Əkbər
Əsgər oğlu Ənnağıyev 1911-ci ildə Naxçıvanda
anadan olub.
Valideynləri muzdlu fəhlə işləyib. Onu 1924-cü
ilədək valideynləri himayə edib. 1925-ci ildən
maddi çətinlikləri dəf etmək üçün işləyib. Əmək
fəaliyyətinə Azərbaycan Kommunist (bolşeviklər)
Partiyasının Naxçıvan Vilayət Komitəsində kuryer
kimi başlayıb.
O, 1927-1930-cu illərdə Zaqafqaziya Dəmiryolu
Fabrik-Zavod Şagirdliyi Məktəbində təhsil alıb.
1930-cu ildə ÜİK(b)P sıralarına daxil olub,
çilingər sexində təlimatçı işləyib. 1931-ci ildə
Kiyev artilleriya məktəbinə qəbul olunub.
1932-ci ildə Zaqafqaziya Fabrik-Zavod Şagirdliyi
Məktəbinə rəis müavini vəzifəsinə təyin edilib.
İstehsalatda çalışa-çalışa fəhlə fakültəsində
təhsilini davam etdirib. 1932-ci ilin noyabrında
Yol Nəqliyyatı Texnikumunda təhsil almaq
məqsədilə Bakıdan Tbilisiyə gedib.
Əkbər Ənnağıyev 1933-cü ildən 1938-ci ilə qədər
Xalq Daxili İşlər Komissarlığı orqanlarında
işləyib. 1938-ci ilin martında xəstəliklə
əlaqədar Xalq Daxili İşlər Komissarlığı
orqanlarından xaric olunub.
1938-ci ilin aprelindən dekabrına qədər
Zaqafqaziya Dəmiryolu Bakı sərnişin
stansiyasının partiya bürosunun katibi
vəzifəsində çalışıb, sonrakı bir ildə isə
Zaqafqaziya Dəmiryolunun Bakı bölməsinin Siyasi
şöbəsinin rəisi olub. 1939-cu ilin dekabrından
1940-cı ilin aprelinə qədər Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsinin (AKP MK) Nəqliyyat
şöbəsinin müdiri, 1940-cı ilin aprelindən
sentyabrına qədər Azərbaycan Kommunist Partiyası
Mərkəzi Komitəsinin Təşkilat-təlimat şöbəsinin
müdiri vəzifələrində çalışıb. 1940-cı ildə
Azərbaycan Kommunist Partiyası tərəfindən Moskva
Ali Partiya Məktəbinə oxumağa göndərilib.
İkinci Dünya müharibəsində iştirak edib, 1941-ci
ilin iyununda ordu sıralarına çağırılıb. 1941-ci
ilin oktyabrına qədər Xalq Daxili İşlər
Komissarlığının Qərb Hərbi Dairəsində, sonra isə
Zaqafqaziya cəbhəsindəki Xüsusi şöbənin rəisi
vəzifələrində çalışıb. Ordudan tərxis edildikdən
sonra - 1941-ci ilin oktyabrından 1942-ci ilin
yanvarına qədər AKP MK-nın Nəqliyyat şöbəsinin
müdiri, 1942-ci ilin yanvarından 1943-cü ilin
yanvarına qədər isə Zaqafqaziya Dəmiryolunun
Bakı bölməsinin Siyasi şöbəsinin rəisi olub.
1943-cü ilin yanvarında Təbrizə işə göndərilən
Əkbər Ənnağıyev Siyasi şöbə rəisi kimi çalışıb.
İrandan qayıtdıqdan sonra 1943-cü ilin
oktyabrından 1944-cü ilin mayına qədər Kirovabad
(indiki Gəncə) şəhərində Azərbaycan Kommunist
Partiyası Şəhər Komitəsində sənaye və nəqliyyat
üzrə katib müavini vəzifəsində çalışıb. 1944-cü
ildə yenidən İrana - Tehran şəhərinə göndərilib,
1946-cı ilin mayına qədər 50 nömrəli
Hərbi-istismar bölməsinin (HİB) Siyasi şöbəsinə
rəhbərlik edib.
1946-1949-cu illərdə Azərbaycan Kommunist
(bolşeviklər) Partiyası Bakı Şəhər Dzerjinski
Rayon Komitəsinin birinci katibi olub. Sonra
Azərbaycan Dəmiryolu Siyasi şöbəsinin rəisi
vəzifəsinə təyin olunub və Tbilisi Dəmiryolu
Nəqliyyatı Mühəndisləri İnstitutunun Bakı
filialında təhsil alıb.
1947-ci ildə Azərbaycan SSR Ali Sovetinə deputat
seçilib. Samur-Dəvəçi kanalının inşasında
fəaliyyətinə görə "Şərəf nişanı" ordeni ilə
təltif edilib.
1954-1959-cu illərdə SSRİ Nazirlər Soveti
yanında Əmək Ehtiyatları Baş İdarəsinin rəisi,
1959-1961-ci illərdə Dövlət Texniki Peşə Təhsili
Komitəsinin sədri vəzifələrində işləyib. Öz
işinə hər zaman ciddi münasibət göstərən Əkbər
Ənnağıyev bu sahənin inkişafı və yeni dövrün
tələblərinə uyğunlaşdırılması üçün səy və
bacarığını əsirgəməyib.
1963-cü ildə Azərbaycan SSR kommunal təsərrüfatı
nazirinin müavini vəzifəsinə təyin edilib.
"Qırmızı Əmək Bayrağı" ordeninə layiq görülüb.
Əkbər Ənnağıyev 1967-ci ildə vəfat edib. |