Azərbaycan
Müəllimlər İnstitutu bu gün respublikamızın
öndə gedən ali təhsil ocaqlarından biridir.
Burada son illər institutun rektoru, millət
vəkili, professor Aqiyə Naxçıvanlının gərgin
səyi nəticəsində ciddi yenidənqurma işləri
görülmüş, təhsil sahəsində xeyli uğurlar əldə
edilmişdir. Bu ali təhsil ocağında tələbələrin
dünyagörüşlərinin artırılması məqsədilə
mütəmadi olaraq tanınmış ziyalılar, sənət
adamları ilə görüşlər keçirilib.
Belə görüşlərdən biri dekabrın 6-da institut
tələbələrinin sevimli yazıçısı Elxan Elatlı
ilə baş tutdu. Tədbiri giriş sözü ilə açan
tərbiyə işləri üzrə prorektor Tünzalə Yusifova
qonağa institutun rektoru Aqiyə Naxçıvanlının
adından hədiyyə və gül dəstəsi təqdim etdi.
Yazıçının ədəbi yaradıcılığı barədə danışan
T.Yusifova qeyd etdi ki, ədəbiyyata 2001-ci
ildən 3 ardıcıl şeir kitabı ilə gələn Elxan
Elatlı sonradan öz oxucularına "Xəyanət",
"Qan ləkəsi", "Bakıdan gələn xəfiyyə", "Görünməyən
izlər", "Arxalı canavar", "Cəhənnəmdən gələn səs",
"Ələkeçməz yaquar" və digər bir-birindən
maraqlı detektiv romanlar hədiyyə etmişdir.
Xüsusilə yazıçının Milli Qəhrəman Mübariz
İbrahimova həsr etdiyi "Qisas gecəsi" romanı
hər bir Azərbaycan vətəndaşının qəlbində
vətənpərvər duyğular oyatmağa qadirdir.
İnstitutun Azərbaycan dili və ədəbiyyat
kafedrasının müdiri, professor Ramil Əliyev,
qonaqlardan Yayım assosiasiyasının prezidenti
Yaşar Zeynalov, "Yeni nəşrlər" jurnalının
redaktoru Fazil Kərimli öz çıxışlarında
yazıçının ünvanına xoş sözlər söylədilər. Elxan
Elatlı gələcəyin müəllimləri olacaq tələbələrə
öz dəyərli məsləhətlərini verdi, onlara həyatda
və seçdikləri şərəfli yolda uğurlar arzuladı.
Qonaq daha sonra tələbələrin çoxsaylı
suallarını cavablandırdı. |
|