAHBAZOVA,
Azərbaycan Texniki Universitetinin dosenti,
Azərbaycan Respublikası Lütfi Zadə adına
Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi
üzvü |
|