MDU-da maliyyə müstəntiqləri hazırlanacaq
M.V.Lomonosov adına Moskva Dövlət Universiteti
2012-ci ildən unikal mütəxəssislər - maliyyə
müstəntiqləri hazırlamağa başlayacaq. Bu barədə
Rusiya Federasiyası İstintaq Komitəsinin başçısı
Aleksandr Bıstırıkin və MDU-nun rektoru Viktor
Sadovniçi noyabrda müvafiq razılaşma
imzalamışlar.
Müqavilə çərçivəsində MDU-nun fakültəsi - Dövlət
auditi ali məktəbinin bazasında hüquqşünas
bakalavr və magistrlər hazırlığı inteqrativ
proqramının açılması planlaşdırılır. Həmin
proqram üzrə təhsil alan bakalavr və magistrlər
cinayət hüququnun əsaslarından əlavə maliyyə -
budcə sahəsində də xüsusi bilik və vərdişlər
alacaqlar. Bu cür təhsil mütəxəssislərə maliyyə
sahəsindəki hüquq pozuntularını müvəffəqiyyətlə
təhqiq etməyə imkan verəcək.
Tədris prosesini xüsusi yaradılmış və tərkibinə
İstintaq Komitəsinin nümayəndələrinin daxil
olduğu iqtisadi və maliyyə təhqiqatçıları
kafedrası əlaqələndirəcək. Bu proqramı seçən
tələbələr tədrisdə xüsusi texnika və
kriminalistik avadanlıqlardan istifadə etmək
imkanı qazanacaq, habelə RF İstintaq Komitəsi
sistemində tədris və istehsalat təcrübəsi
keçəcəklər. Onlardan ən yaxşıları təhsillərini
başa vurduqdan sonra İstintaq Komitəsində
xidmətə daxil ola biləcəklər.
İnternetdə məktəblilər üçün audiokitabxana
açılıb
Rusiya məktəbliləri yeni "Audioxrestomatiya.rf"
internet-resursda Rusiyanın tanınmış
artistlərinin ifasında məktəb proqramlarından
audiokitablara pulsuz qulaq asa biləcəklər. Bu
barədə layihənin təşkilatçısı "Art-Piter"
şirkətlər qrupunun baş direktoru Sergey
Skomoroxov məlumat verib
Audiokitabxana "Ves-znaniya.rf" innovativ təhsil
internet-portalı çərçivəsində açılıb və
Rusiyanın Təhsil və Elm Nazirliyi tərəfindən
dəstək alıb. Portalın ədəbiyyata həsr olunmuş
hissəsi testləşmədən keçib və işçi rejimdə
fəaliyyət göstərməyə başlayıb. Rus və xarici
klassiklərin əsərləri Sergey Bezrukov, Yuri
Qaltsev, Dmitri Naqiyev, Aleksandr Rozenbaum,
Yelizaveta Boyarskaya, Alisa Qrebenşikova və
digər səhnə ustalarının ifalarında səslənir.
Audioxrestomatiyaya daxil olan bütün mətnlər
A.İ.Gertsen adına Rusiya Dövlət Pedaqoji
Universitetinin mütəxəssisləri tərəfindən
seçilib.
İndi saytda əsasən ibtidai məktəb üçün ədəbiyyat
kursu üzrə 190 əsər yerləşdirilib. Hazırda
layihə komandası yuxarı siniflər üçün
materialların üzərində fəal iş aparmağa başlayıb.
Audioxrestomatiyanın yaradıcıları ümid edirlər
ki, kitablara qulaq asılması uşaqları sərbəst
mütaliəyə sövq edəcək. Gələcəkdə "Ves-znaniya.rf"
portalında məktəb proqramlarından digər fənlər
üzrə tanınmış alimlərin, idmançıların, iş
adamlarının və məmurların apardıqları dərslər də
yerləşdiriləcək.
Evin yanındakı məktəbə getmək asan olacaq
Evin yanındakı məktəbə daxil olmaq asan olacaq.
Rusiya Federasiyası Prezidenti Dmitri Medvedev
noyabrın əvvəlində bələdiyyə təhsil
müəssisələrinin ərazi əlçatanlığının təmin
olunmasına yönəlmiş Federal Qanunu imzalayıb.
Qanun Dövlət Duması tərəfindən 2011-ci il
oktyabrın 18-də qəbul olunub və oktyabrın 26-da
Federasiya Şurasında bəyənilib. Xatırladaq ki,
sənəd yerli özünüidarə orqanlarını məktəbə aid
ərazinin müəyyənləşdirilməsi üzrə qanuni
səlahiyyətlərlə təmin edir.
Valideynlər əvvəllərdə olduğu kimi öz uşaqları
üçün təhsil müəssisələri seçməkdə məhdudiyyətlə
üzləşməyəcəklər. Lakin məktəblər, ilk növbədə,
ona aid edilmiş ərazidə yaşayanları qəbul
etməlidirlər. Rusiya Federasiyasının "Təhsil
haqqında" qanununun 16-cı və 31-ci maddələrinə
müvafiq dəyişikliklər edilib.
"Uçitelskaya qazeta"dan
hazırladı: Yusif ƏLİYEV |