Dekabrın
7-də Moskvadakı Beynəlxalq Ticarət Mərkəzində
Heydər Əliyev Fondunun vitse-prezidenti,
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT)
sədri Leyla xanım Əliyeva Rusiyanın ali
məktəblərinin birinci kursunda təhsil alan
azərbaycanlı tələbələrlə görüşmüşdür. Görüşdə
Moskvadan və Rusiyanın regionlarından olan 500-dən
çox tələbə iştirak etmişdir.
Əvvəlcə RAGT-nin fəaliyyəti və onun keçirdiyi
tədbirlər haqqında videoçarx nümayiş
etdirilmişdir.
RAGT-nin sədri Leyla Əliyeva tələbələri ali
məktəblərə qəbul olunmaları münasibətilə təbrik
edərək, bu təşkilatın mövcud olduğu dörd il
ərzində onun gördüyü işlər barədə məlumat
vermişdir. Leyla xanım Əliyeva demişdir: "Bu gün
cəsarətlə demək olar ki, bu müddətdə biz böyük
uğurlar və yüksək nəticələr qazanmışıq". O, qeyd
etmişdir ki, bu gün Rusiyanın 60 regionunda RAGT-nin
regional bölmələri mövcuddur. Bu bölmələr fəal
iş aparır və təşkilatın üzvlərinin sayı daim
artmaqdadır. Leyla xanım Əliyeva vurğulamışdır:
"RAGT həm Azərbaycan gənclərini birləşdirməyə,
həm də onların Rusiya cəmiyyətinə
inteqrasiyasına, Vətəndən uzaqlarda özlərini
rahat hiss etmələrinə kömək göstərməyə çalışır.
Sizin hər birinizin Azərbaycanın böyük
mədəniyyətini, onun tarixini, ənənələrini
irəlilətmək üçün çox iş görə biləcəyinizi başa
düşməyiniz, hər birinizin Rusiyada öz vətəninizi
ləyaqətlə təmsil etmək məsuliyyətini hiss
etməyiniz çox vacibdir".
Gənclər hərəkatının lideri onu da qeyd etmişdir
ki, 2011-ci ilin iyun ayında Sankt-Peterburqda
RAGT-nin üçüncü konfransı keçirilmiş, təşkilatın
gələcək planları, təşəbbüsləri və layihələri
müzakirə edilmişdir.
Leyla Əliyeva RAGT-nin Heydər Əliyev Fondu ilə
birlikdə həyata keçirdiyi ən başlıca
aksiyalardan biri
�
1992-ci ilin fevral ayında baş vermiş və dinc
insanların həyatına son qoymuş faciə haqqında
həqiqəti dünya ictimaiyyətinə çatdırmaq məqsədi
ilə keçirilən "Xocalıya ədalət" beynəlxalq
kampaniyası haqqında söz açmışdır. RAGT-nin
sədri demişdir: "RAGT səhiyyəyə, sağlam həyat
tərzinin təbliğinə də böyük diqqət yetirir.
Bizim "Qanın milləti yoxdur" devizi altında
keçirdiyimiz təmənnasız qanvermə, habelə "Sağlam
olduğunu yəqin et, xəstəliyə "yox" de"
aksiyaları ilə yəqin ki, siz hamınız tanışsınız.
Bu aksiyalar çərçivəsində xəstələr pulsuz
müayinə və müalicə oluna bilərlər. Biz QİÇS,
narkomaniya, alkoqolizm və siqaret çəkməyə qarşı
mübarizə kampaniyasına da başlamışıq. Bizim
fəallar müxtəlif ali və ümumtəhsil məktəblərində
olur, mühazirələr oxuyur, təqdimatlar keçirir,
gənclərin zərərli vərdişlərin mənfi
nəticələrindən xəbər tutmasına, sağlam həyat
tərzi keçirməsinə kömək edirlər. Əlbəttə, RAGT
gənclərin idmanla əlaqədar bütün təşəbbüslərini
dəstəkləyir. Hər il Heydər Əliyev Kuboku uğrunda
mini-futbol turniri keçirilir və bu yarışların
iştirakçılarının sayının artması bizi sevindirir.
