Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin Teatr rejissorluğu kafedrasının
müdiri, dosent Sevda Teymurova uzun illərdir ki,
rejissor sənəti fakültəsində təhsil alan
tələbələrə bu sənətin sirlərini öyrədir, onların
peşəkar aktyor və rejissor kimi
püxtələşməsində əlindən gələni əsirgəmir. Bu
günlərdə isə Sevda xanımın dərs keçdiyi
auditoriya doğma divarlardan kənarda, Xəzər
rayonunun Şüvəlan qəsəbəsində idi. Mədəniyyət və
Turizm Nazirliyinin dəvəti ilə S.Teymurova
buradakı gənclik düşərgəsində həvəskar festival
iştirakçılarına ustad dərsləri keçəcəkdi. Milli
Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr
olunmuş Ümumrespublika Teatr Festivalında
iştirak etmək üçün buraya toplanmış bədii
özfəaliyyət kollektivləri təcrübəli pedaqoqla bu
görüşü səbirsizliklə gözləyirdilər. Axı nə qədər
həvəsli olsalar da, geniş tamaşaçı auditoriyası
qarşısında, üstəlik də vətənpərvərlik devizi
altında keçiriləcək festival tamaşaları
göstərməyin öz çətinlikləri, məsuliyyəti var...
Sevda Teymurovanın rəhbərliyi altında aparılan
gərgin məşqlər, onun gənc həvəskarların
çıxışlarına tutduğu iradlar, verdiyi məsləhətlər,
əyani ifalar, festival öncəsi aparılan sənət
söhbətləri öz səmərəsini verdi. Zaqatala Xalq
Teatrı, Mingəçevir Şəhər Uşaq Yaradıcılıq
Mərkəzi, Bakı Slavyan Universiteti, Bakıdakı
7 nömrəli məktəbi, Ucar və İsmayıllı
rayonlarından festivala qatılmış kollektivlərin
sonrakı günlərdə tamaşaçılar qarşısında
çıxışları böyük rəğbətlə qarşılandı.
Noyabrın 28-də Gənc Tamaşaçılar Teatrında
festivalın təntənəli açılışı oldu. Açılış
mərasimində xalq artisti Amalya Pənahova,
teatrşünas Aydın Talıbzadə, professor Məryəm
Əlizadə, Teatr Xadimləri İttifaqının sədri Azər
Paşa Nemətov, millət vəkilləri Fəzayıl Ağamalı,
Gülər Əhmədova və Jalə Əliyeva, teleaparıcı
Nərgiz Cəlilova iştirak edirdilər.
Festivalin devizinin ruhuna uyğun seçilmiş
kiçik tamaşalar, kompozisiya və digər populyar
sənət nümunələri zalda əyləşənlərə əsl bədii
zövq verir, onları tez-tez iştirakçıları
alqışlamağa sövq edirdi.
Dekabrın 1-də festivalın yekunu oldu. Münsiflər
heyətinin nüfuzlu üzvlərinin yekdil rəyi ilə
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin tələbələrinin hazırladığı Azər
Cəfərin "Qisasın rəngi" tamaşası I yerə layiq
görüldü. Adıçəkilən tamaşada baş rolun ifaçısı
rejissor sənəti fakültəsinin III kurs tələbəsi
Vasif Həsənov idi.
Bakı Slavyan Universiteti tələbələrinin tamaşaya
qoyduqları "O an bizim gözümüzlə" kompozisiyası
isə II yeri tutdu.
III yerə isə Mingəçevir Şəhər Uşaq Yaradıcılıq
Mərkəzinin dram qrupu layiq görüldü.
Yekun tədbirindən sonra həvəskar aktyorlarla
aparılan söhbətlərdən ən yaddaqalan məqam o
oldu ki, Milli Qəhrəmanımız Mübariz İbrahimovun
xatirəsinə həsr olunmuş festival onları
professional teatr təhsili almağa ruhlandırıb
və qarşıdakı illərdə bu sənət üzrə Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət Universitetinin
müvafiq fakültələrində təhsil almaq
arzusundadırlar.
İNTİQAM |