Son illər respublikamızın sosial-iqtisadi və
mədəni-ictimai həyatında, demokratik və hüquqi
dövlət quruculuğunda, ümumən milli
cəmiyyətimizin sosial tərəqqisində əldə edilmiş
bir sıra nailiyyətlər son dərəcə təqdirəlayiqdir.
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin 4 may 2009-cu il tarixli
sərəncamı ilə "Azərbaycan Respublikasında
2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli
Strategiya" və Milli Strategiya ilə bağlı Dövlət
Proqramının təsdiq edilməsi elmin inkişafına
dövlət dəstəyini şərtləndirən amillərdəndir.
Respublikamızda iqtisadiyyatın güclənməsi,
qabaqcıl texnologiyaların gətirilməsi və
yaradılması, müasir və daha dəqiq tibbi
avadanlıqların tətbiqi, elmi araşdırmaların
genişlənməsi, ölkəmizin dünyaya inteqrasiyası
yeni insani münasibətlərin formalaşmasını zəruri
edir.
Bu insani münasibətlərin əsasında hüquqi,
sosioloji və etik prinsiplər durur. İndi bütün
ölkələrdə sosioloji məsələlərin həllində
bioetikanın mühüm rol oynadığı xüsusilə
vurğulanır. Bioetikanın vacibliyi həm rəsmi
dövlət idarəetməsində və həm də qanunvericilikdə
təhsildə daha qabarıq hiss olunur. Bioetika
insan fəaliyyətinin bütün sahələrini əhatə
etdiyindən onun prinsiplərinin tətbiqinə hər
yerdə - qanunvericilikdə, tibbi praktikada,
istehsalatda, təhsildə, yeni texnologiyaların
cəmiyyətin həyatına müdaxiləsində böyük ehtiyac
yaranmışdır. Bioetika cəmiyyətin intellektual
səviyyəsinin və mədəniyyətinin artmasında,
demokratikləşmənin genişlənməsində, insani
keyfiyyətlərin yüksəlməsində, insanların bir-birinə
və ətraf aləmə münasibətində təbiiliyin
möhkəmlənməsinə xidmət edən hüquqi, etik,
psixoloji bir elm sahəsidir.
Bioetikanın problemləri həm insanlara və həm də
ümumiyyətlə cəmiyyətə aid olan problemlərdir.
Gələcəyin vətəndaşları olaraq tələbələr öz
həyati istiqamətlərini seçməklə yanaşı həm də
cəmiyyətin inkişaf istiqamətini müəyyən edən
hərəkətverici qüvvədirlər. Bioetika sahəsində
biliklərə yiyələnənlər daha dərin
əsaslandırılmış sosioloji və siyasi həllər qəbul
etməyə qadir olan vətəndaşlar olurlar. Mahiyyət
etibarı ilə bioetikanın tədrisinin əsas məqsədi
tələbələrdə kritik anlarda düzgün qərar qəbul
etmək, yaxşını pisdən ayırd edə bilmək, həyati
məsələlərin insani həllini tapmaq bacarığını
formalaşdırmaqdır. Bioetika elmi fəaliyyətin,
tibbi praktikanın prinsip və istiqamətlərini
müəyyən edən, onların cəmiyyətdə hansı sosioloji
nəticələr verəcəyini əsaslandıran bir elm
sahəsinə çevrilmişdir. Bioetikanın məsələləri
şəxsiyyətə, cəmiyyətə aid olduğundan çox
mürəkkəbdir. Bu məsələlərə hətta spesifik
bioloji məlumatlar da daxil olduğundan onların
həllində yüksək dərəcədə insani keyfiyyətlər
tələb olunur. Odur ki, bioetikanın tətbiqi hər
bir ölkənin insanlarının milli mentalitetini,
inkişaf səviyyəsini, mədəniyyətini, intellektual
potensialını və təbii resurslarını nəzərə
almaqla həyata keçirilməlidir.
