Astara Pedaqoji Kollecində bu il qəbul olunmuş
tələbələrin valideynləri ilə görüş keçirildi.
Kollecin akt zalında keçirilən yığıncaqda
respublikanın 30-dan artıq şəhər və rayonundan
gəlmiş 200-ə yaxın valideyn iştirak edirdi.
Kollecin direktoru, əməkdar müəllim, fəlsəfə
doktoru, dosent Əlihəsən Həmzəyev çıxış edərək
ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan
Respublikasının təhsil sisteminin inkişafında
misilsiz rolu, ölkə Prezidenti cənab İlham
Əliyevin təhsil sahəsində apardığı böyük işlər,
eləcə də Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban Əliyevanın
rəhbərliyi ilə həyata keçirilən layihələrin ölkə
təhsilinin tərəqqisinə verdiyi töhfələr haqqında
valideynlərə geniş məlumat verdi. Kollecin
keçdiyi yol barədə danışan Ə.Həmzəyev vurğuladı
ki, müstəqilliyimizin yaşıdı olan Astara
Pedaqoji Kollecinin məzunları respublikamızın
əksər rayonlarında, xüsusən, cənub bölgəsində
ümumtəhsil məktəblərində çalışırlar. Kollecin
rəhbərliyi valideynlərlə əməkdaşlığa böyük
əhəmiyyət verir. Bunun nəticəsidir ki, kollecə
daxil olmaq üçün sənəd verən abituriyentlərin
sayı ildən-ilə artır. Natiq çıxışında
tələbələrin dərsə davamiyyətindən, milli adət və
ənənələrimizə uyğun geyim formasından, yüksək
mədəni davranışdan, böyüklərə hörmət və
kiçiklərə qayğıdan, elmi-kütləvi, mədəni
tədbirlərdə iştirakdan, müntəzəm olaraq bilik
səviyyələrini artırmaqdan, verilmiş proqram
materiallarının, tapşırıqlarının yerinə
yetirilməsindən, dərsliklər, əlavə ədəbiyyat və
metodik nəşrlərdən, qəzet və jurnallardan
istifadədən, yeni pedaqoji təlim üsullarından,
qiymətləndirmədən, informasiya-kommunikasiya
texnologiyalarından və digər müasir dövrün
problemlərindən söhbət açdı.
Çıxış edən valideynlər də öz növbələrində
söylədilər ki, belə görüşlərin keçirilməsinin
övladlarının gələcək taleyində önəmli rolu və
böyük əhəmiyyəti vardır. Təsadüfi deyil ki,
burada valideynləri də narahat edən bütün
problemlərdən danışılıb. Valideynlərdən Əlibaba
Məmmədov, İqrar Cəfərov, Pərviz Zeynallı və
digərləri çıxış edərək bildirdilər ki, əgər biz
övladlarımızın xoşbəxt gələcəyini istəyiriksə,
onda kollec rəhbərliyi və pedaqoji kollektivlə
birgə və daha əməli surətdə fəaliyyət
göstərməliyik.
Qeyd edilmişdir ki, belə tədbirlər valideynlərin
və ictimaiyyətin maarifləndirilməsi
istiqamətində ölkədə aparılan mühüm işlərin
davamıdır. Gələcəkdə də belə yığıncaqların
müntəzəm olaraq keçirilməsi qərara alınmışdır.
Yekunda kollecin direktoru Əlihəsən Həmzəyev
valideynləri gənc nəslin tərbiyəsi və onların
intellektual səviyyəsinin yüksəldilməsi
istiqamətində pedaqoji kollektivlə daha sıx
əlaqə saxlamağa və bu prosesdə daha yaxından
iştirak etməyə çağırdı.
Azad ABDULLAYEV |
|