Dekabrın
6-da təhsil naziri Misir Mərdanov "Tomson
Reyters" Agentliyinin Mərkəzi və Şərqi Avropa
üzrə ölkə meneceri Devid Horki, satış üzrə
meneceri Mətin Tunç ilə görüşüb.
Təhsil naziri Misir Mərdanov qonaqları səmimi
salamladıqdan sonra "Tomson Reyters"
Agentliyinin fəaliyyətinə ölkəmizdə böyük maraq
olduğunu vurğulayıb. Nazir bu agentliklə
əməkdaşlığın yaradılmasının Azərbaycanda elmin
inkişafı və onun beynəlxalq səviyyədə
tanıdılması baxımından xüsusi əhəmiyyəti
olacağına inamını ifadə edib. Misir Mərdanov
mövcud istiqamətdə əlaqələrin yaradılması
təklifini irəli sürərək bu işin müvafiq
qurumlarla birgə aparılmasının
məqsədəuyğunluğunu vurğulayıb.
"Tomson Reyters" Agentliyinin Mərkəzi və Şərqi
Avropa üzrə ölkə meneceri Devid Horki səmimi
qəbul üçün təhsil naziri Misir Mərdanova
təşəkkürünü bildirib. Təmsil olunduğu agentliyin
fəaliyyət istiqamətləri barədə ətraflı məlumat
verən qonaq deyib ki, "Tomson Reyters"
Agentliyinin məlumat bazasından dünyanın 100-dən
artıq ölkəsində istifadə edilir. Devid Horki onu
da əlavə edib ki, dünyanın nüfuzlu
universitetlərinin reytinqinin
müəyyənləşdirilməsində də məhz bu agentliyin
məlumat bazasına istinad edilir. Qonaq bu bazada
impakt faktoru olan elmi jurnalların, beynəlxalq
konfranslar və patentlər barədə məlumatların yer
aldığını diqqətə çatdırıb. Eyni zamanda Devid
Horki birgə əməkdaşlığın yaradılması
istiqamətində dəstək göstərməyə hazır
olduqlarını bildirib.
"Tomson Reyters" Agentliyinin satış üzrə
meneceri Mətin Tunç Türkiyə Respublikasında
2001-ci ildən başlayaraq bu sahədə müvafiq iş
aparıldığını deyib və qeyd olunan agentliyin
məlumat bazasından istifadənin əhəmiyyətini
vurğulayıb. Azərbaycanda yüksək elmi potensialın
olduğundan söz açan qonaq ölkəmizdə elm və
texnologiyanın inkişafına verilən önəmdən
danışıb.
Sonra təhsil naziri Misir Mərdanov "Tomson
Reyters" Agentliyinin məlumat bazasından
istifadə edilməsi hüququnun əldə olunması üçün
müvafiq layihə sənədinin hazırlanmasının və bir
sıra qurumlarla birgə həmin layihəyə
baxılmasının vacibliyini diqqətə çatdırıb.
Görüşdə "Tomson Reyters" Agentliyinin məlumat
bazasından gələcəkdə istifadə istiqaməti və
imkanları barədə fikir mübadiləsi aparılıb. |