Dekabrın
7-də təhsil naziri Misir Mərdanov Azərbaycan
Milli Valideyn-Müəllim Assosiasiyasının (AMVMA)
İdarə Heyətinin üzvləri ilə görüşüb.
Təhsil naziri Misir Mərdanov iclası giriş sözü
ilə açaraq Azərbaycan Milli Valideyn-Müəllim
Assosiasiyasının son illər təhsilin inkişafı və
valideyn-müəllim münasibətlərinin səmərəli
təşkilində gördüyü işləri qeyd edib. Misir
Mərdanov əsas məqsədi valideynlərlə müəllimlərin
sıx əməkdaşlığının və faydalı ünsiyyət mühitinin
yaradılmasından ibarət olan bu təşkilatın qeyd
olunan istiqamətdə həyata keçirdiyi tədbirləri
müsbət qiymətləndirib. Nazir bildirib ki,
Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasında,
təhsilin keyfiyyətinin artırılmasında, müəllim
və məktəbin nüfuzunun yüksəldilməsində Valideyn-Müəllim
Assosiasiyasının (VMA) üzərinə mühüm vəzifələr
düşür.
Sonra təhsil naziri VMA-nın fəaliyyətinin daha
səmərəli təşkil olunmasının önəminə diqqət çəkib
və bununla bağlı dünya ölkələrinin təcrübəsindən
bəhrələnməyin məqsədəuyğunluğunu bildirib. VMA-nın
fəaliyyətinin möhkəmləndirilməsini və
genişləndirilməsini mühüm məsələlərdən biri kimi
dəyərləndirən Misir Mərdanov görülmüş işlərlə
bağlı təbliğat işinin gücləndirilməsinin
vacibliyini qeyd edib. Nazir bu qurumun gördüyü
işlərə lazımi dəstək göstəriləcəyini
vurğulayaraq bir sıra cari məsələlərlə bağlı
tövsiyə və tapşırıqlarını verib.
Azərbaycan Milli Valideyn-Müəllim
Assosiasiyasının icraçı direktoru Təranə
Şərifova bu görüş və göstərilən dəstək üçün
təhsil naziri Misir Mərdanova təşəkkür edib. Son
illər VMA-nın üzvlərinin sayının artdığını deyən
T.Şərifova cari ildə Bakı şəhəri üzrə 100-ə
yaxın orta məktəb və məktəbəqədər tərbiyə
müəssisəsinin məhz bu məsələ ilə bağlı müraciət
etdiyini vurğulayıb. Valideynlərin
mərkəzləşdirilmiş buraxılış imtahanlarında
iştirakının səmərəli nəticələrindən söz açan
T.Şərifova rəhbəri olduğu qurumun bir sıra
layihələrdə iştirakı və keçirdikləri tədbirlər
barədə məlumat verib.
Daha sonra icraçı direktor öz çıxışında VMA-nın
filiallarının yaradılması, valideyn
məsuliyyətinin artırılması üzrə mexanizmin
hazırlanması, müəllimlərin ünsiyyət və təcrübə
mübadiləsinin aparılması üçün Azərbaycanda
Müəllimlər Evinin təşkili təşəbbüsü ilə çıxış
edib, digər bu kimi məsələlərə toxunub.
T.Şərifova həmçinin qarşılaşdıqları bəzi problem
və çətinlikləri diqqətə çatdırıb.
Görüşdə iştirak edən Azərbaycan Milli
Valideyn-Müəllim Assosiasiyasının İdarə
Heyətinin üzvlərindən Bakı şəhəri 46 nömrəli tam
orta məktəbin direktoru Sevinc Budaqova, 132-134
nömrəli təhsil kompleksinin direktoru Sara
Xanlarova, 291 nömrəli "Araz" Ekologiya
liseyinin direktoru Südabə Mikayılova, Bakı
şəhəri 18 nömrəli tam orta məktəbin direktoru
Vaqif Hüseynov, XXI əsr Beynəlxalq Təhsil və
İnnovasiya Mərkəzinin direktoru Vəfa Məmmədova,
Bakı şəhəri Bağça-məktəb-lisey kompleksinin
direktor müavini Kəmalə Bədəlova, Bakı şəhəri 20
nömrəli məktəb-liseyin valideyni Rafiq Ramazanov
və Bakı şəhəri 152 nömrəli tam orta məktəbin
direktoru Gülarə Verdiyeva valideynlərlə müəllim
və məktəbin daha səmərəli fəaliyyətinin təşkili,
valideynlər arasında maarifləndirmə işinin
aparılması, müəllimin cəmiyyətdə nüfuzunun
artırılması, habelə bu kimi məsələlərlə bağlı
təkliflərini bildiriblər.
Sonda Valideyn-Müəllim Assosiasiyasının mətbuat
orqanının fəaliyyət göstərməsi, ictimaiyyətin
mövcud istiqamətdə görülmüş işlərə dair
məlumatlandırılması üçün təbliğat işinin və
valideyn-müəllim-məktəb əməkdaşlığının
gücləndirilməsi qərara alınıb. |