Vahid
Tofiq oğlu Məhərrəmov idmanın Qocyu-Ryu Okinava
karate növü üzrə 30 kq çəki dərəcəsində dünya
çempionudur. 1997-ci ildə Bakıda anadan olub.
Kiçik yaşlarından idmana böyük sevgisi olub.
Bakının Yasamal rayonunda yerləşən 176 nömrəli
tam orta məktəbin IX sinif şagirdidir.
Yaşıdlarından həmişə qeyri-adi istedadı və
bacarığı ilə fərqlənən Vahid karate ilə doqquz
yaşından məşğul olur. O, altıqat dünya və üçqat
Avropa çempionu olan təcrübəli məşqçi Ümid
Əliyevin yetirməsidir. Vahid bu idman növünün
sirlərini mükəmməl şəkildə öyrənməyə başlayır.
Onun uğurları da bundan sonra artır.
- Vahid, səndə idmanın bu növünə həvəs haradan
yarandı?
-Ailəmiz də idmanı çox sevir. Atam idmanı sevən
bir insan kimi məndə idmançı olmağa həvəs
oyatdı. Hələ uşaq yaşlarımda həmişə məhəllədə
yaşayan qonşularımızın tezdən idmanla məşğul
olmalarına həvəslə baxırdım. İstəyirdim ki, mən
də onlar kimi idmanla məşğul olum. Həyətdə
məhəllə yoldaşlarımla futbol oynayardıq. Karate
ilə yanaşı, futbol oynamağı da çox sevirəm.
Məşqçi müəllimim Ümid Əliyev də 176 nömrəli tam
orta məktəbin məzunudur. Məktəbin idmançı
şagirdlərinin şəkillərindən ibarət stenddə
Ümidin və digər idmançıların yarış zamanı
şəkillərini görəndə fərəhlənərdim. İstəyirdim
ki, mən də onlar kimi idmançı olum. Mənim şəklim
də şərəf lövhəsində olsun. Ümid müəllimlə
münasibət qurmağa çalışdım. Həmişə istəyirdim ki,
idmanın sirlərini ondan öyrənim. Bağçaya
getdiyim vaxtlardan məhəllə uşaqları ilə idman
zallarında yüngül də olsa, idmanla məşğul
olardım. Orada məşq edən idmançıların
hərəkətlərinə diqqətlə baxardım. Bir dəfə
uşaqlarla məşqə gedəndə mən idman zalından evə
gəlməmək üçün zaldakı kəndirlə tavana çıxmışdım.
Təxminən yarım saat məni axtarandan sonra səsimi
çıxartmışdım. Yoldaşlarım çox qorxmuşdu. Onlar
elə biliblər ki, mən itmişəm. Məndən soruşanda
niyə bu hərəkəti etdin, onlara dedim ki, zaldan
evə getmək istəmirdim. Hələ mən məşqimi
qurtarmamışdım axı. Zaldakı idmançılar güldülər.
Məşqçi müəllimlər mənə dedilər ki, sən sevdiyin
idman növü ilə məşğul olsan, güclü idmançı ola
bilərsən.
- Uğurların barədə bizə nə deyə bilərsən və
yarış zamanı hansı hissləri keçirirsən?
-
Tatamiyə çıxanda ancaq qələbə qazanmaq haqqında
düşünürəm. Çalışıram ki, heç bir səhvə yol
verməyim, rəqib həmin anda bundan istifadə edə
bilər. Tələsmədən rəqibin nə edəcəyi haqqında
fikirləşirəm. Rəqibi ilk anda məğlub etmək
istəyirəm. Yarışın axırını gözləmək istəmirəm.
Qarşımda duran önəmli vəzifələrdən biri Avropa
çempionu olmaqdır. Qazandığım bütün uğurlarıma
görə müəllimim Ümid Əliyevə borcluyam.
Müəllimsiz sənin heç bir uğurun ola bilməz.
Yaxşı perspektivli bir idmançı olmaq, böyük
uğurlar qazanmaq üçün zəhmət çəkmək lazımdır.
