Naxçıvan Özəl Universitetində növbəti Heydər
Əliyev lektoriyası keçirilmişdir. Lektoriyanı
universitetin rektoru, professor İsmayıl Əliyev
açmışdır. Universitetin tərbiyə işləri üzrə
prorektoru Əli Yusifov "Ümummilli lider Heydər
Əliyevin siyasi fəaliyyətində Azərbaycanın
dövlət müstəqilliyi məsələsinin həyata
keçirilməsi strategiyası" mövzusunda geniş
məruzə ilə çıxış etmişdir. O, ulu öndər Heydər
Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin
qorunması, ölkəmizin tərəqqisi naminə həyata
keçirdiyi tədbirlərdən ətraflı danışmışdir.
Bildirmişdir ki, ötən əsrin 90-cı illərinin
əvəllərində ikinci dəfə qazanılmış
müstəqilliyimiz ölkədə hakimiyyətdə olanların
şəxsi ambisiyalarla yaşamaları, mövcud vəziyyəti
düzgün qiymətləndirə bilməmələri ucbatından
yenidən itirilmək təhlükəsi ilə üzbəüz qalmışdı.
Ulu öndərin xalqın təkidli tələbi ilə ikinci
dəfə siyasi hakimiyyətə qayıdışı Azərbaycanı
böyük təhlükələrdən xilas etmiş, ölkəmiz yeni
inkişaf yoluna çıxmışdır.
Bu gün Azərbaycan Cənubi Qafqazda lider dövlətə
çevrilmişdir. Dünyanın inkişaf etmiş ölkələri
Azərbaycanı demokratik, sivil bir dövlət kimi
tanıyırlar. Böyük iqtisadi layihələrin
reallaşmasında Azərbaycan önəmli rol oynayır.
Bütün bunlar xalqımızın böyük oğlu Heydər
Əliyevin əbədiliyini, daimiliyini təmin etdiyi
müstəqilliyimizin Azərbaycana verdiyi
bəhrələridir. Tərəqqi yolu ilə möhtəşəm
nailiyyətlərlə irəliləyən müasir Azərbaycan ölkə
başçısı cənab İlham Əliyevin misilsiz fəaliyyəti
nəticəsində qısa zaman kəsiyində böyük inkişaf
mərhələsi keçmiş, əldə etdiyi sosial-iqtisadi
uğurlarla dünya miqyasında lider mövqeyə
yüksəlmişdir. Qazanılmış uğurlar və bugünkü
Azərbaycan reallıqları ümummilli liderimiz
Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf
strategiyasının nə dərəcədə mükəmməl olduğunu,
böyük müvəffəqiyyətlə həyata keçirildiyini
parlaq şəkildə sübuta yetirir. Ölkəmizin
ayrılmaz tərkib hissəsi olan muxtar
respublikamızda da bütün sahələrdə baş verən
əsaslı dəyişiklik, dinamik inkişaf, qazanılan
uğurlar, o cümlədən əhalinin sosial həyat
şəraitinin yaxşılaşdırılması istiqamətində
atılan uğurlu addımlar, tikinti-quruculuq və
abadlıq işləri məhz müstəqilliyimizin bəhrəsidir.
Nuray ƏSGƏROVA,
Naxçıvan Özəl Universiteti
Mətbuat xidmətinin əməkdaşı |
|