Bioetikanın tədrisi cəmiyyətin bütün
təbəqələrində həyata keçirilməlidir. Vətəndaş
formalaşması orta məktəblərdən başladığından
bioetikanın tədrisi bu mərhələdə daha effektli
olur. İndi respublikamızda hər il orta
məktəbləri 100-120 min şagird bitirir. Onların
yalnız 20-25%-i ali məktəblərdə təhsillərini
davam etdirmək imkanına malikdir. Odur ki, ali
məktəblərdən öncə orta məktəblərdə bioetikanın
tədrisi həyati vacib məsələlərdən biridir. Orta
məktəblərdə bioetikanın ilkin anlayışları,
mahiyyəti və onun cəmiyyətdə rolu
uyğunlaşdırılsa da ali məktəblərdə daha çox
praktiki məsələlərin həllinə aid olan hüquqi,
fəlsəfi, tibbi, bioloji problemlərin müzakirəsi
işıqlandırılmalıdır.
Bioetikanı ixtisasından asılı olmayaraq
universitetlərin bütün fakültələrində bu və ya
digər formada tədris etmək lazımdır. Bunun iki
səbəbi var. Birincisi, bakalavr pilləsini
qurtarmış tələbələrdə ətraf aləmə münasibətdə,
sosioloji məsələlərin həllində məsuliyyət
hissinin formalaşmasında, həyati hadisələrin bir-birilə
əlaqələndirilməsində və nəhayət, insani
münasibətlərin formalaşmasında sanki bir vakuum
olur. İkincisi, onlar yiyələndikləri elmi
biliklərlə gündəlik həyati hadisələrin arasında
olan əlaqələri düzgün qiymətləndirə bilmirlər.
Xüsusilə fundamental elm sahələrinin -
biologiyanın, kimyanın, fizikanın və eləcə də
texniki elmlərin problemlərini sosioloji
problemlərlə əlaqələndirə bilmirlər. Məhz
bioetika cəmiyyətin bütün təbəqələri arasında
həmrəyliyi yaradan, onun hüquqi əsaslarla
problemlərini araşdıran bir elm sahəsi
olduğundan onun tədrisi univerisitetlərin bütün
fakültələrində vacibdir.
Bioetikanın tədrisində təkcə müəyyən həcmdə
biliklərin tələbələrə ötürülməsi onun
mahiyyətini əks etdirmir. Bioetikanın tədrisi o
zaman bir məna kəsb edər ki, tələbələrdə
cəmiyyətin bir üzvü olmaq məsuliyyəti hissini
oyatsın, onlarda insani münasibətlər, qərar
qəbul edərkən bioetikanın fundamental
prinsiplərinə istinad etmək qabiliyyəti
formalaşdırsın.
Cəmiyyətimizdə rastlaşdığımız etik krizislər və
çox ölkələrdə olduğu kimi onun prinsiplərinin
tədris olunmaması gənc nəslin sağlam
böyüməsində, daima vətəndaş mövqeyindən çıxış
etməsində, münasibətlərdə, xüsusilə tibb
müəssisələrinin peşə fəaliyyətində və eləcə də
qərarqəbuledicilərin fəaliyyətlərində aşınmalara
səbəb olar. Bu nöqteyi-nəzərdən ümumi
bioetikanın univeristet tələbələrinə tədrisi
vətəndaş etikasının formalaşdırılmasında bir
funksiya rolunu oynaya bilər.
19 oktyabr 2005-ci ildə YUNESKO-nun Baş
Assambleyasının 33-cü sessiyasında Bioetika və
insan hüquqlarına dair ümumi Bəyannamə qəbul
edilmişdir ki, bu bəyannamədə bioetikanın əsas
prinsipləri göstərilmişdir.
Bəyannamədə verilən prinsiplər toplusu dünyanın
hər bir ölkəsində bioetikanın formalaşması,
tətbiqi və tədrisi üçün qlobal platforma rolunu
oynayır. Bəyannamədən irəli gələn vəzifələri
həyata keçirmək üçün YUNESKO hər il
təkmilləşdirilən baza tədris proqramı
yaratmışdır. Həmin proqram universitetlərdə
bioetikanın tədrisi üçün fundamental fəaliyyət
proqramı hesab edilə bilər. Dünyanın bir çox
ölkələrində, o cümlədən bizim ölkəmizdə bioetika
tədris olunmadığından bu proqram bioetikanın
tədrisi üçün başlanğıcda əsas vəsait kimi
istifadə edilə bilər.
