Noyabrın
30-da 7 nömrəli Bakı Peşə Liseyində "Azərbaycan
Respublikası kənd təsərrüfatı sahəsində ilkin
peşə təhsilinin möhkəmləndirilməsi" Avropa
İttifaqı - Tvinninq Layihəsi üzrə Rəhbər
Komitənin birinci rüb üzrə fəaliyyətinin ilkin
hesabatının iclası kecirildi.
İclasda Təhsil Nazirliyi, Kənd Təsərrüfatı
Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Təhsil
Problemləri İnstitutu, Azərbaycan Dövlət Aqrar
Universiteti, Aqro İnformasiya Mərkəzi, Avropa
Təlim Fondu, "Azərsun" şirkəti və Almaniya
səfirliyinin nümayəndələri iştirak edirdi.
Təhsil Nazirliyinin Texniki peşə təhsili
şöbəsinin müdiri Namiq Məmmədov iclas
iştirakçılarını salamladı və Avropa İttifaqı -
Tvinninq Layihəsi üzrə Rəhbər Komitənin ilkin
hesabatını dinləməkdən və Sosial tərəfdaşların
iclasda iştirakından məmnun olduğunu bildirdi.
Hesabatdan sonra dinləyicilərə Almaniya və
Azərbaycan mütəxəssislərinin həyata keçirdiyi
işlərin irəliləyişinə köməklik məqsədilə öz
təkliflərini vermələrini tövsiyə etdi.
Almaniya hökumətini təmsil edən layihə rəhbəri
professor Herbert Ströbel Azərbaycanda peşə
təhsilinin hazırki vəziyyəti və perspektivdə
həll olunacaq məsələlər, gələcəkdə peşə
təhsilinin strukturu, kənd təsərrüfatı sahəsində
pilot məktəblərin seçilməsi, ixtisas
standartlarının və kurikulumların hazırlanması
üzrə konsepsiya sənədinin hazırlanması,
müəllimlərin təliminin planlaşdırılması və digər
məsələlər haqqında təqdimat etdi. Təqdimatdan
sonra geniş müzakirə aparıldı. Növbəti iclasa
qədər iştirakçılara yeni tapşırıqlar verildi.
Elxan CƏFƏROV,
Təhsil Problemləri İnstitutu İlkin
Peşə Təhsilinin İnkişaf Mərkəzinin koordinatoru,
aparıcı elmi işçisi
|