Təhsil
sistemi
Avropa İttifaqının üzvü olan Avstriya 9
əyalətdən ibarət federal dövlətdir. Ölkə
əhalisinin 88 faizi alman dilində danışır. Odur
ki, təhsil sahəsində də alman dili aparıcı
mövqeyə sahibdir. Ölkənin cənub və şərq
əyalətlərində yaşayan etnik azlıqların ana
dillərində təhsil almaları üçün imkanlar
yaradılıb.
6-15 yaşlı uşaqlar üçün təhsil icbari xarakter
daşıyır. Əhalinin savadlılıq səviyyəsi 98
faizdir. Ölkə üzrə ümumi xərclərin 5,4 faizi
təhsil sahəsinə ayrılır.
Orta məktəblərdə təhsil aşağı və yuxarı
pillələrə bölünür. Orta təhsil pilləsi üzrə
tədris ili sentyabr ayından iyun ayına qədər
davam edir. Tədris həftəsi 6 gün davam edir.
Dərslər birnövbəlidir. Məktəblərdə tarix,
iqtisadiyyat və coğrafiya kimi fənlərin hər
hansı bir xarici dildə tədris olunmasına imkan
yaradılır. Bəzi əyalətlərdə Beynəlxalq ikidilli
məktəblərin açılması kimi pilot layihələr həyata
keçirilir.
Avstriyanın
ibtidai və orta məktəblərində qiymət və bal
sistemi 1-dən 5-ə qədər hesablanır. 1 qiyməti ən
yaxşı, 5 qiyməti zəif, 4 qiyməti isə keçid
qiyməti kimi qəbul olunur. İbtidai təhsil
səviyyəsində, bir sıra seçmə kurslarda - xor və
dram dərslərində uşaqlara qiymət yazılmır.
Bununla yanaşı, əhəmiyyətlilik baxımından
müəyyən fənlərə xüsusi diqqət göstərilir. Bu
fənlər üzrə şagirdlərin əldə etdikləri
nailiyyətlər ali məktəb seçimində təkanverici
amilə çevrilir.
Dövlət məktəbləri ilə yanaşı, özəl tədris
ocaqları da fəaliyyət göstərir. Özəl məktəblər
əsasən Roma Katolik Kilsəsinin nəzarəti
altındadır. Ölkə üzrə şagirdlərin 88 faizi
dövlət məktəblərində təhsil alır.
Orta məktəbdən sonrakı təhsil dövrünə kollec,
universitet, ixtisas institutu və akademiya
təhsili daxildir.
Bir çox ölkələrdən fərqli olaraq universitetlərə
və digər ali təhsil müəssisələrində oxumaq üçün
xüsusi qəbul imtahanı vermək tələb edilmir.
Məzunların orta məktəbi bitirdiyini təsdiq edən
sənəd ali təhsil müəssisələrinə qəbul olunmağa
əsas verir. Bütün universitetlərdə tədris
Boloniya müqaviləsinin prinsipləri əsasında
qurulub. Ali təhsilin idarə edilməsi üzrə
səlahiyyət federal hökumətə məxsusdur.
Təhsil, Elm və Mədəniyyət üzrə Federal Nazirlik
orta, orta pillədən sonrakı təhsil, ali təhsil
və texniki peşə təhsili üzrə cavabdehdir. Əmək
və İqtisadi Məsələlər üzrə Federal Nazirlik isə
ilkin peşə təhsili və əsasən təlim təcrübəsi
məsələlərinə nəzarət edir.
Peşə
təhsili proqramlarına qadınlar daha çox maraq
göstərir. Riyaziyyat, kompüter elmləri və
mühəndislik kimi ixtisaslara kişilərin axını
üstünlük təşkil edir. Bu sahədə mövcud olan
gender müxtəlifliyini aradan qaldırmaq üçün
hökumət Təhsil, Elm və Mədəniyyət İşləri üzrə
Federal Nazirliyin Fəaliyyət Planına uyğun
olaraq xüsusi təşəbbüs proqramı hazırlayıb. Bu
proqramın əsas hədəfi məktəblərə müxtariyyətin
verilməsi və təhsilin keyfiyyətinin
yüksəldilməsindən ibarətdir.
