Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun
xatirəsinə həsr olunmuş ədəbi-bədii gecə
Bu günlərdə Neftçala şəhər 1 nömrəli tam orta
məktəbdə Milli Qəhrəman Riad Fikrət oğlu
Əhmədova həsr olunmuş tədbir keçirilib.
Tədbirdə səslənən "İgid əsgər möhkəm dayan"
mahnısının melodiyaları ürəkləri titrədib. Şəhər
1 nömrəli tam orta məktəbin Azərbaycan dili və
ədəbiyyat müəllimi Dilarə Səfərova qəhrəmanın
mübarizələrlə dolu ömür yoluna həsr olunmuş
məruzə ilə çıxış edib.
Mərasimdə Riad Əhmədovun cəbhə yoldaşı Böyükağa
Məmmədovun və Qarabağ döyüşlərinin iştirakçısı,
Xıllı qəsəbə 1 nömrəli tam orta məktəbin təlim-tərbiyə
işləri üzrə direktor müavini Qabil Hüseynovun
danışdığı cəbhə xatirələri də böyük maraqla
qarşılanıb.
Bu unudulmaz tədbirdə şagirdlərin hazırladığı
ədəbi-bədii kompozisiya isə tədbir
iştirakçılarını kövrəldib. Eyni zamanda
şagirdlərin ifasında qəhrəmana həsr olunmuş
bayatılar, ağılar və şeirlər də səslənib.
Məktəblilər Riad Əhmədovun şəkli önünə tər
qərənfillər düzüblər.
Sonda şagirdlər Azərbaycanın üçrəngli bayrağını
səhnəyə gətirərək ona Riad Əhmədov kimi
sədaqətli olacaqlarına, torpaqlarımızın
bütövlüyü uğrunda onun kimi mübariz, düşmənə
qarşı amansız olacaqlarına and içiblər. Görkəmli
şairimiz Bəxtiyar Vahabzadənin "Bayraq" şeirinin
gözəl ifası da alqışlarla qarşılanıb.
Sabirabadda 610 müəllim təlim kurslarından keçib
Redaksiyamıza Sabirabad Rayon Təhsil Şöbəsindən
daxil olmuş məlumatda qeyd edilir ki, 2011-ci
ildə ibtidai sinif müəllimlərinin kurikulum
hazırlığı başa çatıb. Bu müddət ərzində rayonun
610 nəfər ibtidai sinif müəllimi təlim
kurslarından keçib. Hazırda növbəti dərs ilində
V siniflərdə kurikulumun tətbiqi üçün hazırlıq
işinə başlanılıb. Gələn dərs ilində V siniflərdə
dərs deyəcək müəllimlərin siyahısı Təhsil
Nazirliyinə təqdim olunub. 2012-ci ilin yay
aylarında təşkil olunacaq təlim kurslarında
rayonun 1002 müəlliminin iştirakı nəzərdə
tutulub. Bu siyahıya rayonda müvəqqəti
məskunlaşmış qaçqın və köçkün rayonların
məktəblərində çalışan 36 müəllimin də adı daxil
edilib.
Rayonda müəllimlərin kurikulum hazırlığının
artırılmasını təkcə təlim kursları vasitəsilə
deyil, həmçinin müntəzəm olaraq iş aparılmasında
görürlər. Bu iş isə mütəmadı olaraq seminarlar
təşkil edilməsindən, bu seminarlarda qabaqcıl
müəllimlərin çıxışlarının və ayrıca "açıq
dərs"lərinin keçirilməsindən ibarətdir.
Qusar məktəblilərinin uğurları
Rayon məktəblilərinin qazandığı uğurlardan
söhbət açarkən birinci növbədə müstəqil
Azərbaycanın təhsil tarixində ilk dəfə gümüş
medalla təltif olunan 16 məzundan biri - Qusar
şəhər 6 nömrəli məktəbin məzunu Şəmsi Kazımovun
olduğu fəxrlə vurğulanır. Daha bir uğur isə fənn
olimpiadalarının Respublika mərhələsində rayonun
Piral kənd tam orta məktəbinin X sinif şagirdi
Məleykə Əsədovanın Azərbaycan dili və ədəbiyyat
fənni üzrə IV yer tutaraq Təhsil Nazirliyinin
diplomu ilə təltif edilməsidir.
Qusar Rayon Təhsil Şöbəsindən verilən məlumatda
bildirilir ki, rayonda istedadlı uşaqların
aşkara çıxarılması, onların istedad və
qabiliyyətlərinin daha da inkişaf etdirilməsi
sahəsində təhsil müəssisələrinin fəaliyyəti daim
diqqət mərkəzində saxlanılır. Eyni zamanda
rayonun məktəbdənkənar təhsil müəssisələrində də
müxtəlif nominasiyalar üzrə tədbirlərin
keçirilməsinə əməli köməklik göstərilir.
Azərbaycan Respublikası Fövqəladə Hallar
Nazirliyinin müxtəlif nominasiyalar üzrə
keçirdiyi I Ümumrespublika yaradıcılıq
müsabiqəsində Uşaq Yaradıcılıq Mərkəzinin dərnək
üzvü Albert Cavadov rəsm nominasiyası üzrə I
yeri tutub və ona fotoaparat hədiyyə edilib.
Şəhər 6 nömrəli orta məktəbin V sinif şagirdi,
ekoloji mərkəzin dərnək üzvü Vüqar Niftəliyev "Ətraf
mühiti qoruyaq" mövzusunda məktəblilərin
Respublika rəsm müsabiqəsində II yeri tutub və
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
diplomu ilə təltif edilib.
Rayon Texniki Yaradıcılıq Mərkəzində məşğul
olan Albina Ramazanova isə məktəblilərin əl
işlərinə Respublika baxış müsabiqəsinin final
mərhələsində yumşaq oyuncaqlar nominasiyasında I
yer tutaraq diplom və qiymətli hədiyyəyə layiq
görülüb.
Eyni zamanda rayonun məktəb məzunlarının ali
məktəblərə qəbulu, İKT-nin tətbiqi və
istifadəsi üzrə, idman, hərbi-vətənpərvərlik
sahəsində də sevindirici nəticələr var və bu
nəticələri artırmaq üçün bütün təhsil işçiləri
məqsədyönlü işlər aparır.
Hazırladı: Ədalət Daşdəmirli |