Biz "Şən və Hazırcavablar Klubu" və "Nə? Harada?
Nə vaxt?" intellektual oyunlarını da
dəstəkləyirik. Əgər kim isə hələlik bu oyunlarda
iştirak etmirsə, bizə qoşulsun, çox şad olarıq".
Leyla xanım Əliyeva bu ilin oktyabr ayında start
götürmüş yeni kampaniya - Ətraf mühitin
qorunması kampaniyası - İDEA barədə söhbət
açaraq bildirmişdir ki, bu aksiyanın məqsədi
ictimaiyyətin diqqətini mövcud ekoloji
problemlərə cəlb etmək, ətraf mühiti, heyvanları
müdafiə etmək, ağac əkməkdir. Təşkilatın rəhbəri
vurğulamışdır: "Bu kampaniyada ən başlıca məqam
ondan ibarətdir ki, biz gördüyümüz hər işə
kreativ yanaşma tapmağa çalışırıq. Buna görə
həmin kampaniyada gənclərin iştirak etməsi
zəruridir. Bizim şüarımız belədir: "Bir Yer
�
bir gələcək". Mən sizin hamınızı bu kampaniyaya
qoşulmağa çağırıram. Biz birlikdə planetimizi
xilas etmək üçün mümkün olan hər şeyi edəcəyik".
RAGT-nin nəşr etdiyi jurnal barədə də danışan
Leyla Əliyeva bildirmişdir ki, bu jurnalda
Azərbaycanın qədim tarixi və zəngin mədəniyyəti,
xalq ənənələri, böyük şairləri, yazıçıları,
bəstəkarları haqqında söhbət açılır, gəncləri
maraqlandıran müxtəlif məsələlər qaldırılır. O
qeyd etmişdir ki, jurnalın üçüncü nömrəsi artıq
çapdan çıxmışdır. RAGT-nin saytı fəal işləyir.
Bu saytda gənclərimiz ünsiyyət saxlaya, bir-birini
tanıya və lazımlı informasiya əldə edə bilərlər.
RAGT sədri bildirmişdir ki, Heydər Əliyev Fondu
bu yaxınlarda Moskvadakı Xarici Ədəbiyyat
Kitabxanasında Azərbaycan Mədəniyyət Mərkəzi
açmışdır. Bu Mərkəzdə Azərbaycan dili, tarixi və
ədəbiyyatı dərsləri, çoxlu müxtəlif tədbirlər
keçiriləcəkdir. Leyla Əliyeva demişdir: "Biz
orada təkcə azərbaycanlıları deyil, ölkəmizlə,
ənənələrimizlə, mədəniyyətimizlə maraqlanan hər
kəsi görməyə şad olacağıq. Srağagün biz Moskva
Dövlət Universitetinin Asiya və Afrika Ölkələri
İnstitutunda olduq, orada Azərbaycanın dövlət
müstəqilliyinin bərpasının 20 illiyinə həsr
olunmuş tədbir keçirilirdi. Tələbələrin
Azərbaycan dilini yaxşı bilməsi məni
heyrətləndirdi. Bu, həqiqətən çox böyük hədiyyə
oldu".
Leyla xanım Əliyeva sonda vurğulamışdır ki, RAGT
yaxşı nəticələr və uğurlar qazanmışdır. Bunlar
gənclərin ümumi xidmətidir. O, gəncləri
quruculuğa və yaradıcılığa çağıraraq demişdir:
"Sözün düzü, RAGT yaradılan vaxt mən heç
bilmirdim ki, bizim gənclər bu qədər fəaldır və
öz ölkələrini bu qədər sevirlər. Demək olar ki,
hər həftə müxtəlif ali məktəblərdə hansısa
tədbir - Azərbaycan Mədəniyyəti Günləri,
seminarlar, bayramlar keçirmək barədə
təşəbbüslər irəli sürülür. Bu, bizim hamımızı
sevindirir və ruhlandırır". Leyla Əliyeva RAGT
adından tələbələrə vəd etmişdir ki, onlara kömək
etmək, onları dəstəkləmək üçün mümkün olan hər
şey ediləcəkdir.
