Azərbaycan
Dillər Universitetində (ADU) filologiya
fakültəsinin əyani, 1 saylı ingilis dili
fakültəsinin qiyabi və 2 saylı ingilis dili
fakültəsinin axşam təhsil alan IV kurs
tələbələrinin pedaqoji təcrübəsinə həsr olunan
pedaqoji konfrans keçirilib. Konfransı giriş
sözü ilə açan ADU-nun tədris işləri üzrə
prorektoru, professor Natiq Yusifov pedaqoji
təcrübənin tələbənin müəllim kimi
formalaşmasında mühüm rol oynadığını bildirib.
Prorektor tələbələrə pedaqoji təcrübənin bütün
imkanlarından yararlanmağı tövsiyə edib. O,
filologiya fakültəsinin tələbələrinin gələn
ildən pedaqoji təcrübəyə deyil, istehsalat
təcrübəsinə gedəcəklərini də vurğulayıb. Bu
dəyişikliyin Azərbaycan dili və ədəbiyyat
ixtisasında təhsil alan tələbələrə şamil
olunmadığı bildirilib. Bununla yanaşı, gələn
ildən pedaqoji yönümlü təhsil alan tələbələrin
təcrübəsinin 15 həftəyə çatdırılacağı konfrans
iştirakçılarının diqqətinə çatdırılıb. N.Yusifov
tələbələrə pedaqoji təcrübədə uğurlar arzulayıb.
ADU-nun
pedaqoji təcrübə rəhbəri Bəxtiyar Həmzəyev isə
çıxışında təcrübənin mahiyyətindən və
qaydalarından danışıb. Təcrübənin 5 həftə davam
edəcəyini bildirən pedaqoji təcrübə rəhbəri orta
məktəblərin daxili nizam-intizam qaydalarına
ciddi riayət etməyin vacibliyini vurğulayıb.
Qiymətləndirmə mexanizminə də toxunan B.Həmzəyev
tələbələrin vəzifələri haqqında da məlumat verib.
Psixologiya kafedrasının müdiri, dosent Misgər
Məmmədov pedaqoji təcrübənin psixoloji
tərəflərindən bəhs edib. Kollektivlə işləməyin
zəruri olduğunu deyən M.Məmmədov tələbələri bu
amilə xüsusi diqqət ayırmağa çağırıb.
Sonda tələbələri maraqlandıran suallar
cavablandırılıb.
Şakir CƏFƏROV |