Ölkənin təhsil sistemində texniki peşə təhsili
müəssisələrinə şagirdlərin cəlb edilməsi
prioritet məsələlərdən biridir. Lakin son
illərdə orta məktəb məzunlarının texniki peşə
müəssisələrindən daha çox universitetlərə
yönləndirmək üçün müəyyən təşəbbüslər edilir və
xüsusi proqramlar həyata keçirilir.
Avstriya hökuməti müasir texnologiyaların
tətbiqi məsələlərinə xüsusi önəm verir. Praktiki
prinsiplərin təlim kurikulumlarına yönəldilməsi
müsbət nəticələr verir. Şəhər və kənd arasındakı
fərqliliyi aradan qaldırmaq məqsədilə multimedia
və İnternet əlaqələri daha da inkişaf
etdirilir.
Məktəbəqədər təhsil
Avstriyada
məktəbəqədər təhsil 3-6 yaşlı uşaqlar üçün
nəzərdə tutulub. Məktəbəqədər təhsil
müəssisələri bağçalar və körpələr evlərindən
ibarətdir. Uşaqların bağçalara cəlb edilməsi
icbari xarakter daşımır. Valideynlərin
əksəriyyəti öz uşaqlarını 5 yaşından
məktəbəqədər təhsil müəssisələrinə göndərməyə
üstünlük verirlər. Uşaq bağçaları yarım gün və
yaxud da tam iş günü qrafiki ilə işləyirlər.
Məktəbəqədər təhsil müəssisələrində tədris
prosesi uşaqların qrup məşğələləri əsasında
təşkil edilir. Uşaqların hərtərəfli formalaşması
üçün fərdi inkişafa təkan verən oyun metodu
əsasında tədrisə də üstünlük verilir.
Məktəbəqədər təhsil müəssisələrinin 75 faizi
dövlət bağçaları olsa da, yerli özünüidarəetmə
qurumları tərəfindən idarə edilir. Ölkə üzrə 5
yaşlı uşaqların 90 faizindən çoxu məktəbəqədər
təhsil müəssisələrinə cəlb olunur.
İbtidai təhsil
İbtidai
təhsil mərhələsində tədris prosesi əsasən alman
dilində aparılır və 4 il davam edir. Alman dili
ana dili olmayan uşaqlar üçün iki dildə və yaxud
əlavə tədris aparıla bilər.
Bəzi məktəblərdə təhsilin beynəlxalq
standartlara uyğun qurulmasına xüsusi diqqət
yetirilir. Belə təhsil müəssisələrində tədrisin
ingilis dilində aparılmasına üstünlük verilir.
İbtidai təhsil mərhələsində dil və əmək
təlimindən başqa bütün fənlər üzrə eyni müəllim
dərs keçir. İbtidai təhsildə din, coğrafiya,
tarix, biologiya, alman dili, oxu, yazı,
riyaziyyat, xarici dil, musiqi, toxuculuq və
texniki iş, idman, yol təhlükəsizliyi kimi
fənlərin tədrisi icbaridir.
İbtidai məktəblər üçün nəzərdə tutulmuş bütün
dərsliklər Təhsil, Elm və Mədəniyyət üzrə
Federal Nazirlik tərəfindən təsdiq edilir. Eyni
fənn üzrə müxtəlif dərsliklər olduğu halda,
məktəblilərə dərslikləri seçməkdə tam sərbəstlik
verilir.
Orta
təhsil
Avstriyada 4 illik ibtidai təhsil pilləsini başa
vurduqdan sonra şagirdlər ümumi orta təhsil
pilləsinə daxil olurlar. İcbari təhsil 9 il
davam edir.
Orta təhsil pilləsi iki pilləyə: ümumi orta
təhsil və akademik orta təhsil pilləsinə bölünür.
