Ermənilər
Qafqaz Albaniyası tarixini heç vaxt saxtalaşdıra
bilməyəcəklər. Çünki tarixçi alimlərin əlində
bununla bağlı kifayət qədər faktlar vardır.
AzərTAc xəbər verir ki, bu fikir dekabrın 1-də
Bakıda öz işinə başlamış "Qafqaz Albaniyasının
Azərbaycanın və Qafqazın tarixində yeri və rolu"
adlı beynəlxalq elmi konfransda
səsləndirilmişdir.
Milli Aviasiya Akademiyası, Memarlıq və İnşaat
Universiteti və Prezident yanında Elmin İnkişafı
Fondunun təşkilatçılığı ilə keçirilən beynəlxalq
konfrans üç gün davam etmişdir.
Prezident Administrasiyasının ictimai-siyasi
məsələlər şöbəsinin müdiri Əli Həsənov
bildirmişdir ki, bu konfrans Azərbaycanın tarixi
reallıqlarının, Qafqaz Albaniyasının bir dövlət
kimi Azərbaycanın və bütövlükdə Qafqazın
tarixində yerinin və rolunun elmi
əsaslandırılması üçün mühüm rol oynayacaqdır.
Konfrans eramızdan əvvəl dördüncü minillikdən
ərəb xilafətinin yürüşünə və ondan sonrakı
dövrədək olan real tarixi ortaya qoyacaqdır. Bu
tarixi mənbələr erməni iddialarının aradan
qaldırılmasına kömək edəcəkdir.
Qafqaz Albaniyasına məxsus abidələrin Azərbaycan
tərəfindən qorunub saxlandığını vurğulayan Əli
Həsənov demişdir ki, erməni alimləri bu tarixi
saxtalaşdırmaqla yanaşı, öz mövcudluqlarını
qədimləşdirməyə çalışırlar. "Təəssüflər olsun ki,
Azərbaycanın işğal olunmuş ərazilərində
ölkəmizin tarixinin saxtalaşdırılması nümunələri
vardır. Bu gün imkan yoxdur ki, o ərazilərdə
Qafqaz Albaniyasına, orta əsrlərə aid abidələri
qoruyaq. Bu abidələrin izləri qalmışdır", - deyə
şöbə müdiri bildirmişdir.
Təhsil naziri Misir Mərdanov isə qeyd etmişdir
ki, konfransın mövzusu Azərbaycan üçün həmişə
aktualdır. Çünki bu gün Azərbaycan ərazisində
mövcud olan tarixi abidələrin adlarının özünə
qaytarılması istiqamətində çox böyük addımlar
atılır. Etiraf edək ki, vaxtilə Azərbaycan
ictimaiyyətinə çoxlu yalan vədlər verilmişdir.
Amma tanınmış alimlərimizin apardığı
araşdırmalar nəticəsində məlum olmuşdur ki, bu
tarixi məbədlər kimə məxsusdur.
Gürcüstan Elmlər Akademiyasının müxbir üzvü,
Gürcüstan Əlyazmalar Fondunun baş elmi
məsləhətçisi Zaza Aleksidze isə vurğulamışdır ki,
Albaniyanın ərazisi qədim Azərbaycan
torpaqlarıdır. Azərbaycandakı Alban kilsəsi
tarixi erməni kilsəsinin tarixindən daha
qədimdir, - deyən Z.Aleksidze qeyd etmişdir ki,
bununla bağlı yanlışlığa yol verən ermənilər
sonradan buna görə üzr istəməyə məcbur olurlar.
Mədəniyyət və turizm nazirinin müavini Sevda
Məmmədəliyeva, Azərbaycan Memarlıq və İnşaat
Universitetinin rektoru Gülçöhrə Məmmədova və
digər çıxış edənlər də Qafqaz Albaniyası
tarixində Azərbaycanın mühüm rolundan
danışmışlar.
Bildirilmişdir ki, Qafqaz Albaniyasının tarixi
ilə bağlı həm Azərbaycan, həm də dünyanın bir
çox ölkələrindən olan albanşünas alimlər növbəti
araşdırmalara başlamışlar.
Konfransda Almaniya, Rusiya, Yaponiya, Polşa,
İtaliya, Gürcüstan və Dağıstandan olan alimlərin
Qafqaz Albaniyasının tarixi, arxeologiya və
memarlığının müxtəlif problemlərinə dair
məruzələri dinlənilmişdir. |