Sonra Leyla Əliyeva qeyd etmişdir ki, 2009-cu
ildə RAGT əlaçı mükafatı, bir il sonra isə
aztəminatlı ailələrdən olan tələbələr üçün
təqaüd təsis etmişdir. O demişdir: "Bu il biz
təqaüd alan tələbələrin sayını artıracağıq. Ümid
edirəm ki, əlaçıların da sayı artacaqdır".
Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu
qeyd etmişdir ki, Leyla Əliyeva artıq üçüncü
ildir ki, birinci kurs tələbələri ilə görüşlər
keçirir və bu, yaxşı bir ənənəyə çevrilmişdir.
O, RAGT-nin apardığı böyük və xeyirxah işlərə
görə təşkilatın rəhbərinə təşəkkür edərək
vurğulamışdır ki, bu təşkilat yaradılandan sonra
çox şey dəyişmiş və Azərbaycan gəncləri onun
lideri Leyla Əliyevanın ətrafında sıx
birləşmişlər. Səfir tələbələri yaxşı oxumağa və
Vətənimizə layiq olmağa çağırmışdır.
Rusiya Dövlət Humanitar Universitetinin rektoru,
Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri
Yefim Pivovar demişdir ki, Rusiyada təhsil alan
azərbaycanlı tələbələr ölkələrimiz arasında
dinamik inkişaf edən ikitərəfli əlaqələrin, o
cümlədən təhsil sistemlərinin əməkdaşlığının
möhkəmlənməsində mühüm rol oynayırlar. O qeyd
etmişdir ki, Rusiya burada yaxşı təhsil almağa
çalışan Azərbaycan gənclərini qəbul etməyə və
onları qayğı ilə əhatə etməyə həmişə hazırdır.
Moskva Sosial-Humanitar İnstitutunun rektoru
Vaqif Bayramov Leyla Əliyevaya fiziki imkanları
məhdud olan insanların təhsil aldığı bu ali
məktəbə daimi diqqətinə görə təşəkkür etmişdir.
O, xüsusi qeyd etmişdir ki, RAGT-nin yaradılması
Azərbaycan gənclərini sıx birləşdirmişdir.
Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) baş
katibinin müavini Nemət Nağdəliyev ÜAK-ın
gənclər siyasəti barədə məlumat vermiş, gəncləri
Konqresin həyatında daha fəal iştirak etməyə
çağırmışdır. O, xüsusi vurğulamışdır ki, ÜAK-ın
yaradılmasının və azərbaycanlı tələbələrin
xaricdə təhsil alması siyasətinin əsası
ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuşdur və Prezident İlham Əliyev
həmvətənlərimizi dəstəkləyən bu siyasəti davam
etdirir. O demişdir: "Heydər Əliyev Fondu və
şəxsən vitse-prezident Leyla Əliyeva bu işə
sanballı töhfə verir".
Sonra tələbələrin nümayəndələri çıxış edərək,
Rusiyadakı Azərbaycan gənclərini dəstəklədiyinə
görə Leyla xanım Əliyevaya təşəkkür etmişlər.
Onlar qeyd etmişlər ki, RAGT-nin bütün
tədbirlərində iştirak etməyə və gənclər
təşkilatının sıralarını genişləndirməyə həmişə
şaddırlar.
Tədbirin rəsmi hissəsindən sonra Leyla Əliyeva
34 tələbəyə "RAGT əlaçısı" sertifikatlarını və
mükafatlarını təqdim etmişdir.
AzərTAc |
|