Dekabrın
5-də 4 nömrəli Bakı Peşə Liseyində KNAUF Resurs
Mərkəzinin açılışı oldu.
Bu münasibətlə keçirilən mərasimdə təhsil naziri
Misir Mərdanov, Nizami Rayon İcra Hakimiyyətinin
başçısı Tahir Budaqov,Təhsil Nazirliyinin
Texniki peşə təhsili şöbəsinin müdiri Namiq
Məmmədov, Alman-Azərbaycan İqtisadi Birliyinin (DAWF)
icraçı direktoru Florian Şröder, MDB üzrə KNAUF
Akademiyasının rəhbəri Andrey Bıkov, "KNAUF
Marketinq Baku" MMC-nin baş direktoru Samir
Quliyev, Almaniyanın ölkəmizdəki səfirliyinin
müvəqqəti işlər müvəkkili Peter Zigler, KNAUF
şirkətlər qrupunun Almaniya, Rusiya və
Gürcüstandakı mərkəzlərinin rəhbərləri və
başqaları iştirak edirdilər.
Məlumat üçün bildirək ki, KNAUF Resurs Mərkəzi
2010-cu il dekabrın 8-də Təhsil Nazirliyi ilə
KNAUF şirkətlər qrupu arasında imzalanmış Niyyət
Protokolu əsasında yaradılıb. Mərkəzin
yaradılmasının əsas məqsədi inşaat sahəsi üzrə
ölkəmizin əmək bazarının tələblərinə uyğun
kadrların hazırlanması, dünyanın qabaqcıl peşə
hazırlığı təcrübəsindən geniş istifadə edilməsi,
məzunların daxili və beynəlxalq əmək bazarında
rəqabət qabiliyyətinin artırılması, ölkəmizin
tikinti sektorunun ixtisaslı kadrlarla təmin
olunmasından ibarətdir. Hazırda 4 nömrəli Bakı
Peşə Liseyində KNAUF texnologiyaları üzrə
kadrların hazırlanmasına başlanılıb.
MDB ölkələrində KNAUF şirkətinin 14 tədris
mərkəzi fəaliyyət göstərir. Rusiya, Ukrayna,
Qazaxıstan, Moldova və Belarusdakı tədris
mərkəzlərində 37000 mütəxəssis hazırlanıb.
Təhsil naziri Misir Mərdanov 4 nömrəli Bakı Peşə
Liseyində KNAUF Resurs Mərkəzinin rəmzi
açılışını bildirən qırmızı lenti kəsib bu
münasibətlə hamını təbrik etdi. Sonra nazir
Misir Mərdanov, Nizami Rayon İcra Hakimiyyətinin
başçısı Tahir Budaqov, MDB üzrə KNAUF
Akademiyasının rəhbəri Andrey Bıkov və digər
qonaqlar resurs mərkəzi ilə ətraflı tanış
oldular. Ən müasir avadanlıqlarla təchiz edilmiş
emalatxana və nəzəri təlim otağında olan
qonaqlar həmçinin burada şagirdlər üçün
yaradılan şəraitlə maraqlandılar.
"KNAUF Marketinq Baku" MMC-nin baş direktoru
Samir Quliyev təmsil etdiyi şirkətin ölkəmizdə
gördüyü işlər, həyata keçirdiyi layihələr barədə
təhsil naziri Misir Mərdanova və qonaqlara geniş
məlumat verdi, açılışı olan resurs mərkəzinin
əsas məqsəd və məramından danışdı. Qeyd olundu
ki, gələcəkdə Bakı və respublikanın digər rayon
və şəhərlərində fəaliyyət göstərən ilk peşə-
ixtisas təhsili müəssisələrində də belə
mərkəzlərin yaradılması nəzərdə tutulur.
Resurs Mərkəzi ilə ətraflı tanış olan nazir
Misir Mərdanov burada gənclərin seçdikləri
ixtisasa uyğun təhsil almaları və istehsalat
təcrübəsi keçmələri üçün yaradılan şəraitdən
razı qaldığını, görülən işlərin qaneedici
olduğunu söylədi.
Təhsil naziri və qonaqlar daha sonra 4
nömrəli Bakı Peşə Liseyinin digər tədris
otaqlarında, idman zalı və kitabxanada
oldular.
Sonra peşə təhsili müəssisəsinin akt zalında MDB
üzrə KNAUF Akademiyasının rəhbəri Andrey Bıkov "MDB
üzrə KNAUF şirkətlər qrupunun MDB ölkələrinin
təhsilin idarəetmə təşkilatları və təhsil
müəssisələri ilə əməkdaşlığı" mövzusunda məruzə-
təqdimatla çıxış etdi. Təqdimatda KNAUF
şirkətinin ayrı-ayrı ölkələrdə fəaliyyəti,
təhsillə bağlı gördüyü işlər və digər məsələlər
barədə ətraflı məlumat verildi.
Tədbirdə təhsil naziri Misir Mərdanov çıxış
edərək peşə təhsilinin inkişafının dövlət
siyasətində prioritet məsələlərdən biri olduğunu
bildirdi. Ölkə başçısı cənab İlham Əliyev
tərəfindən təsdiq olunan "Azərbaycan
Respublikasında texniki peşə təhsilinin inkişafı
üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"
çərçivəsində görülən işlər barədə məlumat verən
təhsil naziri son illər peşə təhsilinin inkişafı
istiqamətində müəyyən addımların atıldığını qeyd
etdi, bir sıra xarici təşkilatların,
şirkətlərin bu sahədə müxtəlif layihələrin
həyata keçirilməsində maraqlı olmalarını
təqdirəlayiq hal kimi dəyərləndirdi.
Nazir texniki peşə təhsilinin ölkədə sosial-iqtisadi
infrastrukturun qurulmasında müstəsna əhəmiyyət
kəsb etdiyini söyləyərək qarşıda duran həlli
vacib məsələlərə də toxundu. Çıxışının sonunda
təhsil naziri Misir Mərdanov ən müasir
avadanlıqlarla təchiz olunmuş belə bir resurs
mərkəzinin açılmasının peşəkar fəhlə kadrların
hazırlanmasında əhəmiyyətli rol oynayacağına
ümid etdiyini deyərək peşə təhsilinin inkişafı
ilə bağlı beynəlxalq təşkilatlar və şirkətlərlə
işgüzar əməkdaşlıqdan məmnunluq duyduğunu,
gələcəkdə də bu cür işlərin davam etdirilməsinin
səmərəli olacağını bildirdi.
Samirə KƏRİMOVA |