Hələ orta məktəb təhsili dövründə şagirdlər
davamlı təhsil və ya texniki peşə təhsili
istiqamətləri üzrə ixtisaslaşırlar. Riyaziyyat,
alman dili və xarici dillər üç səviyyəli
proqramlar üzrə tədris olunur. Bu fənlərin
öyrənilməsi uşaqlara təhsil mərhələsini
gimnaziyalarda davam etdirməyə imkan yaradır.
Avstriyada klassik və real gimnaziyalar daha
nüfuzlu məktəblər hesab olunur. Gimnaziyalarda
tədrisin keyfiyyətinə daha
çox diqqət yetirilir, müasir xarici
və klassik dillər öyrədilir. Gimnaziyaların
məzunları universitetlərə imtahansız qəbul
edilir.
Ölkə üzrə təxminən 320 orta təhsil verən
gimnaziya fəaliyyət göstərir. Bu gimnaziyalarda
da təxminən 360000 şagird təhsil alır.
Kurikulumlar Təhsil, Elm və Mədəniyyət üzrə
Federal Nazirliyinin təşkil etdiyi ekspertlərdən
ibarət işçi qrupu tərəfindən hazırlanır. Bu işdə
onlara məktəb direktorları, müəllimlər və kənar
ekspertlər yaxından kömək edir, müvafiq
tövsiyələr verirlər. Qeyd etdiyimiz kimi, ümumi
icbari təhsil dinindən, irqindən, milliyyətindən
və sosial mənşəyindən asılı olmayaraq Avstriya
vətəndaşı olan bütün uşaqlara şamil edilir.
Dövlət məktəbləri ilə yanaşı, özəl orta
məktəblər də fəaliyyət göstərir. Dövlət
məktəblərində təhsil haqqı üçün heç bir ödəniş
tələb olunmur. Federal
hökumət tərəfindən uşaqların məktəbə gedib-gəlməsi
üçün xüsusi nəqliyyat vasitəsi ayrılır.
Şagirdlər dövlət tərəfindən dərsliklərlə də
təmin olunur. Müəyyən
hallarda valideynlərdən dərslik haqqının 10
faizini ödəmək tələb olunur. Orta məktəblərdə
dərslər sentyabrın əvvəlində başlayır.
Orta məktəbi bitirmiş məzunlara 9 illik icbari
təhsil haqqında şəhadətnamə verilir.
Məktəblilərin 100 faizi icbari təhsil pilləsini
tamamlamağa nail olurlar.
Dövlət və özəl məktəblərindən əlavə, xüsusi
qayğıya ehtiyacı olan uşaqlar üçün müvafiq
məktəblər də fəaliyyət göstərir. Belə
məktəblərdə tədris digər tədris ocaqlarından
fərqlənir.
Şagirdlərin təxminən 40 faizi icbari təhsil
pilləsini başa vurduqdan sonra peşə məktəblərinə,
eləcə də təlim və təcrübə proqramlarına daxil
olurlar.
Texniki
peşə təhsili
Avstriyada texniki peşə təhsili və təlimi
məktəbləri və kolleclərinin yaranması XIX əsrə
təsadüf edir. Həmin dövrdən ötən müddətdə
texniki peşə təhsilində ciddi dəyişiklik olunub
və bu sahə bir neçə inkişaf mərhələsindən keçib.
Texniki peşə məktəblərində mühəndislik,
incəsənət, geyim, turizm, biznes və ticarət,
idarəetmə və xidmət sənayesi, sosial xidmətlər,
kənd təsərrüfatı, səhiyyə və tibb sektoru,
kosmetika, heyvanlara qulluq kimi ixtisaslar
tədris olunur. İxtisasdan asılı olaraq texniki
peşə məktəblərində təhsil müddəti 3-5 il
arasında dəyişir.
Orta təhsili başa vuran məzunların seçdikləri
peşə kolleclərində əsasən sosial işçi, müəllim
hazırlığı və tibb işçilərinin təlimi sahələri
üzrə tədris aparılır. Həmin kolleclərdə peşə
təhsili adətən altı semestr davam edir və
müəyyən peşə sahəsinə dair diplomun verilməsi
ilə nəticələnir.
