Dekabrın
2-də Azərbaycan Milli Konservatoriyası nəzdində
Musiqi Kollecində görkəmli xanəndə, Azərbaycan
Respublikasının xalq artisti Xan Şuşinskinin
anadan olmasının 110 illiyinə həsr ounmuş
yubiley gecəsi keçirilmişdir.
Tədbirdə kollecin müəllim və tələbələri ilə
yanaşı, tanınmış musiqi xadimləri və muğam
ustaları, Xan Şuşinskinin ailə üzvləri, KİV
təmsilçiləri iştirak edirdilər.
Yubiley gecəsi Xan Şuşinskinin ürəkləri
ovsunlayan ecazkar ifasının səslənməsi ilə
açıldı.
Tədbirdə giriş sözü söyləyən Azərbaycan Milli
Konservatoriyası nəzdində Musiqi Kollecinin
direktoru, əməkdar incəsənət xadimi, professor
Nazim Kazımov mərasim iştirakçılarını salamlayıb
bu gün kollecin həyatında ən əlamətdar günlərdən
biri olduğunu, Musiqi Kollecinin çoxlu möhtəşəm
hadisələrə şahidlik etmiş böyük zalında
Azərbaycanın böyük sənətkarlarından birinin,
misilsiz muğam ifaçısı, dünya
azərbaycanlılarının sevimlisi Xan Şuşinskinin
110 illik yubileyini qeyd etməyə yığışdıqlarını,
dahi bəstəkar və musiqi xadimi Üzeyir
Hacıbəylinin təşəbbüsü ilə əsası qoyulmuş Musiqi
Kollecində Xan Şuşinskinin də vaxtilə dərs
dediyini, çoxlu yetirmələrinə muğamlarımızın,
xalq mahnılarımızın sirlərini öyrətdiyini, bu
baxımdan onun yubileyini qeyd etməyin kollecin
müəllim və tələbə kollektivi üçün böyük şərəfli
iş olduğunu bildirdi.
10
il öncə Xan Şuşinskinin 100 illik yubileyinin
kollecin zalı olmadığından başqa təhsil
ocaqlarında keçirmək məcburiyyətində
qaldıqlarını deyən N.Kazımov, bu gün sənətkarın
110 illiyini öz tədris ocaqlarında
keçirmələrindən məmnunluq duyduğunu söylədi,
kollecləri üçün yaradılmış bu şəraitə, son illər
burada aparılmış yüksək səviyyəli təmir və
yenidənqurma işlərinə görə Azərbaycan dövlətinin
başçısı, möhtərəm Prezidentimiz İlham Əliyevə,
Azərbaycan musiqisinin, muğamlarımızın böyük
himayəçisi, millət vəkili, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri Mehriban xanım Əliyevaya öz
minnətdarlığını bildirdi, Xan Şuşinskinin 120
illik yubileyinin Şuşada keçirilməsini arzu etdi.
Sonra Xan Şuşinskinin qızı Bəyimxanım Verdiyeva
çıxış edərək atasının xatirəsinə göstərdikləri
sayğıya, Azərbaycana böyük sənətkarlar bəxş
etmiş bu qədim musiqi məbədində onun 110 illik
yubileyini keçirdiklərinə görə kollecin
rəhbərliyinə minnətdarlığını çatdırıb, böyük
Cavanşirlər sülaləsinin layiqli davamçısı,
daşıdığı Xan adını həm səsi, həm sənəti, həm də
şəxsiyyəti ilə doğruldan, Azərbaycan
mədəniyyətində müstəsna xidmətləri olmuş Xan
Şuşinskinin yubiley tədbirinə gələnlərə "xoşgəldin"
edib, dərin təşəkkürünü bildirdi.
Sənətşünaslıq namizədi, dosent Xatirə Həsənzadə
Xan Şuşinskinin həyatı və yaradıcılığı haqqında
məruzə etdi. Məruzəçi Xan Şuşinskinin öz səsi və
sənəti ilə nəinki doğulduğu Qarabağda,
Azərbaycanda, bütün yaxın Şərq ölkələrində
tanındığını və sevildiyini, Azərbaycan
musiqisini hər yerdə böyük məhəbbətlə təbliğ
etdiyini bildirdi.
Yubiley gecəsində çıxış edən Azərbaycan
Respublikasının xalq artistləri Əlibaba Məmmədov,
Arif Babayev, Canəli Əkbərov, Mənsum İbrahimov
və tanınmış xanəndə Süleyman Abdullayev müxtəlif
illərdə Xan Şuşinski ilə birlikdə çalışdıqları,
onunla yaxından təmasda olduqları üçün özlərini
xoşbəxt hesab etdiklərini, böyük sənətkar kimi
qiymətləndirdikləri Xan Şuşinskinin gözəl səsə
və avaza, dərin musiqi duyumuna malik olduğunu,
muğamlarımızı gözəl bildiyini, onları yeni
xallarla daha da zənginləşdirdiyini, yüksək
insani keyfiyyətlər daşıyıcısı olduğunu
söylədilər, onunla bağlı xatirələrdən, Xan
əminin duzlu-məzəli lətifələrindən,
zarafatlarından söz açdılar.
Yubiley gecəsində Musiqi Kollecinin məzunları və
tələbələri maraqlı konsert proqramı ilə çıxış
etdilər.
Musiqi Kollecinin xalq çalğı alətləri
ansamblının ifa etdiyi Vasif Adıgözəlovun
"Bayram süitası", tələbələrdən Zeynəb
Quliyevanın, Nuranə Şıxəliyevanın, Ayxan
Hacıəhmədovun, "Muğam-2011" müsabiqəsinin
laureatları tələbə Nigar Rəhimovanın, kollecin
məzunu Elsevər Muradovun, "Beynəlxalq muğam
müsabiqəsi - 2011"in laureatı, IV kurs tələbəsi
Nişanə Baxışovanın və başqalarının ifa etdikləri
Emin Sabitoğlunun "Dərələr", Əlibaba Məmmədovun
"Mənim Azərbaycanım" mahnıları, "Dilkəş təsnifi",
"Qarabağ şikəstəsi", "Sarı gəlin", "Şuşanın
dağları" və s. mahnılar yubiley iştirakçıları
tərəfindən alqışlarla qarşılandı.
Tədbirin sonunda söz alan Xan Şuşinskinin oğlu
Aslan Cavanşirov yubiley gecəsinə, habelə
keçirilən silsilə tədbirlərə görə kollecin
kollektivinə və musiqi ictimaiyyətinə öz
minnətdarlığını bildirdi.
Yusif ƏLİYEV |
|