Onu qeyd etmək lazımdır ki, bioetika fənni üçün
heç bir ölkədə, o cümlədən bizim olkəmizdə dəqiq
və aydın tədris xəttinin olmaması, tədris
proqramlarının bir-birindən kəskin fərqlənməsi,
dərs saatlarının miqdarının proqramlara
uygunlaşdırılmaması tələb edir ki, bu sahədə
YUNESKO-nun baza tədris proqramı əsas kimi
götürülərək, bioetika təhsil strategiyasını hər
bir ölkə özü üçün hazırlasın. Müxtəlif
sosial, mədəni və iqtisadi şəraitə malik olan
bütün ölkələrdə baza tədris proqramının tətbiq
oluna bilməsini YUNESKO-nun nəzərə almasına
baxmayaraq onu qeyd etmək lazımdır ki, bu
proqramla bioetikanı tələbələrə tədris edən
müəllimlər özləri proqramda nəzərdə tutulan
məsələlərin çatdırılması metodunu
işləməlidirlər. Onlar həm proqramda və həm də
digər mənbələrdə verilən bioetik məsələləri
qabartmalıdırlar. Odur ki, bu baza tədris
proqramını bioetika sahəsində tədris üçün
minimal proqram kimi qəbul etmək məqsədəuyğun
olardı. Onu şəraitə uyğun olaraq təkmilləşdirmək
və zənginləşdirmək hər bir ölkənin tədris
siyasətinə uyğun yerinə yetirilməlidir.
Müəllimlər adət-ənənələrə və digər aktual
problemlərə aid olan uyğun modullar da yarada
bilərlər. Təhsilin strukturundan asılı olaraq bu
və ya digər univeristetdə bioetikanın tədrisi
təhsilin ilkin pillələrində və ya sonrakı
mərhələlərində həyata keçirilə bilər. Hər bir
universitet bioetikanın tədrisini həyata
keçirərkən baza tədris proqramına əlavə saatlar
ayıra, onun hansı mövzularının hansı mərhələdə
tədris olunmasını özü müəyyənləşdirə bilər.
Universitet müəllimləri nəzərə almalıdırlar ki,
bu proqramın icrası vasitəsilə tələbələrdə insan
hüquqları ilə əlaqədar olan etik aspektlərə
münasibət formalaşdırmaq, sosial məsələlərin
həllində vətəndaş mövqeyi göstərmək, sağlamlığın
möhkəmləndirilməsinə xidmət edən etik
prinsiplərin bərqərar olmasına və cəmiyyətdə
yaşayış normalarına yüksək dərəcədə əməl
edilməsinə gətirib çıxaran vərdişlər
yaradılmasına nail olmaq mümkündür.
Tibb universitetlərində bioetikanın tədrisi
adətən konkret tibbi problemlərin ətrafında
qurulur. Belə proqramlarda həyat və həyatın sonu
məsələlərini əhatə edən konkret mövzular
verilir, konkret situasiyalarda tibb
müəssisəsinin necə hərəkət etməsi müzakirə
olunur. Bioetika sahəsində təhsilin başlıca
vəzifəsi ondan ibarətdir ki, o, tələbələrdə
düşünməyin müxtəlif yollarını öyrətsin, suallara
cavab tapmaqda sərbəst olsunlar, konkret
situasiyalar üçün qərar qəbul etməyi
bacarsınlar.
YUNESKO-nun bioetika baza tədris proqramında
irəli sürülən prinsiplərə uyğun mövzuların
seçilməsi həm tibb və biologiya fakültələrinin
və həm də hüquq və sosial elmlər üzrə təhsil
alan tələbələr üçün münasibdir.