Ali
təhsil
Avstriyada ali təhsil müəssisələri sırasına
universitet, incəsənət universitetləri,
kolleclər (bu təhsil müəssisələrində müəllimlər
və sosial işçilər kimi mütəxəssislər hazırlanır)
və digər ali məktəblər daxildir. Ali məktəblərdə
tələbələrə ümumi nəzəri biliklər verilir.
Praktiki təcrübə və bacarıqlar əmək fəaliyyəti
dövründə əldə edilir.
Avstriyada bütün universitetlər dövlət
tərəfindən maliyyələşdirilir. Universitet
əməkdaşları və müəllimlər dövlət qulluqçusu
hesab olunurlar. Universitetlər federal büdcədən
maliyyələşir.
1994-cü ildən ölkədə tətbiqi elmlər
universitetləri fəaliyyətə başlayıb. Bu ali
təhsil müəssisələrinin fəaliyyətinə Avstriyanın
elm və tədqiqat naziri tərəfindən on altı nəfər
ekspertdən ibarət təşkil olunmuş müstəqil
agentlik nəzarət edir. Tətbiqi elmlər
universitetlərinin təhsil proqramları digər ali
məktəblərin təhsil proqramlarından fərqlənir. Bu
universitetlərin təhsil proqramlarında peşə
təhsili ali təhsil səviyyəsində öyrənilir və
əmək bazarının tələbləri daha çox nəzərə alınır.
Müəyyən olunmuş vaxt ərzində ali təhsil
proqramlarını mənimsəyən Avstriya və Avropa
ölkələrinin vətəndaşları üçün ali təhsil
ödənişsizdir. Universitetlərdə verilən bakalavr,
magistr və dokror dərəcələri ABŞ, Kanada və
digər Avropa ölkələrindəki müvafiq dərəcələrə
uyğundur.
Hazırda Avstriyada 22 ali təhsil müəssisəsi, 18
tətbiqi elmlər universiteti, 11 özəl universitet
fəaliyyət göstərir. 1365-ci ildə təsis olunmuş
Vyana Universiteti Avropada qədim tarixi
ənənələrə malik olan ikinci ən böyük universitet
hesab olunur. Ali təhsil müəssisələrində dərs
ili 8-12 semestrdən ibarət olur. Qış semestri
oktyabrın 1-dən, yay semestri isə martın 1-dən
başlayır. Hər bir semestrin sonunda imtahan
verilir. Son kursda tələbələrdən diplom işi
yazmaq tələb olunur.
Akkreditasiya Şurası tam müstəqil qərarvermə
hüququna malikdir. Bu qurum özəl
universitetlərin, akademik proqramların,
akkreditasiyadan keçmiş özəl universitetlərin
yenidən akkreditasiyası və onların fəaliyyətinə
nəzarət məsələlərini həyata keçirir.
Ən məşhur ali təhsil müəssisələrinin sırasına
Vyana Universiteti, Vyana Tibb Universiteti,
Təbii Resurslar və Tətbiqi Həyat Elmləri
Universiteti, Vyana İqtisadiyyat və Biznes
Administrasiyası Universiteti, Vyana Tətbiqi
İncəsənət Akademiyası, Vyana Musiqi Universiteti
daxildir.
Avstriya ali məktəblərində kifayət qədər əcnəbi
tələbələr təhsil alır. Ölkə universitetlərində
oxumaq istəyən əcnəbilərdən alman dilini yüksək
səviyyədə bilmək, orta məktəbi bitirmək haqqında
sertifikat və sağlamlıq haqqında arayış tələb
olunur.
Avstriya universitetləri digər inkişaf etmiş
ölkələrdə olduğu kimi, ən yüksək səviyyəli elmi-tədqiqat
qurumları hesab olunur. 2004-cü ildən
universitetlərin hamısı elmi-tədqiqat işlərində
və təhsil fəaliyyətlərində muxtar status qazanıb,
tam müstəqil hüquqi qurum kimi fəaliyyət
göstərirlər.