Müəllimim mənə bu idman növünün bütün sirlərini
dərindən öyrətdi. Bunun nəticəsidir ki, mən
respublikada keçirilən birinciliklərdə və
Azərbaycan çempionatlarında dəfələrlə iştirak
etmişəm. Hər bir yarışda I yerə layiq görülərək
diplom və mükafatlar almışam. Belə ki, Gənclər
və İdman Nazirliyi, Azərbaycan Qocyu-Ryu Okinava
karate-do və kobudo növləri üzrə Karate
Federasiyasının təşkil etdiyi yarışlarda I yerə
çıxmışam. 2011-ci ilin yayında Bakıda 30-a yaxın
ölkənin iştirakı ilə Qocyu-Ryu Okinava növü üzrə
13-14 yaşlı idmançılar arasında keçirilən dünya
çempionatında I yerə çıxaraq hər birimizə
müqəddəs olan üçrəngli dövlət bayrağımızı
zirvələrə qaldırmışam. Ən böyük arzum istənilən
beynəlxalq yarışlarda bayrağımızı zirvələrə
qaldırmaq və himnimizi səsləndirməkdir.
Vahid Məhərrəmovun qazandığı uğurlarda böyük
zəhməti olan təcrübəli məşqçi, karate üzrə
altıqat dünya və üçqat Avropa çempionu, 20 qızıl
və gümüş medal sahibi Ümid Əliyev yetirməsi
haqqında bu fikirdədir:
- Sevindirici haldır ki, Azərbaycan bu gün
beynəlxalq idman aləmində idman ölkəsi kimi
tanınır. İdmançılarımız çempion olanda,
üçrəngli bayrağımız dövlət himnimizin sədaları
altında zirvələrə qalxanda hər bir Azərbaycan
övladı kimi mən də qürur hissi keçirirəm.
Vahidin zaldakı digər idmançılardan fərqi
ondadır ki, onun çox güclü qavrama və götürmə
qabiliyyəti var. Məsələn, 2-3 il gələn
idmançıların o müddətdə götürdüklərini Vahid
5-6 ayda mənimsəmişdi. Onlara qalib gəlirdi.
Tatamidə onlarla sərbəst işləyirdi. Mən Vahidə
güvənirəm. Arzu edirəm ki, o, Avropa çempionu
olsun. Hər bir məşqçi kimi mən də yetirməmin
qələbəsinə sevinirəm. İnanıram ki, o, bütün
ümidləri doğruldacaq və üçrəngli bayrağımızı
beynəlxalq yarışlarda zirvələrə qaldıracaq.
Bu gün qarşımızda duran ən mühüm vəzifə uşaq və
yeniyetmələrin intellektual səviyyələrinin,
estetik, hüquqi tərbiyələrinin, bədii və texniki
yaradıcılıq qabiliyyətlərinin inkişaf
etdirilməsindən, dövlətçiliyə sədaqət, milli
mənəvi dəyərlərimizə dərin hörmət ruhunda
formalaşmasından ibarətdir. Sevindirici haldır
ki, bu gün Vahid kimi yetirmələrimiz
Azərbaycanın idman şərəfini qoruyaraq ölkəmizi
Avropa və dünya çempionatlarında layiqli təmsil
edirlər.
Bakıdakı 176 nömrəli tam orta məktəbin direktoru
Sairə Rəsulova:
- Son illərdə idman sahəsində qazanılan uğurlara
görə bütün idmançıları və idmansevərləri təbrik
edirəm. Ölkəmiz müstəqillik əldə etdikdən sonra
bütün sahələrdə olduğu kimi, idman sahəsində də
misilsiz uğurlar qazanılmışdır. Vahid haqqında
onu deyə bilərəm ki, o, təlim və tərbiyəsi ilə
seçilən, nümunəvi şagirddir. Məktəbdə keçirilən
tədbirlərdə həmişə fəallığı ilə seçilir. O,
idman yarışlarında və hərbi spartakiadalarda
xüsusi fəallıq göstərir. Vahid müəllimlərinin
məsləhətlərinə qulaq asan, tapşırıqlara əməl
edən bir şagird kimi özünü həmişə doğruldur. Ona
gələcək həyatında uğurlar arzulayırıq.
Rəşad ZİYADOV |