Digər fənlərin tədrisindən fərqli olaraq
bioetika fənninin tədrisində əsas məsələlərdən
biri tədrisin metodologiyasıdır. Bioetikadan
biliklər toplusunun tələbələrə çatdırılması
deyil, onların praktikada tətbiqi bacarığının
formalaşdırılması vacibdir. Odur ki, nəyi tədris
etməklə yanaşı necə tədris etmək də vacibdir. Bu
sahədə Qərb universitetlərinin təcrübəsindən
istifadə etməklə universitetin təhsil
strategiyasına uyğun tədris proqramları yaratmaq
lazımdır.
Azərbaycanın ali məktəblərində sosiologiya,
hüquq, tibb, biologiya və eləcə də digər
ixtisaslar üzrə kadrlar hazırlığı
proqramlarında bioetikanın bir fənn kimi tədrisi
vacib məsələlərdən biridir. Respublikamızda
YUNESKO-nun bu sahədə fəaliyyətindən, dünya
təcrübəsindən və beynəlxalq əməkdaşlıqdan
istifadə edərək bioetikanın tədrisini
müvəffəqiyyətlə həyata keçirmək mümkündür və
artıq bu sahədə müəyyən addımlar da atılmışdır.
Təsadüfi deyildir ki, 2011-ci il iyunun 3-də
Təhsil Nazirliyində, YUNESKO-nun Beynəlxalq
Bioetika Komitəsinin Bakıda keçirilmiş XVIII
sessiyasında iştirak etmək üçün Azərbaycana
gəlmiş YUNESKO-nun baş direktor müavini, Sosial
və Humanitar sektorun rəhbəri xanım Pilar
Alvares-Laso ilə keçirilən görüşdə qonaq,
Beynəlxalq Bioetika Komitəsinin bu il Bakıda
keçirilən XVIII sessiyasının yüksək səviyyədə
təşkil olunduğunu qeyd etməklə yanaşı, artıq
Azərbaycanda bioetika və tibbi hüquq üzrə elmi
ixtisasın, elmi şifrin yaradılması, bioetika
üzrə AMEA-nın İnsan Hüquqları İnstitutunda
doktorantura və dissertanturanın fəaliyyətə
başlamasını yüksək dəyərləndirmiş, alimlərin bu
sahədə elmi araşdırmalar aparmasından
məmnunluğunu bildirmişdir. YUNESKO-nun baş
direktor müavini regionda bioetikanın inkişafı
baxımından ilk təşəbbüsün Azərbaycanda
göstərildiyini vurğulayıb, Azərbaycan
televiziyasında yeni açılmış bioetikaya dair
verilişin əhəmiyyəti haqqında müsbət fikirlərini
bildirmişdir. Eyni zamanda xanım Pilar Alvares-Laso
bildirmişdir ki, Azərbaycanda yalnız tibb
işçiləri üçün Bioetika üzrə kafedralararası
kursun tədrisi aşağı kurslardan aparılsa da, bu,
YUNESKO-nun tövsiyə etdiyi tədris proqramlarına
uyğun deyil. O, həmçinin digər ali təhsil
müəssisələrində və orta məktəblərdə, xüsusilə
sosial-humantar elmi ixtisaslar üzrə bioetikanın
tədris olunmasının zəruriliyinə toxunaraq, AMEA-nın
İnsan Hüquqları İnstitutunda bioetika üzrə
YUNESKO-nun baza tədris proqramının Azərbaycan
dilinə tərcümə olunmasını təqdirəlayiq hal kimi
səciyyələndirmişdir.
İndi dünyanın əksər universitetlərinin
proqramlarına bioetika kursları daxil edilmişdir.
Hesab edirik ki, müstəqil Azərbaycanda elmin
sürətli inkişaf etdirilməsində cəmiyyətin
rolunun düzgün müəyyən edilməsi üçün bioetika
elminin əhəmiyyəti çox böyük olduğundan, bu
sahənin daha dərindən öyrənilməsinə və tədrisinə
zəruri ehtiyac vardır.
Vüqar MƏMMƏDOV,
AMEA-nın İnsan Hüquqları İnstitutunun professoru,
Aidə BƏNDƏLİYEVA,
AMEA-nın İnsan Hüquqları İnstitutunun elmi
işçisi |
|