Tofiq
İsmayıl oğlu Hacıyev 1936-cı ildə Cəbrayıl
rayonunun Soltanlı kəndində anadan olub.
Soltanlı kənd orta məktəbini bitirib. 1953-cü
ildə Azərbaycan Dövlət Universitetinin
filologiya fakültəsinə qəbul olunub, 1958-ci
ildə oranı fərqlənmə diplomu ilə bitirib və
dilçilik ixtisası üzrə aspiranturaya qəbul
edilib. 1962-ci ilin martında "Azərbaycan
dilinin Cəbrayıl şivəsi" mövzusunda namizədlik,
1969-cu ildə "XX əsrin əvvəllərində Azərbaycan
ədəbi dili" mövzusunda doktorluq
dissertasiyalarını müdafiə edib. Onun "Sabir:
qaynaqlar və sələflər" (1980), "Şeirimiz,
nəsrimiz, ədəbi dilimiz" (1990), "Dədə Qorqud:
dilimiz, düşüncəmiz" (1999) kitabları işıq üzü
görüb. "Azərbaycan sovet ədəbiyyatı" (1988)
dərsliyinin ərsəyə gəlməsində həmmüəllif kimi
iştirak edib.
Eyni zamanda "Azərbaycan ədəbi dili tarixi"
(2-ci hissə, 1987) dərsliyinin, "Azərbaycan
ədəbi dili tarixi" (1976), "XX əsrin
əvvəllərində Azərbaycan ədəbi dili tarixi"
(1977), "Azərbaycan dili tarixi" (1983, Kamil
Vəliyevlə birgə), "Azərbaycan dili" (1993,
Zərifə Budaqova ilə birgə) kimi monoqrafiya və
dərs vəsaitlərinin müəllifidir. Klassiklərimizin
dili və üslubu ilə bağlı onlarca məqaləsi işıq
üzü görüb, "Satira dili" (1975), "Yazıçı dili və
ideya-bədii təhlil" (1979), "Molla Nəsrəddin"in
dili və üslubu" (1983), "Füzuli: dil
sənətkarlığı" (1994) kitabları çap olunub. Orta
məktəblər üçün "Türk dili" (IX sinif, 1994,
Əsgər Quliyev, Nizami Cəfərovla birgə), "Türk
dili" (X-XI siniflər, 1994, Nizami Cəfərovla
birgə) dərslikləri də nəşr edilib.
O,
mərhum professor Hadı Mirzəzadənin "Tarixi
Qrammatika" dərsliyini yenidən çapa
hazırlayarkən kitabda olmayan "Zərf" və "Ədat"
bəhslərini yazıb. Ümumiyyətlə, 20 kitabın, 400-dən
çox elmi məqalənin müəllifidir. Kadr hazırlığı
sahəsində də çox iş görüb, dil tarixi,
dialektologiya üzrə respublikamız və başqa türk
xalqları üçün xeyli sayda elmi işçi yetişdirib.
Kişinyov, Almatı, Düşənbə, Bişkek, Nukus, Nalçik
və başqa şəhərlərdə elmi konfrans və
simpoziumlarda dil tarixi və dialektologiyanın
aktual mövzularında məruzələr edib. Kayseri
(1990), Tehran (1992, 1995), Antalya (1993) və
Ankarada (1996) keçirilmiş elmi konfranslarda
məruzələr oxuyub.
Onun elmi yaradıcılığında "Kitabi-Dədə Qorqud"la
bağlı tədqiqatlar mühüm yer tutur. Tofiq
Hacıyevin Kamil Vəliyevlə 1975-ci və 1976-cı
illərdə Azərbaycan Dövlət Universitetində
respublika səviyyəsində təşkil etdikləri "Dədə
Qorqud"
seminarı Azərbaycan qorqudşünaslığında bir
dirçəliş yaratdı. Birinci seminarın materialları
ADU-nun "Elmi əsərləri"nin (dil və ədəbiyyat
seriyası) 1976-cı il 4-cü nömrəsində çap olunub
(ikinci seminarın materialları isə həmin
jurnalın müxtəlif nömrələrində dərc edilib). Bu
tədqiqat onun "Dədə Qorqud"la bağlı gələcək
axtarışlarında ilk addımı idi. "Azərbaycan ədəbi
dili tarixi" (1976) kitabında "Kitabi-Dədə
Qorqud"dakı hadisələrin, obrazların tarixi,
abidənin dili, poetikası, etnoqrafik
xüsusiyyətləri haqqında geniş təhlil verib.
Professor Tofiq Hacıyev ümumtəhsil məktəbləri
üçün proqram və dərsliklərin hazırlanmasında
təşkilatçı və müəllif kimi iştirak edib.
1993-cü ilin yayından payızına qədər Azərbaycan
Respublikasının xalq maarifi naziri işləyib. Bu
dövrdə orta ümumtəhsil məktəbləri üçün "Azərbaycan
dili" dərsliklərinin tərtibi və redaktəsində
səmərəli əmək sərf edib, müstəqil Azərbaycan
maarifinin inkişafı naminə bir sıra layihələrin
ideyasını irəli sürüb.
Lakin nazirliklərin yenidən birləşdirilməsi ilə
əlaqədar olaraq BDU-nun
türkologiya kafedrasına rəhbərliyə qayıdıb.
Atatürk adına Dil Qurumunun həqiqi üzvü seçilən
görkəmli professor Türkiyə Respublikasının "Ləyaqət"
ordeni ilə təltif olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir
üzvü, əməkdar elm xadimi Tofiq Hacıyev elmi-pedaqoji
yaradıcılığını bu gün də uğurla davam etdirir. |
|