Bakıdakı
8 nömrəli tam orta məktəbdə qızıl payıza həsr
olunan tədbir keçirilib. Tədbirin təşkilatçısı
ibtidai sinif müəllimi Ofelya Babayeva öz
yetirmələrinə payız fəsli haqqında ətraflı
məlumat verib. O, yağışlı-yağmurlu payız
fəslinin torpağa nur, bərəkət gətirdiyindən,
şairlərin bu fəsilə həsr etdikləri şeirlərdən,
müdrik kəlamlardan bəhs edib.
Sonra uşaqların payızın gözəlliklərini əks
etdirən əl işlərinə, ekspozisiyalara baxış
keçirilib. İstedadlı şagirdlərin ifasında
əsrarəngiz, füsunkar payız görüntülərini təsvir
edən şeirlər, bayatılar, yanıltmaclar dinlənilib,
mahnılar oxunub, milli geyimlərdə rəqslər,
səhnəciklər, kompozisiyalar nümayiş olunub.
Təbiətin bu gözəlliyini seyr edən dördüncülər
tərəvəz və meyvələrin becərilməsi haqqında
topladıqları maraqlı məlumatlara əsasən
insanların zəhmətini qiymətləndirməyi də
unutmayıblar, zəhmətkeş insanlara xorla "çox
sağ olun" deyiblər. Tədbirin özəlliyi bir də
onunla diqqətçəkən idi ki, dördüncülərlə
birlikdə ətraf, qonşu ərazidə fəaliyyət göstərən
uşaq bağçalarından olan balaca fidanlar da
burada iştirak edib, payız fəsli haqqında öz
təsəvvürlərini artırıblar.
Sonda məktəbin direktoru Aytən Baxşıyeva,
müavinlər Sevinc Əliyeva və Səfurə İbrahimli
keçirilən tədbirdən məmnun qaldıqlarını ifadə
ediblər. Çıxışlarda vurğulanıb ki, belə
kompozisiyaları, gecələri vaxtaşırı təşkil
etməklə uşaqlara payız və başqa fəsillər
haqqında dərin bilgilər aşılamaq olar.
Sifai SƏFƏROVA |
|