Yaşlıların təhsili
Avstriyada XIX əsrin sonlarından tətbiq olunan
yaşlıların təhsili proqramından hər bir Avstriya
vətəndaşı yararlana bilər. Bəzi kurslar və təlim
proqramlarında xüsusi ixtisas təhsilinin olması
tələb olunur. İşləyən yaşlı şəxslərin təhsili
proqramını seçənlər minimum səkkizillik təhsil
proqramını bitirməli və 17 yaşına çatmış şəxs
olmalıdır. Bəzi tədris ocaqları təhsil
proqramının iştirakçılarına daha əlverişli imkan
yaratmaq üçün axşam kursları da təşkil edirlər.
Yaşlıların təhsili daha çox texniki peşə
məktəbləri və kollecləri, əmək bazarı xidməti
orqanları tərəfindən həyata keçirilir.
Ölkə üzrə yaşlıların təhsili istiqamətində 270-ə
yaxın yaşlıların təhsili mərkəzi, 9 regional
assosiasiya, 1 federal assosiasiya fəaliyyət
göstərir.
Elmi tədqiqatlar
Avstriyada elmi tədqiqatlar universitetlərdə və
qeyri-universitet sektorunda aparılır. 2010-cu
ildə federal hökumət elmi tədqiqatların
maliyyələşməsinə 400 milyon avro vəsait ayırıb.
Elmi-tədqiqat müəssisələri Təhsil, Elm və
Mədəniyyət üzrə Federal Nazirliyin nəzarəti
altında fəaliyyət göstərirlər.
Ölkənin elmi tədqiqat şəbəkəsinin lideri
1847-ci ildə yaradılmış Avstriya Elmlər
Akademiyasıdır. Akademiyanın nəzdində 22
institut, 5 tədqiqat mərkəzi, 35 elmi komissiya,
3 tədqiqat şirkəti fəaliyyət göstərir.
Avstriya İqtisadi Tədqiqatlar İnstitutu və
Mükəmməl Tədqiqatlar İnstitutunda iqtisadiyyat
sahəsində tədqiqatlar aparılır. 1989-cu ildə
yaradılmış Kristian Dopler Tədqiqat
Assosiasiyasında fundamental tədqiqatlar
vasitəsilə əldə edilmiş biliyin sənayedə tətbiq
edilməsi məsələləri araşdırılır. Bu mərkəzin
əsas məqsədi texnologiya və iqtisadiyyat
sahələrində elmi yeniliklərin inkişafına təkan
verməkdən ibarətdir.
Bu günə qədər Nobel mükafatı almağa 16
avstriyalı alim təqdim edilib. Onlardan 3 nəfəri
bu ali mükafata layiq görülüb.
Beynəlxalq əməkdaşlıq
Avstriya təhsil və elmi əməkdaşlıq sahəsində
beynəlxalq əlaqələrə xüsusi önəm verir. Ölkə
1948-ci ildən etibarən Avropa Yenidənqurma və
İnkişaf Bankının, 1956-cı ildən Beynəlxalq
Maliyyə Korporasiyasının, 1961-ci ildən isə
Beynəlxalq İnkişaf Assosiasiyasının üzvüdür. Bu
qurumlarla əməkdaşlıq ölkədə təhsilin, elmin
inkişafına xidmət edən islahatların
dərinləşməsinə təkan verir, insan amilinə daha
həssaslıqla yanaşılmasına yol açır. Ölkənin
sosial-iqtisadi və mədəni inkişafı, müasir
texnologiyaların tətbiqi baxımından qabaqcıl
dünya təcrübəsindən uğurla istifadə edilir,
Avstriyadakı mütərəqqi yeniliklərdən digər
ölkələr bəhrələnir.
Ölkənin təhsil və elm sahəsində beynəlxalq
əlaqələri hökumətlərarası razılığa əsaslanan
Elmi və Texnoloji Əməkdaşlıq Müqaviləsi ilə
tənzimlənir. Bu baxımdan elm və texnologiya
sahəsində imzalanmış digər müqavilələr də mühüm
rol oynayır.
Bəşarət MƏMMƏDOV,
Dilrubə BAYRAMOVA
Yazının hazırlanmasında Avstriyanın Təhsil, Elm
və Mədəniyyət üzrə Federal Nazirliyinin rəsmi
materiallarından istifadə olunub. |