Bakıdakı
229 nömrəli orta məktəbdə Azərbaycan
Respublikası Fövqəladə Hallar Nazirliyinin Bakı
Regional Mərkəzinin təşkilatçılığı ilə "Fövqəladə
hallarda özünü necə aparmalı" mövzusunda
tədbir keçirildi. Tədbirdə Nizami Rayon İcra
Hakimiyyətinin şöbə müdiri Əli Axundov, Bakı
Regional Mərkəzinin məsul şəxsləri, şagird və
müəllim kollektivi iştirak edirdilər.
Məktəbin direktoru Fəridə Bağırova çıxış edərək
keçirilən tədbirin məktəblilər üçün böyük
əhəmiyyətindən söz açdı.
Çıxış üçün ilk söz alan Bakı Regional
Mərkəzinin İstismarda olan binaların
təhlükəsizliyinin monitorinqi şöbəsinin rəisi
Elgün Ələkbərov bildirdi ki, qurum təhsil
ocaqlarında hazırda silsilə tədbirlər keçirir.
Sonra tanışlıq üçün Bakı Regional Mərkəzinin bir
qrup əməkdaşı bir-bir təqdim edildi.
Bakı Regional Mərkəzinin Fövqəladə halların
monitorinqi və proqnozlaşdırılması şöbəsinin baş
məsləhətçisi Fərid Əzizov "Fövqəladə halların
təsnifatı", Operativ məlumat şöbəsinin baş
zabiti Vüsal Məmmədzadə "Kollektiv mühafizə
qurğuları", Operativ məlumat şöbəsinin zabiti
Ramil Səfərov "Təbii fövqəladə hallar zamanı nə
etməli", İstismarda olan binaların
təhlükəsizliyinin monitorinqi şöbəsinin rəisi
Elgün Ələkbərov "Yanğın- partlayış və nəqliyyat
qəzası zamanı nə etməli", Dövlət Yanğın Nəzarəti
Xidmətinin əməkdaşları "Qaz cihazlarından
istifadə zamanı təhlükəsizlik qaydaları", Mülki
müdafiə işinin təşkili şöbəsinin baş zabiti
Rauf Məmmədov "Radiasiya, kimya və bioloji
xarakterli fövqəladə hallar zamanı nə etməli",
Operativ məlumat şöbəsinin baş zabiti Orxan
Bağırov "Terror xarakterli fövqəladə hallar
zamanı nə etməli" mövzularında maraqlı
təqdimatlar etdilər.
Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda
Xilasetmə Xidmətinin təbliğat-təşkilat şöbəsinin
müdiri Mənsur Piriyevin çıxışı məktəblilər
tərəfindən maraqla qarşılandı. Mənsur Piriyev
dedi ki, isti yay günlərində sərinləmək həvəsi
insanları daha çox çimərliklərə üz tutmağa vadar
edir. Lakin çimərliyə gələn insanların heç də
hamısı yaxşı üzə bilmir və yaxud da üzməyi
bacarmır. Bu da, öz növbəsində, arzuolunmaz
hadisələrə gətirib çıxarır.
Təcrübə göstərir ki, çimərliklərdə istirahət
edən insanların bir çoxu müvafiq tələblərə
riayət etmədən istirahətlərini özləri başa
düşdükləri kimi qurmağa çalışırlar.
Valideynlər tərəfindən uşaqların nəzarətsiz
buraxılması, havanın küləkli olmasına məhəl
qoyulmaması, xilasedicilərin tələblərinə laqeyd
yanaşılması, səhhətində problem olan
vətəndaşların çimərliklərə gəlməsi narahatçılıq
doğuran əsas məsələlərdəndir. Bu gün biz
məktəblilər arasında bu məsələ ilə əlaqədar
aparılan maarifləndirmə işini daha da
gücləndirməliyik.
Məktəbin direktoru Fəridə Bağırova belə bir
maraqlı tədbiri bu təhsil ocağında
keçirdikləri üçün Bakı Regional Mərkəzinin
rəhbərliyinə pedaqoji kollektiv adından öz
təşəkkürünü bildirdi.
Sonda məktəblilər Bakı Regional Mərkəzinin bir
qrup zabit heyəti ilə birgə xatirə şəkli
çəkdirdilər.
Şakir CƏFƏROV |